27 Aprel 2024

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

Bakının səbri yenə sınağa çəkilir; sülhün dəyərini anlamayan kapitulyant ölkəni daha ağrılı “dəmir qapaz” gözləyir…

Azərbaycan və Ermənistan liderləri arasında 4-cü, kritik Brüssel görüşündən 20 gün ötür. Bu müddət kifayət elədi ki, Nikol Paşinyan əldə edilmiş kövrək, lakin ümidverici razılaşmaları sıfırlasın. Üstəlik, sərhəddə böyük hərbi avantüraya getsin və nəticə etibarilə yenidən sərt şəkildə cəzalansın. Eyni zamanda sülh danışıqlarında İrəvanın nə dərəcədə etibarsız tərəfdaş olduğunu bütün dünyaya qabarıq formada nümayiş etdirsin.

Ancaq nə baş verir-versin, Ermənistanda hakimiyyət başına kim gəlir-gəlsin, İrəvan 10 noyabr 2020-ci il kapitulyasiya sənədinin bəndlərini bir-bir yerinə yetirməli olacaq. Əks halda, antiterror əməliyyatı artıq həm də Qarabağda qalmış qanunsuz separatçı dəstələrə qarşı həyata keçiriləcək.

Sonra. Zəngəzur dəhlizi yenə açılmayacaqsa, yeni Laçın yolu da qapadılacaq, yaxud sərhəddə, onun girişində Azərbaycan öz yoxlama-nəzarət postlarını qoyacaq. Yolun özü isə uzağı 2025-dək fəaliyyət göstərəcək, əgər ona qədər Zəngəzur dəhlizi işə düşməyəcəksə. Bu qədər bəsit bir məntiq.

İrəvan hökuməti həmçinin qulağında sırğa eləməlidir: ləngitdiyi sülh müqaviləsinin alternativi yeni müharibədir! Faktiki hərbi müttəfiqsiz qalmış Ermənistanın tam darmadağına gətirəcək müharibə! Odur ki, N.Paşinyan iqtidarı nə qədər gec deyil “iki stul siyasəti”nə, ikili oyunlara, sülhə bağlı demaqogiyaya son qoymalı, öz xalqı üçün xilas yolunu yalnız bölgədə axtarmalıdır, o yan-bu yana boylanmağa son qoymalıdır! Bütövlükdə 44 günlük müharibədən sonra ən böyük hərbi-texniki və canlı itkilərlə üzləşən Ermənistan başına gələndən düzgün dərs götürməlidir. Yox, avqust “Qisas” əməliyyatından sonra olduğu kimi yenə yanlış nəticə çıxarılacaqsa, demək, erməni toplumu daha böyük faciələri haqq edir.

Əsas götürülməli dərs isə budur: erməni xalqı qonşuları ilə təcili dil tapmaq, anlaşmaq əvəzinə gah Rusiya və İranın, gah da xristian Qərbin qucağına növbə ilə atıldıqca, öz xoşbəxtliyini qonşuluqda deyil, okeanın o tayında, Fransada, Rusiyada axtardıqca bəlaları bitməyəcək, “Ermənistan” adlı simvolik dövlətin varlığı isə daha böyük sual altına düşəcək. Bunu 12-13 sentyabr gecə toqquşmasına verilən beynəlxalq reaksiya da təsdiqləmiş oldu. Qısası, taleləri öz əllərində, vaxt isə gedir…    

*****

Blinken İlham Əliyevə ZƏNG ETDİ

Əfsus ki, kapitulyant ölkənin yeganə düzgün qərar verməsinə bəzi xarici güclər də əngəl yaradır. Söhbət ilk növbədə ATƏT-in Minsk Qrupunu israrla diriltməyə, “status” məsələsini gündəmə qaytarmağa çalışmaqla qızışdırıcı mövqe sərgiləyən ABŞ və Fransadan gedir. ABŞ Konqresi Nümayəndələr Palatasının spikeri, qatı ermənipərəst və Türk düşməni Nensi Pelosinin ötən həftəsonu İrəvana elədiyi səfər, heç şübhəsiz, eyni məqsədə – ədalətli sülhü uzaqlaşdırmağa xidmət edir, eyni zamanda erməni revanşitlərin çörəyinin üzərinə “yağ sürtmək” niyyəti güdürdü.

Gözlənildiyi kimi, Pelosi İrəvana ayaq basar-basmaz, fitnəkar anti-Azərbaycan bəyanatları verməyə başladı, həyasızcasına ölkəmizi Ermənistana qarşı aqressiyada ittiham elədi, ABŞ-ın Minsk Qrupu həmsədri olduğunu xüsusi qabartdı, hətta konqresdə Azərbaycan əleyhinə yeni sənəd layihəsi hazırladıqlarını bildirdi. Qısası, ABŞ Konqresi Nümayəndələr Palatasının spikeri kimi yox, Ermənistan parlamentinin spikeri kimi danışdı.

