12 May 2024

Zərifə xanım Əliyeva daim ehtiramla xatırlanacaq

Elə insanlar var ki, onların ömürünün başlanğıcı olur, sonu əbədiyyətə bağlıdı. Onlar milyonların düşüncələrində, xatirələrində, tarixdə sədaqətlə yaşadılır. Onlara tarixi şəxsiyyət deyirik; fəaliyyəti, təfəkkürü, sevgisi, insanlara qayğısı Vətənə ad olan belə insanların ömürünün işığı milyonların ömüründədi…

Akademik Zərifə xanım Əliyevadan söz düşəndə onu tanıyanlar, onu tanıyanların söhbətləriylə, xatirələriylə tanıyanlar həmişə bu ad-soyadın qarşısında birmənalı şəkildə “gözəl insan” ifadəsini də deyir. Zərifə xanım Əliyeva 1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Şahtaxtı kəndində böyük dövlət xadimi Əziz Əliyevin ailəsində anadan olub. Həkim olmaq istəyib. Bu istəklə oxuyub, öyrənib. Orta məktəbi 1942-ci ildə bitirib, Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. İnstitutu 1947-ci ildə əla qiymətlərlə bitirib.

Oftalmologiya elminə böyük töhfələr vermiş akademik Zərifə xanım Əliyevanın zəngin elmi irsi və tibb elmi qarşısında xidmətləri çox zəngindir.

Görkəmli akademik Zərifə xanım Əliyeva gənc həkimlərin tərbiyəsinə, onların peşə fəaliyyəti ilə bağlı problemlərinin öyrənilməsinə və həllinə xeyli zəhmət sərf etmişdir. Onun çoxsaylı məqalələri, çıxışları məhz bu məsələyə həsr olunmuş, «Yüksək etimad» kitabı isə cəmiyyətdə həkimin şəxsiyyət kimi formalaşması prosesinə dəyərli töhfə vermişdir. Zərifə xanım Əliyeva səhiyyədə kadr hazırlığına və həkimlərin ixtisasının təkmilləşdirilməsinə gərgin əmək sərf etmişdir.

Zərifə xanım Əliyeva üçün xeyirxahlıq hər zaman həyat tərzi olub. Azərbaycan xanımına xas olan keyfiyyətləri özündə birləşdirən Zərifə xanım bütün situasiyalarda Ulu Öndərimiz Heydər Əliyevə dəstək olub.

Azərbaycan qadınlarına xas olan ləyaqətli, şərəfli bir ömür yaşamış görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın nurlu xatirəsi qədirbilən xalqımız tərəfindən hörmətlə anılır.

Yunis Eyyubov

YAP Ağstafa rayon təşkilatının əməkdaşı