27 İyul 2024

Azərbaycan enerji diplomatiyasını uğurla davam etdirir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 25-də Bolqarıstan Respublikasına işgüzar səfər etmişdir. Səfər çərçivəsində dövlətimizin başçısı Sofiyada “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan) və “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu”nun imzalanması mərasimində iştirak etmişdir.

Bu gün dünyanın enerji təchizatında ciddi böhran və enerji təhlükəsizliyi ilə bağlı böyük risklərlə üzləşdiyi bir zamanda bu əməkdaşlıq xüsusilə mühüm əhəmiyyət kəsb edir.

Ölkə rəhbərimiz mərasimdə çıxış edərək Bolqarıstan və Azərbaycanın sadəcə strateji tərəfdaş olmadığını, əsl dost ölkə olduğunu vurğuladı. “Bu gün imzalanmış Anlaşma Memorandumu icra olunduqdan sonra Avropada enerji təhlükəsizliyini birmənalı olaraq gücləndirəcək və Azərbaycan üçün daha çox Avropa ölkəsinə daha çox qazı ixrac etməyə fürsət yaradacaq” deyən dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycan Avropanın nəinki enerji, o cümlədən bir sıra digər sahələrdə də etibarlı tərəfdaşıdır.

Prezident İlham Əliyev tədbirdəki çıxışında eyni zamanda qeyd etmişdir ki,“ Bu gün Azərbaycan qazı Gürcüstana, Türkiyəyə, Yunanıstana, Bolqarıstana və İtaliyaya ixrac edilir. Bu ildən başlayaraq qaz Rumıniyaya da çatdırılır”. Ölkə rəhbərimiz öz çıxışında gələcək planlara da toxunaraq bütün lazımi interkonnektorlar olarsa, bu ilin sonundan etibarən Azərbaycanın Macarıstana və Slovakiyaya qaz təchizatına başlamağı, yerli qazpaylayıcı sistemin qurulması məqsədilə Albaniya ilə danışıqlar prosesində olduğunu, qaz təchizatının coğrafiyasını 6 ölkədən, ən azı 10 ölkəyə qədər genişləndirməyi planladığını vurğuladı. Ölkə başçıs birgə geniş planların icrasında “Həmrəylik Halqası”nın mühüm rol oynayacağına əmin olduğunu bildirdi.

Prezident İlham Əliyevin Bolqarıstana səfəri və orada keçirilən əhəmiyyətli görüşlər bir daha təsdiq edir ki, Azərbaycan Avropanın enerji təhlükəsizlik məsələsində getdikcə daha önəmli rol oynayır. Bundan əlavə, Avropada strateji mövqeyə sahib olan ölkələr Azərbaycanla əməkdaşlıqda və münasibətlərin daha da möhkəmlənməsində maraqlıdırlar.

Tağı İmamverdiyev

YAP Ağstafa rayon təşkilatının məsləhətçisi