15 May 2024

Bakıya sanksiya olmayacaq! – Ermənistana bəd xəbər

Zəngəzur dəhlizi də tezliklə açılacaq, bu məsələdə heç Ermənistanın mövqeyinin necə olmasına əhəmiyyət verilməyəcək; sabiq nazirdən maraqlı açıqlamalar

Xəbər verildiyi kimi, Avropa İttifaqı yeni irimiqyaslı investisiya proqramının anonsunu verib. Avropa Komissiyası və Avropa İnvestisiya Bankı regiondan Rusiyadan yan keçən nəqliyyat dəhlizi yaratmaq üçün Mərkəzi Asiyada strateji nəqliyyat infrastrukturuna 1,5 milyard avro sərmayə qoymaq niyyətindədir. Söhbət Transxəzər dəhlizindən gedir. Bu dəhliz Mərkəzi Asiyadan, Xəzər dənizindən və Azərbaycandan Gürcüstanın Qara dəniz limanlarına və Türkiyənin Aralıq dənizi limanlarına keçəcək.

Brüsseldə baş tutan “Global Gateway” nəqliyyat investisiya forumunda Avropa komissarı Valdis Dombrovskis layihə ilə bağlı planlardan danışıb. “Uzunluğu 11 min kilometr olan nəqliyyat dəhlizi 15 gün və ya daha az müddətdə bölgələrimizi birləşdirməlidir. Biz bu dəhlizi rəqabətədavamlı etməliyik. Biz konkret nəticələr əldə etmək niyyətindəyik. Buna görə də Avropa Komissiyası və Avropa İnvestisiya Bankı Mərkəzi Asiyanın nəqliyyat imkanlarına 1,5 milyard avro sərmayə qoymaq niyyətindədir”, – deyə o qeyd edib.

Doğrudur, Azərbaycanın adı çəkilməyib. Amma Azərbaycan da var. Üstəlik, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan kənardan maliyyə yardımı olmadan, özü “infrastruktur inqilabını” həyata keçirib. 

Brüsseldə elan edilən bu investisiya layihəsi Azərbaycanın Aİ üçün önəmini bir daha nümayiş etdirir. Məsələ həm də ondadır ki, Azərbaycandan keçən nəqliyyat dəhlizinə 10 milyard sərmayənin açıqlandığı forum Azərbaycana qarşı AŞ PA demarşından azca sonraya təsadüf edir. Bu o deməkdir ki, Azərbaycana qarşı sanksiya çağırışları elə çağırış olaraq qalacaq. 

Bu, ölkəmizə qarşı erməni diplomatiyasının növbəti fiaskosu sayıla bilər. Rəsmi İrəvan, nəhayət, nəticə çıxaracaqmı?       

“Fransa Senatının hökumətdən Azərbaycana qarşı sanksiyalar tətbiq etməyi tələb edən qətnaməsi sadəcə, arzudur. Bu arzular gerçəkləşəcəkmi? Təbii ki, yox. Nə Avropa, nə də Fransa onları həyata keçirəcək. Çünki sanksiya tətbiqinin arzu olunan nəticələrə gətirib çıxaracağına əmin deyillər. Yaxın əlaqələrimiz olan Ermənistana əsgərlərimizi göndərmək mümkün idi, amma bir tərəfdən Rusiyadan, digər tərəfdən NATO üzvü Türkiyədən qorxduğumuz üçün hələ də bunu etməmişik. Avropa, o cümlədən Fransa Türkiyədən çox qorxur”. Bu fikir isə Fransanın “Le Fiqaro” nəşrinin redaktor müavini, qatı ermənipərəst Jan-Kristof Byuissona məxsusdur. 

Fikrət Yusifov da prezidentliyə namizəd oldu-AÇIQLAMA

Fikrət Yusifov 

Sabiq maliyyə naziri, iqtisadçı professor Fikrət Yusifov isə “Yeni Müsavat”a bildirdi ki, Şərqlə Qərbi birləşdirəcək ən qısa və iqtisadi cəhətdən ən sərfəli yol Azərbaycan üzərindən keçir: “Bu yola hansı adı verirlərsə versinlər, o, Şərqlə Qərbi birləşdirən və alternativi olmayan ən sərfəli yoldur. Azərbaycan üzərindən keçən bu yolun alternativi, onun Rusiya və ya İran üzərindən keçən xətləri olsa da onların heç biri parametrlərinə görə Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi ilə müqayisə edilə bilməz. Qərbin Rusiyaya və İrana hansı səviyyədə güvəndiyini hər kəs bilir. Bu səbəbdən həmin ölkələr üzərindən keçərək, şərqlə qərbi birləşdirəcək yollar Avropa İttifaqının və ABŞ-ın maraq dairəsində deyil. Söhbət bu ölkələr üzərindən keçən yolların  Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizindən bir qədər uzun olmasından da getmir. Sadəcə olaraq Rusiya və İran istədikləri vaxt bu kommunikasiyalardan Avropaya və ABŞ-a təhdid vasitəsi kimi istifadə edə bilərlər. Yəni hər iki avtoritar ölkə üçün bu adi bir haldır. 

