Almaniya kəşfiyyatının rəhbəri: Rusiya hələ uzun müharibə aparmağa qadirdir
Almaniyanın Xarici Kəşfiyyat İdarəsinin rəhbəri Bruno Kal prezident Vladimir Putinin başçılıq etdiyi Rusiya hakimiyyətinin strukturunda hələ ki ciddi çatların olmadığını bildirib. Bruno Kal sistemin çökə biləcəyini də istisna etməyib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Almaniya kəşfiyyatıının başçısı bu fikirlərini Berlində keçirilən Təhlükəsizlik Siyasəti Akademiyasında çıxışı zamanı səsləndirib.
Onun sözlərinə görə, bəzi tənqidlərə baxmayaraq, Rusiyada döyüş sursatının tədarükü ilə bağlı sistemin axsadığı və ya zəiflədiyinə dair heç bir əlamət görünmür.
Kalın fikrincə, Rusiya hələ də yeni əsgərləri cəlb etməklə uzunmüddətli müharibə apara bilir. Eyni şey silah və sursata da aiddir. Buna görə də Almaniyanın xarici kəşfiyyat rəhbərinin nöqteyi-nəzərindən hərbi əməliyyatların zəifləməsindən və ya qəfil dayandırılmasından danışmaq mümkün deyil.
Bruno Kal Rusiya silahlı qüvvələrinin effektivliyi baxımından “bəzi zəif nöqtələrinin” olduğunu da ifadə edib. Lakin onun bildirdiyinə əsasən, Qərb Ukraynanı mütəşəkkil şəkildə dəstəkləməsə və müqavimət göstərməyə kömək etməsə, Putinin müharibəni uzatmaq və kəmiyyətə arxalanmaq strategiyası tuta bilər.