26 Aprel 2024

İki ölkə arasında uğurlu əməkdaşlıq mövcuddur

Prezident İlham Əliyevin cari ilin 25 aprel tarixində Sofiyada Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiyanın ötürücü sistem operatorları və SOCAR arasında Anlaşma Memorandumunun imzalanması mərasimində çıxışı ilə əlaqədar

Bolqarıstanla Azərbaycan arasında diplomatik əlaqələr 05 iyun 1992-ci ildə qurulmuşdur. Bolqarıstan Respublikasının Azərbaycan Respublikasında səfirliyi 1999-cu il dekabr ayından, Azərbaycan Respublikasının Bolqarıstandakı səfirliyi isə 16 aprel 2004-cü ildən fəaliyyətə başlamışdır. Ötən dövr ərzində iki ölkənin dövlət və hökumət başçılarının, parlament rəhbərlərinin, nazirlərin və digər vəzifəli şəxslərin qarşılıqlı səfərləri təşkil olunmuşdur. Iki ölkə arasında əlaqələrin inkişafında ölkə parlamentlərinin rəhbərlərinin qarşılıqlı səfərləri, hər iki ölkə parlamentində fəaliyyət göstərən Parlamentlərarası işçi qruplarının fəaliyyəti də rol oynayır. İşçi qrupunun üzvləri qarşılıqlı olaraq hər iki ölkədə keçirilən prezident və parlament seçkilərində müşahidəçi qismində iştirak edirlər.

Bir çox sahədə uğurları özündə əks etdirən bu iki dövlətin münasibətləri bu gün də öz aktuallığını qoruyur və daha da inkişaf etməkdədir. Belə ki aprelin 25-də Cənab Prezident İlham Əliyevin Bolqarıstanın paytaxtı və eyni zamanda ən böyük şəhəri olan Sofiyada səfəri olmuşdur.

Görüşdə “Həmrəylik Halqasi” adlandırılan Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın təkmilləşdirilmiş ötürücü şəbəkə sistem operatorları və SOCAR arasında Anlaşma Memorandumunun imzalanmasının əhəmiyyəti qeyd edilib. Ölkələrimiz arasında əməkdaşlıq məsələləri müzakirə olunub, bu xüsusda Azərbaycanın etibarlı tərəfdaş kimi Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə verdiyi töhfəsi vurğulanıb.

Burada SOCAR-ın baş ofisinin açılış mərasimində İlham Əliyev iştirak etmişdir. Binada ofis əməkdaşlarının fəaliyyəti üçün hər cür şəraitin yaradılması ilə tanış olmuşlar.  Söhbət zamanı siyasi, iqtisadi, nəqliyyat, energetika və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd etmək lazımdır ki, keçən ilin 30 sentyabr- 1 oktyabr tarixində İlham Əliyevin rəsmi səfəri Yunanıstan-Bolqarıstan qaz interkonnektorunun istismara verilməsi ölkələrimiz arasında enerji sahəsində əməkdaşlıqda tamamilə yeni səhifə açmışdı. Dövlətimizin başçısının bugünkü səfəri zamanı Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiyanın ötürücü sistem operatorları və SOCAR arasında Anlaşma Memorandumunun imzalanması isə enerji resurslarının nəqlinin daha da şaxələndirilməsi, o cümlədən enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətində vaxtında atılan çox mühüm addımdır. Bütün bunlar SOCAR-ın Bolqarıstandakı fəaliyyətinin genişləndirilməsi zərurətini yaradır. Bolqarıstanın tənzimləyici qurumu artıq “SOCAR Trading”ə Bolqaristan ərazisində təbii qaz ticarəti ilə məşğul olmaq üçün lisenziyanı təsdiqləyib. SOCAR-ın Bolqarıstandakı ofisinin açılması şirkətin Avropa bazarında fəaliyyətinin daha da genişləndirilməsinə mühüm töhfə verəcək.

Yunis Eyyubov

YAP Ağstafa rayon təşkilatının məsləhətçisi