Xalqımıza qarşı törədilmiş qanlı faciə
31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. Bu soyqırımı Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür. Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir.
Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilmişdir. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılır, təhrif edilmiş hadisələr özünün əsl qiymətini alır.
Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almamış soyqırımı da tarixin açılmamış səhifələrindən biridir.
1813-cü və 1828-ci illərdə imzalanan Gülüstan və Türkmənçay müqavilələri Azərbaycan xalqının parçalanmasının, tarixi torpaqlarımızın bölünməsinin əsasını qoydu. Azərbaycan xalqının bu milli faciəsinin davamı kimi onun torpaqlarının zəbti başlandı. Qısa bir müddətdə bu siyasət gerçəkləşdirilərək ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirildi. Soyqırımı Azərbaycan torpaqlarının işğalının ayrılmaz bir hissəsinə çevrildi.
Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqlarla həyata keçirilmişdir. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilmiş, kəndlər yandırılmış, milli mədəniyyət abidələri dağıdılıb məhv edilmişdir.
1918-ci ilin mart-aprel aylarında Bakıda, Şamaxıda, Qubada, Muğanda və Lənkəranda ermənilər azərbaycanlıları qətlə yetirmiş, evlər qarət edilmiş, on minlərlə şəxs evlərindən qovulmuşdur. Erməni daşnakları və onların havadarlarının silahlı dəstələri tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırımı nəticəsində on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmişdir.
Kinimizi diri tutmalıyıq ki xalqımız düşmanını bilsin xalqımıza uzanan əlləri qırmağı bacaraq. Daim xalqını düşünənUlu Öndər Heydər Əliyev xalqın öz keçmişini daim yad etməsi üçün 31mart soyqırımına siyasi status verdi və bu tarixi anım günü kimi əbədiləşdirdi.
Canpolad Yusifov
YAP Ağstafa rayon təşkilatının sədr müavini