27 İyul 2024

Ümummilli liderlə 4 görüş aqronom alim Məhəmməd Şirinovun xatirəsində

Rəngarəng çalarları ilə təbiəti bəzəyən yazın daha da təravətləndiyi may ayı təkcə insanların qəlbinə xoş ovqat bəxş etməsi ilə deyil, həm də tarixi,ədalətli bir anın zəruriliyi ilə yadda qalan və əzizdir.

Bütövlükdə ilin ən xoş günlərindən birinin- mayın 10-nun bütün azərbaycanlıların qəlbində əziz təqvim kimi yaşaması,həmin yaşantının bizə bəxş etdiyi sevinc bəlkə də may günəşinin gətirdiyi gül-çiçək yağışından da gözəl və təsirlidir.Bu günü bizə doğma və isti edən təkcə bahar çiçəklərinin təravəti,yaz günəşinin hərarəti deyildir.Həmin gündə xalqımızın böyük oğlu Heydər Əliyev dünyaya gəlib və bu səbəbdən bizim həmin təqvimi Tanrının xoş günü adlandırmağa çox böyük haqqımız var.

Qeyd etmək istəyirəm ki, Heydər Əliyev haqqında söz deməyin,fikir yürütməyin , yazmağın çətinliyi və məsuliyyəti çox böyükdür və Heydər Əliyev haqqında düşüncələri tarixi müstəviyə çəkmək,onun böyüklüyünü tarixi kontekistdə araşdırmaq və qavramaq böyük öndərin  şəxsiyyətinə obyektiv yanaşma olardı. Çünki o, yalnız dünənin və bu günün adamı deyildir. O, həm də öz ideyaları ilə sabaha boylanan, sabahın yaşamını cızan , sabahı quran bir insandır.Ona görə də mən möhtərəm prezidentimiz İlham Əliyevin “ Heydər Əliyev Müasir Azərbaycanın memarıdır” kəlamını ulu öndərin həyat və fəaliyyətinə,tarixi işlərinə verilən samballı qiymət hesab edirəm.

Mən istərdim ki, Ulu öndərimiz Heydər Əliyevlə bağlı olan,öz həyatımın bəzi məqamlarından ibarət  xatirələrə toxunum. Onun uzaqgörən siyasəti nəticəsində keçmiş SSRİ hökuməti dövründə 1980-ci ildən başlayaraq hər il Rusiyanın ən nüfuzlu ali məktəblərinə 800-1000 nəfər tələbələr oxumağa gedirdilər.Onlar oxuyub qurtardıqdan sonra qazandıqları bilik potensialını götürüb Azərbaycana gətirdilər.Mən də 1980-ci ildə bu xoşbəxtliyi yaşayanlardan biriyəm .

Rəhmətlik Uluöndərin diqqət və qayğısı ilə Qəhrəman Volqaqrad şəhərində Kənd təsərrüfatı akademiyasını bitirmişəm. Alim aqronom ixtisası almışam.

Həyatımın ən maraqlı bir anını bölüşmək yerinə düşərdi.Əslində mən Heydər Əliyev kimi dahi bir şəxsiyyətlə bir neçə dəfə görüşmüşəm.Amma ən maraqlısı 1987-ci ilin mart ayının 15-18 tarixi olub.Həmin vaxt mən sovxozun partkomu işləyirdim.Partiya fəalı kimi məni də görüşə dəvət etmişdilər.Gözlərimlə gördüklərimi xatırlayıram.

Ulu öndər ilk dəfə Dzerjinski adına traktor zavoduna getdi. Orada “Volqa” adlı traktor buraxılacaqdı.Traktorda təlimatçı oturmuşdu.Ulu öndər traktora əyləşdi və təlimatçı traktoru o baş, bu başa sürərək texnikanı nümayiş etdirirdi.Traktor dayanandan sonra rəhmətlik Ulu öndər kabinadan düşdü.Və gülə-gülə dedi ki, “ da zdorovo”,yəni çox əladı.

Ondan sonra Ulu öndər yetimxanaya getdi.Orada atasız əfqan uşaqlarını saxlayırdılar.Onlarla görüşdü, problemləri ilə maraqlandı.  Və axırda dedi ki, kimin mənə sözü var.12-14 yaşlarında olan əfqanıstanlı bir qız dedi ki, Siz bilmirsiniz Nəcibulla ( Nəcibulla o vaxt Əfqanıstanın prezidenti idi)nə vaxt gələcək? Ulu öndər çox ümidverici dedi ki, qızım, yaxın vaxtlarda gələcək.

Bundan sonra Heydər Əliyev Volqaqrad kolxoz bazarındakı azərbaycanlılarla görüşdü, problemləri ilə maraqlandı.Oradan birbaşa Politexnik İnstitutuna gələrək azərbaycanlı tələbələrlə görüşdü. Tələbələrdən yaşayışları, çətinliklərini soruşurdu.

Və yekunda Mədəniyyət sarayında partiya fəallarının iclası oldu. Çıxış edənlərdən biri də mən oldum.Dördüncü mənə söz verildi. Çıxışımı bu cümlə ilə başladım.

Yoldaşlar! On beş Sovet Sosialist Respublikaları içərisində  bir 15 bayraqlı respublika var. O, mənim doğma Azərbaycanımdı.

Hamı əl çaldı,alqışladılar və hamı ayağa qalxdı.O anlarda qürur və fəxr hissləri yaşamamaq mümkün deyildi. Zaldakılar alqışlardan sonra əyləşdilər. Bir neçə dəqiqəlik çıxışımı bitirdim.Ulu öndər Vilayət Partiya komitəsininin birinci katibinə demişdi ki, bizə gələcəkdə milli kadr lazım olacaq . Odur ki, bu gənci Ali Partiya məktəbinə göndərin.

Elə də oldu. Məni Saratov Ali Partiya məktəbinə qiyabi təhsil almağa göndərdilər.

Bundan əvvəl Heydər Əliyevlə  mənim birinci  görüşüm Rusiyaya təhsil almağa gedərkən 1980-ci ildə indiki Heydər Əliyev adına sarayda olmuşdu. Ulu öndər şəxsən bizə qovluq, köynək, qalsyuk və yol pulu təqdim etdi.

Ümummilli liderin 1998-ci ilin avqustunda Rusiyada təhsil almış məzunlarla növbəti belə görüşü oldu. Çox xoşbəxtəm ki, həmin görüşdə mən də iştirak edirdim.

Sonuncu dəfə ümummilli liderlə seçkibağı görüşlərdən birində Bərdə şəhərində görüşə bildik. Bütün bunları həyatımın ən şirin xatirələri kimi xoş duyğularla yada salıram. Hər dəfə də dahi şəxsiyyətimiz ümummilli lideririmiz Heydər Əliyevə məhəbbətim bir az da artır. Əminliklə deyə bilərəm ki, hər bir azərbaycanlı Heydər Əliyev irsinə məhz mənim kimi sevgi və ehtiram duyğuları ilə bağlanıb.Bir sözlə Xalq Heydər Əliyev birliyi daimidir,əbədidir.

Məhəmməd Şirinov- Elm və Təhsil Nazirliyi Genetik Ehtiyyatlar İnstitunun Qarabağ Elmi Tədqiqat Bazasının direktoru