25 Aprel 2024

Tarixi yaddaşımızdan silinməyən soyqırımı

 Erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirmişlər. Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır.  Minlərlə dinc azərbaycanlı yalnız milli mənsubiyyətinə görə qətlə yetirilib. 1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Ümummilli Lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Fərmanı  ilə  31 Martın Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması həqiqətlərimizin təbliğində, erməni yalanlarının ifşasında, dünyaya ədalət, beynəlxalq hüquq məfhumlarının xatırladılmasında mühüm addım oldu.

Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra xüsusi diqqət göstərdiyi istiqamətlərdən biri Azərbaycanın ətrafında yaradılan informasiya blokadasının yarılması, həqiqətlərimizin əsaslı şəkildə dünya ictimaiyyətinə çatdırılması oldu. Ilk görüşünün ziyalılarla olması da bu kimi çağırışlara işıq saldı. Ümummilli Lider həmin görüşündə tarixin saxtalaşdırılmasına yol verilməməsini qarşıya əsas hədəf kimi qoymuşdur.

Ulu Öndərin 26 mart 1998-ci il tarixli Fərmanında da qeyd edilmişdir ki,  Azərbaycanın  XIX-XX  əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı  düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Bu hadisələrin yalnız birinə – 1918-ci il mart soyqırımına siyasi qiymət vermək cəhdi göstərilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir.

Tarix faktlara əsaslanır, heç zaman saxtakarlığı sevmir. Ermənilər tarixi saxtalaşdırıb özlərinə saxta tarix yazmaqla bu yalanlarını həqiqət kimi qəbul etdirəcəklərini düşünsələr də 44 günlük İkinci Qarabağ müharibəsi onların illərdir yaratdıqları bütün mifləri dağıtdı. Ermənilərin əsl siması dünyaya bəlli olmaqla yanaşı, əksər güclər ədalət və beynəlxalq hüququn mövcudluğunu qəbul etmək məcburiyyətində qaldılar.

Azərbaycan xalqı tarixinə sahib çıxan, keçmişini unutmayan, bu günü ilə qürur duyub gələcəyə inamla addımlayan xalq kimi tanınıb və tanınır. Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi, həmçinin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncamın imzalanması tariximizin hər bir səhifəsinə ətraflı  diqqət yönəltməyə geniş imkanlar yaratmışdır. Təbii ki, informasiya mübarizəsi bütün dövrlər üçün aktualdır. Azərbaycan bu gün də şanlı Zəfərinin reallıqları fonunda tarixi faktlara, real həqiqətlərə əsaslanan siyasətini uğurla davam etdirir.

Tarixi ədalət öz sözünü deməkdə davam edir. Ötən ilin sentyabrında Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdikləri bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa edildi. Bu il XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımının 32-ci ildönümünü Xocalı şəhərində qeyd etdik. Dövlət başçısı İlham Əliyev fevralın 26-da    Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının təməlini qoyduqdan sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bir daha bu çağırışı etdi ki, Xocalı soyqırımı  heç vaxt xalqımızın yaddaşından silinməyəcək. Heç vaxt Azərbaycan xalqı bu qanlı cinayəti unutmayacaq. Otuz iki il bundan əvvəl Ermənistan dövləti bu qanlı faciəni törədərək günahsız insanları qətlə yetirmişdir. Cənab İlham Əliyev böyük qürur hissi ilə qeyd etdi ki, bu gün biz buradayıq, burada olmağımız tarixi ədalətin tam bərpası deməkdir. Xocalı bu gün qurulur. Bütün digər ərazilərdə quruculuq işləri aparılır və bu gün burada Xocalı Soyqırımı Memorialının təməli qoyuldu. Xocalı qurbanlarının  ruhu şaddır.

Etibar Hacıyev

YAP Ağstafa rayon təşkilatının sədri