26 Aprel 2024

Azərbaycanda bir ailənin 4 üzvü güllələnərək öldürüldü – TƏFƏRRÜATLAR

Beyləqanda bir ailənin dörd üzvü öldürülüb.

Bu barədə Musavat.com-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, dekabrın 02-si saat 22 radələrində Beyləqan rayonunun Tatallar kəndi ərazisində 1995-ci il təvəllüdlü Fuad Cəlilzadə aralarında olan düşmənçilik ədavətinə görə bir ailənin dörd üzvünü öldürməkdə şübhəli bilinərək saxlanılıb.

Faktla bağlı Beyləqan rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

Hazırda istintaq davam edir.

***

Beyləqanda törədilən dəhşətli cinayətin təfərrüatları məlum olub.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisəni törədən Fuad Cəlilzadənin ailəsi ilə qətlə yetirilən ailə arasında düşmənçilik olub.

Bir neçə il əvvəl Fuad Cəlilzadənin atası Loğman Cəlilzadə qətliama məruz qalan ailənin başçısı Nadir Quliyevi yol üstündə yaba ilə vurub. O, yabanı N.Quliyevin qarnına soxub. Həkimlərin səyi nəticəsində o zaman N.Quliyevi xilas etmək mümkün olub. L. Cəlilzadə isə həbs edilib.

Məlumata görə, L.Cəlilzadə həbsdən çıxandan sonra N.Quliyevin ailəsi ilə ədavəti davam etdirib. Nəticədə bu gün L.Cəlilzadənin oğlu Fuad Cəlilzadə ov tüfəngi ilə N.Quliyevin ailəsini güllələyib.

Hadisəni törədən F.Cəlilzadə polis əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilib.

Qətlə yetirilənlər:

56 yaşı Nadir Quliyev

51 yaşlı Tərgül Quliyeva

26 yaşlı Amin Quluzadə

20 yaşlı Xəyal Quluzadə