“Daşnaksutyun” siyasətin təzahürü
Ermənistanın Azərbaycana qarşı 200 ildən çox davam edən düşmənçilik və etnik dözümsüzlük siyasətidir. Bu siyasət ermənilərin hələ XIX əsrin 20-ci illərində çar Rusiyasının qərarı ilə Qarabağa köçürüldükləri ilk günlərdən başlayaraq indiyədək davam etdirilir. Belə ki, ermənilər tarixi torpaqlarımızda məskunlaşdıqları dövrdən etibarən Azərbaycan toponimlərini dəyişməyə başlamış, münbit əraziləri ələ keçirməyə çalışmış və əksəriyyət təşkil etdikləri yaşayış məntəqələrində azərbaycanlıları sıxışdırmışlar. Yeri gəlmişkən, ermənilərin bu aqressiv siyasəti təkcə azərbaycanlılara qarşı deyil, bütün yerli xalqlara qarşı münasibətdə özünü aşkar büruzə verir. Ermənistanın ifrat millətçilik və işğalçılıq siyasəti Rusiyada bolşeviklər hakimiyyətə gəldikdən sonra daha da aqressivləşib.
Rusiya inqilablarının yaratdığı şəraitdən sui-istifadə edərək erməni qəsbkarları 1905-1907-ci və 1918-ci illərdə yüz minlərlə soydaşımızı vəhşicəsinə qətlə yetirmişlər. 1918-1920-ci illər isə xalqımızın yaddaşında erməni silahlı quldur dəstələrinin xüsusi qəddarlığı ilə yadda qalmışdır. Həmin illərdə İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Tiflisdə, Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda, Göyçayda on minlərlə dinc azərbaycanlı əhali soyqırımına məruz qalmış, yaşadıqları yerlərdən qovulmuş, onlara işgəncələr verilmiş, yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edilmişdir. Artıq SSRİ dönəmində, 1948-1953-cü illərdə Ermənistandakı öz tarixi dədə-baba torpaqlarından 150 min azərbaycanlı deportasiya olunaraq Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilmişdir. Nəhayətn sovet imperiyasının son dövrünə təsadüf edən 1988-ci ildə daha 250 min azərbaycanlı tarixən yaşadığı doğma yurd-yuvalarından qovulmuş, bununla da Ermənistan monoetnik dövlətə çevrilmişdir. 1988-ci ildə başlayan Qarabağ hadisələri, erməni ideoloqlarının “dənizdən dənizə Ermənistan” adlı sərsəm ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnmişdir.
Ümummilli lider Heydər Əliyev 31 mart – “Azərbaycanlıların Soyqırımı Günü” ilə əlaqədar deyib: “Xalqımıza qarşı törədilmiş soyqırımı haqqında həqiqətləri real faktlar, dəlillər əsasında dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırmaq, saxta erməni təbliğatı nəticəsində formalaşmış yalan təsəvvürləri dəyişdirmək, ona hüquqi-siyasi qiymət verdirmək nə qədər çətin olsa da, şərəfli və müqəddəs bir iş kimi bu gün də, gələcəkdə də davam etdirilməlidir. Bu, soyqırımı qurbanlarınınxatirəsi qarşısında indiki nəslin müqəddəs borcudur”.
Yunis Eyyubov
YAP Ağstafa rayon təşkilatının əməkdaşı