27 Aprel 2024

Avropa İttifaqı: “Biz müharibə aparmırıq, Ukraynaya yardım edirik”

Avropa İttifaqı Rusiyaya qarşı mübarizə aparmadığını, əsas məqsədin Ukraynaya öz suverenliyini qorumaqda kömək etməkdən ibarət olduğunu bildirib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə sözçüsü Peter Stano danışıb.

Bununla da Avropa İttifaqı Vladimir Putinin ölkədə səfərbərlik elan etdiyi çıxışında Qərbə ünvanladığı ittihamlara cavab verib.

Peter Stanonun fikrincə, Rusiya prezidenti Vladimir Putin qismən səfərbərlik elan etməklə özü müharibənin davam etdirilməsində maraqlı olduğunu göstərib:

“Bu, bir daha onu göstərir ki, Putin sülhü arzulamır. Bu, beynəlxalq ictimaiyyət üçün onun gələcəkdə yalnız dağıdıcı müharibəni istədiyinə dair açıq sübutdur”.