26 Aprel 2024

Bərdə kollecində dünya azərbaycanlılarının həmrəylik günü qeyd edilib – FOTOLAR

Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişi münasibətilə bayram şənliyi təşkil olunub.

Media1.az xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Çıxış edənlər qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə xalqımızı təbrik edib, ölkəmiz üçün firavan gələcək və şən həyat arzulayıblar. 44 günlük Vətən müharibəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun əldə etdiyi Zəfərin xalqımıza yaşatdığı əvəzsiz sevinc və qürur hissindən, şəhidlərimizin və qazilərimizin qəhrəmanlıqlarından söz açılıb, şəhid ailələrinin və qazilərin hər zaman diqqətdə saxlanıldığı və onların hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqları vurğulanıb.

Tədbir zamanı təhsil və ictimai həyatda fərqlənən kollecin bir qrup tələbəsinə tərifnamələr təqdim olunub.

Sonra kollecin yaradıcı tələbə gənclərinin Bərdə Regional Mədəniyyət İdarəsinin 5 saylı klubu ilə birgə hazırladıqları əyləncəli şou nümayiş olunub, gənc musiqiçilər tərəfindən vətənpərvərlik və bayram ab-havasında musiqilər ifa edilib.

Tədbir iştirakçıların böyük marağına səbəb olmaqla yanaşı, yüksək coşqu və sevinc hissi ilə qarşılanıb.

Media1.az- Musa Muradlı