08 Noyabr 2024

Ukrayna Krımı bombalayır – 2024-dəki əsas hədəf…

İlhaq edilən yarımada müntəzəm vurulur, dəmiryol dağıdılıb, dron zərbələri ara vermir; Rusiyanın atəş altında olan Belqorod şəhərindən isə təxliyə başlanıb – Zelenski əsas məqsədi açıqladı

Gələn ay Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəyə başlamasının ikinci ili tamamlanacaq. Bir sıra təhlilçilərə görə, 2024-cü il münaqişə ilə bağlı çox mühüm, hətta həlledici gəlişmələrlə yadda qala bilər. Kimin xeyrinə? Hələlik bu xüsusda konkretlik yoxdur. Bir şey aydındır ki, hər iki tərəf ötən iki ildə buraxılan səhvlərdən dərs çıxarıb üstün mövqe qazanmağa çalışacaq. Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Silahlı Qüvvələrin 2024-cü ildə əsas məqsədi Krımın təcridi olacaq. 

Onun sözlərinə görə, bu, Ukrayna tərəfi üçün, o cümlədən Rusiyanın Krım ərazisindən hücumlarının sayını azaltmaq üçün son dərəcə vacibdir. Zelenski “The Economist”ə müsahibəsində Ukrayna Silahlı Qüvvələrinin bu və ya digər hədəflərinə çatması üçün vaxt çərçivəsini açıqlamayıb. Nəşrin qeyd etdiyi kimi, Ukrayna prezidenti ərazi məsələləri ilə bağlı daha vaxt çərçivəsi müəyyən etmir və heç bir vəd vermir. Aprel ayında Zelenski Ukrayna ordusunun əks-hücum əməliyyatı çərçivəsində “Rusiya qüvvələrini dəf etmək, həmçinin Krım yarımadasını nəzarətə qaytarmaq” planlarından danışmışdı.

Bu arada ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib ki, ABŞ 2024-də (seçki ilində) Ukraynanı əvvəlki 2 ildəki kimi dəstəkləməyəcək. “Biz Ukraynanı lazım olduğu müddətcə dəstəkləməyə davam edəcəyik. Lakin bu o demək deyil ki, biz onları 2022 və 2023-cü illərdə olduğu kimi hərbi maliyyələşdirmə səviyyəsində dəstəkləməyə davam edəcəyik”, – Miller qeyd edib. ABŞ-dan maliyyə dəstəyinin zəifləməsi Ukrayna ordusunun döyüş qabiliyyəti və ruhuna necə təsir edə bilər? Yaranmış boşluğu Avropa Birliyi ölkələri, özəlliklə Almaniya, Fransa doldura biləcəkmi? Onu da qeyd edək ki, Ukrayna hərbçilərinin təlimində 30-dan çox ölkə iştirak edir. Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Doktrinalar və Hazırlıq Baş İdarəsinin rəisi Aleksey Taran bildirib. “Hazırda 34 ölkədən ibarət tərəfdaş koalisiyası Ukrayna Silahlı Qüvvələrinin şəxsi heyəti üçün xaricdə təlim tədbirlərinin təşkilində iştirak edir. Bunlar ABŞ, Böyük Britaniya, AB ölkələrinin əksəriyyəti, Kanada, Norveç, Avstraliya, Kosova, Şimali Makedoniya, Gürcüstan, Moldova və Albaniyadır”, – o qeyd edib.

Bu arada, Rusiyanın Belqorod şəhərində dinc əhali təxliyə edilir. Müvəqqəti olaraq şəhəri tərk etmək qərarına gələn Belqorod sakinlərinə həm vilayətin öz ərazisində, həm də qonşu bölgələrdə təşkil edilmiş müvəqqəti yaşayış mərkəzlərinə köçməyə kömək edilir. Belqorod vilayətinin Starıy Oskol şəhər dairə administrasiyasının rəhbəri Andrey Çesnokov məlumat verib. Onun sözlərinə görə, 100-dən çox insan müvəqqəti yerləşdirmə mərkəzlərinə yerləşdirilib. Yanvarın 5-də Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov şəhəri tərk etmək istəyənlərin təhlükəsiz yerlərə köçürüləcəyini demişdi. 