Amerikalı “demokrat” qarının İrəvandan sonra nə Bakıya, nə də Tiflisə baş çəkməməsi də ABŞ-ın hədəfində böyük sülh anlaşması, regional əməkdaşlıq yox, geosiyasi maraqların dayandığını başqa yandan təsdiqlədi. Digər yüksək çinli ABŞ rəsmilərinin (Minsk Qrupunun təzə amerikalı həmsədri Filip Riker, dövlət katibinin köməkçisi Karen Donfrid) bölgəyə az öncəki qalmaqallı səfərləri də eyni məqsədə xidmət edirdi. Onlar da Güney Qafqaza xoş məramla gəlməmişdilər…

*****

Əslində Pelosi İrəvanda kimin üçün ağlayırdı? – DETALLAR

Bu xüsusda diqqətçəkici mühüm məqamlardan biri də Pelosi İrəvanda ikən dövlət katibi Entoni Blinkenin Prezident İlham Əliyevə etdiyi gecə zəngi oldu. Dövlət Departamentinin telefon danışığı ilə bağlı rəsmi məlumatda belə bir cümlə yer alır: “Dövlət katibi Entoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevlə gecə saatlarında söhbəti zamanı Ermənistan-Azərbaycan sərhədində hərbi əməliyyatlardan və Ermənistan ərazisinin atəşə tutulmasından dərin narahatlığını bildirib. Blinken prezident Əliyevi hərbi əməliyyatlara son qoymağa çağırıb və ABŞ-ın Ermənistan və Azərbaycan arasında sülh yolu ilə nizamlanmasına çalışacağını vurğulayıb”.

Beləcə, Azərbaycan yenə əsassız şəkildə ittiham edilir. Nədənsə 30 illik işğal dövründə biz bir dəfə də olsun ABŞ rəsmilərinin dilindən Azərbaycanın haqlı tələbini dəstəkləyən bəyanat eşitmədik. Amma indi dişləri sındırılmış kapitulyant ölkə üçün kollektiv Qərb, az qala, kollektiv ağlaşma qurub.

Əlbəttə ki, Blinkenin də, Pelosinin də, Rikerin də, Donfridin də sülh çağırışları əsla sülhə xidmət eləmir, eləməyəcək. Çünki sülh üçün günahkar barmaqla göstərilməlidir. Amerika isə bunun tam əksini edir.

Məlumdur ki, Pelosi İrəvanda saxta soyqırımı abidəsi önündə guya kövrəlib. “Timsah göz yaşları” töküb (stop: heç ermənilərin özləri də həmin məkanda göz yaşları tökmürlər, çünki heç bir soyqırımın olmadığını hamıdan yaxşı bilirlər).

Hələ harasıdır, “Nensi nənə” İrəvanda ikən Bakının beynəlxalq axtarışa verdiyi cinayətkar separatçı ünsür, özünü sırtıqcasına “artsax”ın “xarici işlər naziri” adlandıran David Babayan ABŞ-da sülənirdi (dünən – sentyabrın 19-da onun konqresdə Azərbaycan dövləti əleyhinə çıxışı gözlənilirdi). Babayanı qandallayıb ölkəmizə təhvil vermək əvəzinə, ona viza verib bizim acığımıza ABŞ-a gətirmək, konqresi “murdarlamaq” əlbəttə ki, Azərbaycan xalqına xoş münasibətdən xəbər vermir. Tam tərsinə, Bakının növbəti “dəmir qapaz”ını zərurətə çevirir.

*****

İqor Korotçenko: “Hərbi-texniki üstünlük Azərbaycanın tərəfindədir”

İqor Korotçenko

“Nensi Pelosinin anlamalı olduğu əsas şey odur ki, Qarabağ Azərbaycandır! Və nə onun, nə də başqasının bunu dəyişməyə yönəlik səyləri alınmayacaq. Yox, Ermənistanı hücuma təhrik edəcəklərsə, onda “Dəmir yumruq” həmişəki kimi yerindədir. Bura sizə Tayvan deyil – ermənilərə dərhal reallığı başa salacaqlar”.

“Yeni Müsavat” xəbər verir ki, bunu tanınmış rusiyalı siyasi ekspert və məsləhətçi, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko öz Facebook səhifəsində yazıb.

Amma erməni tərəfi daha bir “dəmir qapaz”ı yeməyə də bilər, əgər başa düşsə ki, pelosilərin İrəvan, babayanların isə ABŞ səfərlərinin əsas hədəfi heç də erməni xalqının xoşbəxtliyi, rifahı deyil.

“Yaxşı, Paşinyanı ermənilər devirdi. Bəs sonra? Azərbaycanla üçüncü müharibəyə başlamağa çalışsalar, nəticədə yeni məğlubiyyət və Ermənistanın ən azı üçdə bir hissəsinin itirilməsi baş verəcək. Ya İrəvan Azərbaycan Prezidentİ İlham Əliyevin təklif etdiyi 5 prinsip əsasında sülh müqaviləsi imzalayacaq, ya da Ermənistan xaosa girəcək, dövlətçiliyini itirəcək və dünyanın siyasi xəritəsindən silinəcək”.

Bu sitat da İqor Korotçenkoya məxsusdur.

Sual da budur: ermənilər, nəhayət, qəflət yuxusundan ayılacaqlarmı? Hələlik bunun işartısı görünmür. Görünən budur ki, sülhün dəyərini anlamayan Ermənistan xarici havadarlarına boş ümidlər bəsləyə-bəsləyə daha ağrılı bir “dəmir qapaz”a və intihara doğru gedir… 

P. S. Yazı Nyu-Yorkda Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Blinkenin təşəbbüsü ilə baş tutmuş 3-tərəfli görüşündən əvvəl hazırlanıb. 

Siyasət şöbəsi,
“Yeni Müsavat”