18 Aprel 2024

“Pelosinin səfəri ucbatından hazırda Ermənistanın gələcək taleyi böyük təhlükə altına düşüb” – Elçin Xalidbəyli

“ABŞ Konqresinin aşağı palatasının spikeri Nensi Pelosinin Ermənistan səfərinə bir neçə istiqamətdən yanaşmaq olar. İlk növbədə isə ermənilərin “amerikalı nənə”sinin İrəvana bu müəmmalı gəlişindən siyasi cəhətdən faydalananları və ziyan çəkənləri müəyyən etmək çətin deyil. ABŞ-da noyabr ayında aralıq seçkilər keçiriləcəyini nəzərə aldıqda bu səfərdən N.Pelosinin təmsil etdiyi demokratların erməni diasporunun səsini qazandığı şübhə doğurmur. Və bu səfərdə əsas məqsədin elə erməni səslərinə hesablandığı da nəzərə çarpır”.

Bu sözləri SİTAT.İNFO-ya açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.

Onun sözlərinə görə, N.Pelosinin İrəvan səfəri Paşinyan hakimiyyətinin də siyasi maraqlarına tamamilə cavab verir: “ Çünki, Azərbaycan ordusunun növbəti “dəmir yumruq” zərbəsindən sonra Paşinyan hakimiyyəti artıq devrilmək təhlükə altında qalmışdı. Ancaq bu səfərdən sonra Paşinyan hakimiyyəti Ermənistanda öz siyasi mövqelərini müvəqqəti də olsa, möhkəmləndirə bildi. Yəni, Ağ Ev Kremlə mesaj verdi ki, Rusiyaya bağlı erməni müxalifətinin Paşinyan hakimiyyətini devirməsinə imkan vermək niyyətində deyil”.

E.Xalidbəyli bildirdi ki,  N.Pelosinin İrəvan səfəri məhz ən çox Ermənistanın əleyhinə işlədi: “Çünki, bu “küpəgirən qarı” öz səfəri və açıqlamaları ilə ilk növbədə Ermənistanın gələcək taleyinin böyük risk altına saldı.
Məsələ ondadır ki, Paşinyan hakimiyyəti istisna olmaqla, Ermənistanda hər şey demək olar ki, Rusiyanın nəzarəti altındadır. ABŞ-ın Ermənistana hərbi-siyasi cəhətdən yerləşmək mexanizmləri hazırda mövcud deyil. Və Kreml Ermənistanı belə asanlıqla, ABŞ-a verməz”. 

Siyasi şərhçi onu da qeyd etdi ki, hazırda Ermənistanda Rusiyanın hərbi bazası mövcuddur və Ermənistanın bütün sərhədlərini Rusiya qoşunları qoruyur: “Ermənistanın iqtisadiyyatı tamamilə Rusiya şirkətlərinin nəzarəti altındadır. Bunlardan başqa,Rusiyanın Ermənistanda daxili sabitliyi pozmaq üçün əlavə mexanizmləri də mövcuddur. Üstəlik, Kreml bu mexanizmləri artıq işə salmaq niyyətində olduğunu qətiyyən gizlətmir. Hər halda, Rusiyanın “Qazprom” şirkətinin Ermənistandan borcları ödəməyi tələb etməsi qətiyyən təsadüfi deyil. Yəqin ki, bunun ardınca Ermənistana satılan təbii qazın qiymətinin dünya bazarına uyğunlaşdırılmasına qərar verilə bilər. Yəni, Ermənistanın bu qışı enerji resurslarından məhrum keçirmə təhlükəsi artıq real görünür.
Təbii qaz ixracının dayandırılması və Kremlin atacağı digər iqtisadi-ticari addımlar Ermənistanda sosial böhranı dərinləşdirə və iğtişaşlara yol aça bilər”.

Xalidbəyli hesab edir ki, böyük ehtimalla Rusiya Ermənistana yerini göstərmək üçün rəsmi İrəvanı cəzalandırmaq niyyətindən o qədər də uzaq deyil: “Kremlin Paşinyan hakimiyyətindən narazılığı ABŞ kəşfiyyat şefinin – CİA direktoru Uilyam Börnsün İrəvana müəmmalı səfər edərək, baş nazir Nikol Paşinyan ilə bağlı qapılar arxasında görüşməsindən sonra ən yüksək həddə çatıb. Bu görüşdən sonra rəsmi İrəvan ardıcıl olaraq, Rusiyanın geopolitik maraqlarını cırmaqlamağa başlayıb. Son günlər Paşinyan hakimiyyətinin Rusiya və KTMT əleyhinə başlatdığı propoqanda Kremldə qıcıqla qarşılanır. Rusiya siyasi dairələrindən verilən açıqlamalar da bunu təsdiqləyir”.

Politoloq onu da əlavə etdi ki, N.Pelosinin İrəvana səfərindən sonra Rusiya-Ermənistan münasibətləri ümumiyyətlə, böhranlı mərhələyə keçib: “Paşinyan hakimiyyəti açıq-aşkar Rusiya əleyhinə bəyanatlar verməklə, ABŞ-ın ətəyindən yapışmağa çalışdığını biruzə verir. Yəni, Kreml Ermənistanın növbəti açıq xəyanəti ilə üzləşdiyini anlamağa başlayıb. Bu baxımdan, yaxın vaxtlarda Rusiyanın Ermənistana qarşı müəyyən qərarlar ala biləcəyi qətiyyən istisna deyil. Ümumiyyətlə, rəsmi İrəvan N.Pelosinin səfərinə bu qədər böyük önəm yükləmək cəhdi ilə ciddi geopolitik səhvlər buraxdı. Çünki, artıq sirr deyil ki, Ermənistanın ABŞ-a bəslədiyi ümidlər tamamilə mənasızdır. Rusiyanın hətta ən ağır şəraitdə belə, Ermənistanı ABŞ-a deyil, məhz Azərbaycan-Türkiyə İttifaqına güzəştə gedəcəyini anlamaq o qədər də çətin deyil. Bu baxımdan, N.Pelosinin səfəri ucbatından hazırda Ermənistanın gələcək taleyi böyük təhlükə altına salınıb”.

Ləman,

SİTAT.İNFO