Rusiya ordusu isə Primorsko-Axtarsk bölgəsindən Ukraynaya 28 PUA ilə hücum edib. Yanvarın 7-də olan əsas xəbər ondan ibarət idi ki, Ukrayna Silahlı Qüvvələri Rusiyanı Krım yarımadası ilə birləşdirən dəmiryolunu dağıdıb. Ukraynanın Mariupol şəhəri merinin müşaviri Pyotr Andryuşenko teleqramda yazıb. O bildirib ki, Ukrayna ordusu Qranitnoye kəndi ərazisinə məqsədyönlü və dəqiq zərbələr endirib. Məlumata görə, ərazidəki yanacaq çənləri də hədəf alınıb. Ukrayna son günlər Krım yarımadasına müntəzəm zərbələr endirir. Dron zərbələri də ara vermir və son əməliyyatda 23 rus hərbçi həlak olub. Zelenski Qərb dövlətlərini Ukraynaya genişmiqyaslı işğalın başlamasından sonra dondurulmuş Rusiyanın xaricdəki təxminən 300 milyard dollar aktivini ölkəsinə verməyə çağırıb. Zelenskinin fikrincə, bu, Rusiyanın təcavüz üçün ödəyəcəyi ədalətli bədəl olardı. “Financial Times” qəzeti yazıb ki, Qərb ölkələri Rusiyanın dondurulmuş aktivlərini Ukraynanın xeyrinə müsadirə etməyin yollarını fəal şəkildə araşdırır. Son həftələrdə ABŞ-ın dondurulmuş Rusiya aktivlərinin müsadirəsi ilə bağlı özəl danışıqlarda daha iddialı mövqe tutduğu deyilir. G7 iclaslarında ABŞ tələb edir ki, aktivlərin müsadirəsi üçün “beynəlxalq hüquqa uyğun” bir yol var. 

Elxan Şahinoğlu: "Ermənilər növbəti kapitulyasiya sənədinə..."

 Elxan Şahinoğlu

Politoloq Elxan Şahinoğlunun sözlərinə görə, Rusiya BMT Təhlükəsizlik Şurasında Qərbin Ukrayaya hərbi texnika göndərməsi mövzusunu müzakirəyə çıxarmaq istəyir: “Müzakirələrin yanvarın 22-də keçirilməsi planlaşdırılır. Qəribə məntiqdir, Ukrayna ərazisinə müdaxilə et və sonra dünyadan tələb et ki, ”Ukraynaya hərbi texnika göndərməyin”. Kreml Ukraynaya hərbi texnika göndərən ölkələrə həm də demək istəyir ki, “işğalı bitirməyə imkan verin”. Rusiyanın özü Ukrayna şəhərlərini bombalamaq üçün İran və Şimali Koreyadan aldığı raketlərdən istifadə edir. Aydındır ki, BMT Təhlükəsizlik Şurasında Ukrayna əleyhinə qətnamənin qəbulu mümkün deyil. Kremlin məqsədi fərqlidir. Rusiya BMT-də irəli sürdüyü sənədə səsvermə keçirməklə iki məqsəd güdür. Kremlin birinci məqsədi işğalçı müharibədə “haqlı” olduğunu göstərmək, ikinci məqsədi BMT üzvləri arasında müharibəylə bağlı öz xeyrinə fikir ixtilafını dərinləşdirməkdir”.

Oxu.az - Ramiyə Məmmədova: “Türkiyə seçicisi başa düşür ki, Ərdoğan  xarizmatik liderdir”

Ramiyə Məmmədova

Siyasi şərhçi Ramiyə Məmmədova isə hesab edir ki, 2024-də müharibə davam edəcək və 2025-ci ilə keçidi də istisna deyil: “Bu müharibəyə iki ölkənin Donbas savaşı kimi baxmağın tərəfdarı deyiləm. Çünki qlobal bir döyüşdür. Biz ekonomik və strateji toqquşmanın şahidiyik. Kimin resursları neçə ilə nə qədər zəifləyəcək, bunun mübarizəsi gedir. Ruslar Şimali Koreyanın ballistik raketlərini almağa başlayıblar, İran dronlarından istifadə edirlər. Kollektiv Qərb isə üçüncü nəsil silahları Kiyevə veriblər, onlar üçün köhnə sayılır, müasir silahların istehsalını sürətləndirəcəklər. Yəni məsələyə belə baxmaq lazımdır. Eyni zamanda, iqtisadi cəhətdən kim daha çox tab gətirəcək. Burada Avropa Birliyinin Birləşmiş Ştatlardan asılılığının artmasını da müşahidə etməkdəyik. Ona görə də kifayət qədər mürəkkəb geopolitik müharibədə Zelenski yarıyolda qoyulmayacaq. Ola bilsin ki, yardımlar zəifləsin, amma veriləcək. Sadəcə, bu gedişlə əməliyyatlar sönük, lokal xarakterli müstəviyə keçid edə bilər, lakin dayanmayacaq”.  

Emil SALAMOĞLU,
“Yeni Müsavat”