27 İyul 2024

Azərbaycan-Konqo Münasibətləri yeni mərhələdə

Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso Azərbaycana rəsmi səfərə olub. Onun Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək və geniş tərkibdə görüşləri keçirilib. Prezidentlər görüşlərdən sonra mətbuata birgə bəyanatlarla çıxış ediblər.Səfər çərçivəsində prezidentlərin iştirakı ilə Azərbaycan-Konqo sənədlərinin imzalanması mərasimi olub. Prezident İlham Əliyev və Deni Sassu-Nqesso “Azərbaycan Respublikası və Konqo Respublikası arasında əməkdaşlıq haqqında Bəyannamə”ni imzalayıblar. Bundan başqa da sənədlər imzalanıb.

Prezident İlham Əliyev mətbuata birgə bəyanat zamanı deyib ki, imzalanan Bəyannamə çox önəmli və sanballı bir sənəddir. Vaxtilə sovet dövründə Konqodan olan tələbələr Azərbaycanda ali məktəblərdə təhsil almışlar, bundan sonrada Konqodan olan tələbələrin Azərbaycanda təhsil alması üçün müvafiq şərait yaradılacaqdır.

Dövlət başçısı qeyd edib ki, bu sənəd ölkələr arasındakı əməkdaşlığın perspektivlərini müəyyən edəcək. Biz bundan sonra da beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək əsasında qarşılıqlı fəaliyyətimizi davam etdirəcəyik, xüsusilə BMT-də və Qoşulmama Hərəkatı çərçivəsində. Qoşulmama Hərəkatına bu ilin yanvar ayına qədər dörd il uğurla sədrlik etmiş Azərbaycan Konqonun dəstəyini hər zaman hiss edib. Bizim təşəbbüslərimizə Konqo hər zaman öz dəstəyini verib və bunun nəticəsində sədrliyimiz dövründə Qoşulmama Hərəkatının institusional inkişafı da təmin edilib”, – deyə İlham Əliyev bildirib. Göründüyü kimi, Konqo prezidentinin Azərbaycana ilk səfəri Bakının Qoşulmama Hərəkatı çərçivəsində uğurlu fəaliyyətinin nəticəsidir. Bununla da Azərbaycanın dünyanın müxtəlif bölgələri, o cümlədən də Afrika qitəsi ölkələri ilə əlaqələri inkişaf edir.

Qeyd edək ki, Azərbaycanın kolonializmə qarşı mübarizəsi, Bakı Təşəbbüs Qrupunun yaradılması Afrika qitəsi ölkələri tərəfindən olduqca müsbət qarşılanır və dəstəklənir. Hətta Fransanın ənənəvi aktiv olduğu Afrika regionunda da Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı artır.

Canpolad Yusifov

YAP Ağstafa rayon təşkilatının sədr müavini