27 May 2024

Əlaqələrimiz uğurla inkişaf etdirilir

Son dövrün hadisələrinə nəzər salsaq görərik ki, Azərbaycanın dünya birliyindəki əlaqələri daha da genişlənir, mövqeyi möhkəmlənir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkəmiz bütün beynəlxalq qurumlarla açıq, konstruktiv, bərabərhüquqlu əməkdaşlığa üstünlük verib. Azərbaycan Prezidenti İlham Əliyevin 20 illik rəhbərliyi dövründə bu istiqamətdə uğurlu və ardıcıl addımlar atılıb. Məhz bunun nəticəsidir ki, ötən illər ərzində Azərbaycan, demək olar ki, bütün beynəlxalq və regional qurumlarda təmsil olunur.

Azərbaycan regionda yeni əməkdaşlıq formatlarının əsas təşəbbüskarı kimi çıxış edir və dövlətimizin başçısının bütün səyləri regionun inkişafına, sabitliyin qorunub saxlanılmasına yönəlib. Dünya dövlətləri ilə qurduğu əlaqələr əmkdaşlığın daha da dərinləşməsinə töhfəsini verir.

Aprelin 4-də Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun ölkəmizə səfəri Azərbaycanın dünya dövlətləri ilə əməkdaşlığının daha bir göstəricisidir. Vurğulayaq ki, Azərbaycan Respublikası və Konqo Demokratik Respublikası arasında diplomatik əlaqələr 23 sentyabr 2011-ci ildə Nyu-Yorkda imzalanmış “Azərbaycan Respublikası və Konqo Demokratik Respublikası arasında diplomatik əlaqələrin yaradılması haqqında Birgə Kommünike” əsasında qurulmuşdur.

Bu gün Azərbaycan ilə Konqo Respublikası arasında siyasi, sosial-iqtisadi, hərbi və digər sahələrdə ikitərəfli diplomatik münasibətlər mövcuddur. Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin və Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun iştirakı ilə Azərbaycan-Konqo sənədlərinin imzalanması mövcud münasibətlərin davamlığına əsaslanır. Belə ki, hər iki dövlətin prezidentləri tərəfindən “Azərbaycan Respublikası və Konqo Respublikası arasında əməkdaşlıq haqqında Bəyannamə” imzalanıbdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso mətbuata bəyanatlarla çıxışlarında dövlət başçımız əməkdaşlıq haqqında imzalanan Bəyannamənin çox önəmli və sanballı bir sənəd olduğunu bildirib və bunun əməkdaşlığı perspektivlərini müəyyən edəcəyini diqqətə çəkib.

“Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Konqo Milli Neft Şirkəti arasında təlim haqqında Anlaşma Memorandumu”nun, “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Konqo Milli Neft Şirkəti arasında “Congolaise de Raffinage” neft emalı zavodunun təkmilləşdirilməsi və genişləndirilməsi haqqında Şərtlər Razılığı”nın, “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Konqo Respublikasının Ətraf Mühit, Davamlı İnkişaf və Konqo Hövzəsi Nazirliyi arasında ətraf mühit, təbii sərvətlərin davamlı idarə olunması və iqlim dəyişmələri üzrə əməkdaşlıq sahəsində Niyyət Protokolu”nun imzalanması bu və digər sahələrdə əməkdaşlığın şaxələndirilməsində mühüm sənədlərdir.Səfər çərçivəsində eyni zamanda, təhsil, mədəniyyət və digər sahələrdəki əməkdaşlıq imkanlarını da müzakirə edilib.

Tağı İmamverdiyev

YAP Ağstafa rayon təşkilatının əməkdaşı