Azərbaycan Cənubi Qafqazın açar ölkəsidir. Bunu Avropada da Amerikada da siyasi elita çox yaxşı bilir. Azərbaycan bu gün qoca qitənin cənub şərqində yerləşən ölkələrin qaz təminatını həyata keçirən bir ölkədir. Azərbaycan bu gün özündə və qonşu ölkələrdə istehsal ediləcək yaşıl enerjini Şərqi Avropa ölkələrinə çatdırmaq üçün Qara dənizin dibi ilə çəkiləcək yeni enerji xətti kimi bir meqalayihəyə start verib. Azərbaycanı Cənubi Qafqazın dalanında yerləşən, yanacaq-enerji resursları olmayan, ambisiyası, siyasi cığallığı və siyasi əxlaqsızlığı başdan aşan, bölgədə olan ölkələrə qarşı əsassız torpaq iddiaları ilə nəfəs alan, Ermənistan adlı qondarma bir ölkə ilə müqayisə etmək Fransa və onun fitnəsinə uyan AŞPA kimi qondarma təsisatların sərsəmliyindən başqa heç nə deyil”.

Sabiq nazirin sözlərinə görə, Avropa Birliyi və onun aparıcı dövlətləri də çox yaxşı bilirlər ki, Azərbaycan istəmədən Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin uğurla çalışması mümkün deyil. Sual olunur bəs onda Azərbaycana qarşı Qərbin bu basqıları kimə lazımdı? Bunlar hamısı siyasi gedişlər, siyasi oyunbazlıqlardır: “Dəfələrlə demişəm, Qərbin Ermənistan sevgisi adlı heç nə yoxdur. Qərb sadəcə olaraq Ermənistan adlı bir alətdən istifadə etməklə bu bölgədən Rusiyanı vurub çıxartmaq və burada əsaslanmağı hədəfləyib. Fransanın bu sırada hər kəsdən daha çox canfəşanlıq etməsinin əsas səbəbi isə budur ki, xarici siyasəti riyakarlıq üzərində qurulmuş bu ölkə, Afrikadan vurulub çıxarıldıqca ona hansı yolla olursa-olsun dünyanın resurslarla zəngin digər bölgələrində möhkəmlənmək lazımdır. Fransa Avropada ən çox atom elektrik stansiyaları olan, bu stansiyalar vasitəsilə ən çox elektrik enerjisi istehsal edən və bu enerji ilə Avropanın tələbatının böyük bir hissəsini ödəyən bir ölkədir. Fransaya bu stansiyaların davamlı fəaliyyəti üçün uran lazımdı. Rusiya ilə Avropa İttifaqının və Fransanın indiki münasibətləri kontekstində, bu xammalı yalnız Qazaxıstan və Özbəkistandan almaq mümkündür. Emmanuel Makronun bu yaxınlarda Özbəkistana və Qazaxıstana səfəri də təsadüfü deyildi. Bu resursu almaq-yəni onu əldə etmək məsələnin bir tərəfidirsə, bundan daha mühüm tərəf, onu Fransaya çatdırmaqdır. Bax, bu yol Cənubi Qafqazdan və ilk növbədə Azərbaycandan keçəcək Beynəlxalq Transxəzər Nəqliyyat Dəhlizidir. 

Bütün bunlar ortada olduğu bir təqdirdə, Fransanın Cənubi Qafqaza soxulmaq üçün dəridən-qabıqdan çıxmasının səbəbləri tam aydınlaşır. Fransa bu regiona girə biləcəyinə və bunu Qarabağda yaşayan erməni azlığının “hüquqlarını və təhlükəsizliyini təmin edən” bir tərəf kimi nail olacağına çox inanmışdı. Lakin Ordumuz 44 günlük müharibədə Ermənistan ordusunu darmadağın etdi, bunun ardınca isə keçən ilin sentyabr ayında bir günlük antiterror əməliyyatı ilə Qarabağ torpaqlarımızda separatizmin kökünü birdəfəlik kəsib atdı. Bununla da Azərbaycan Qərbin və təbi ki, ilk növbədə Fransanın Cənubi Qafqaz arzularını dəfn etmiş oldu. Qərb və onun Azərbaycana qarşı əsas “sözçüsü” Fransa bunu gözləmirdi. Ona görə də indi mümkün olan və olmayan bütün addımları atırlar ki, əvvəlki durumu hər hansı bir formada bərpa edə bilsinlər. Azərbaycan Prezidenti bu yaxınlarda əbəs yerə demədi ki, biz böyük layları tərpətdik”.

F.Yusifov qeyd etdi ki, bu gün AŞPA kimi bir lüzumsuz alətin vasitəsilə Azərbaycana təzyiq etməyə qalxmaq artıq böyük sürət yığmış qatarın ardınca ayağı yalın qaçmaq qədər axmaqlıqdır. Azərbaycan Cənubi Qafqazın və deməli Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin açar ölkəsidir. Bu açar olmadan şərqlə qərbi birləşdirən əsas yolun işləməsi də mümkün deyil. Bu yolla Çinin Qazaxıstan sərhədlərindən yüklərin 15 gün ərzində Avropaya çatdırılması daşımalarda inqilab deməkdir: “Daşımaların zamanının 3-3,5 dəfə qısalması isə əlavə yüz milyardlarla mənfəət deməkdir. Odur ki, Zəngəzur dəhlizi də tezliklə açılacaq. Bu məsələdə heç Ermənistanın mövqeyinin necə olmasına əhəmiyyət verilməyəcək. Bu meydanda yüz milyard dollarla ölçülən mənfəətdən söhbət gedirkən, dalanda yerləşən, iqtisadiyyatı 20 milyard dollar səviyyəsində olan, cılız bir ölkə nə edə bilər ki? Zəngəzur dəhlizi ətrafında Ermənistanın mövqeyi Qərbə maraqlı ola bilməz. Fransa kimi ölkənin Azərbaycan üzərindən keçən kommunikasiyalardan pay almaq istəyi isə artıq heç vaxt reallaşa bilməyəcək”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”