22 May 2025

Biz bir-birimizin suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyirik

Prezident İlham Əliyevin 2025-ci ildə Çinə səfəri təkcə siyasi əməkdaşlıq baxımından deyil, həm də iqtisadi əlaqələrin dərinləşməsi ilə əlamətdar oldu. Cənab Prezidentin CGTN telekanalına verdiyi müsahibədə vurğuladığı kimi, iki ölkə arasında bərpaolunan enerji, nəqliyyat və istehsal sahələrində əməkdaşlıq genişlənməkdədir. Hazırda Çin Azərbaycanın ən böyük idxal tərəfdaşı və 4-cü ticarət dövriyyəsi partnyorudur. Bu çərçivədə Çində artıq altı Azərbaycan Ticarət Evi fəaliyyət göstərir və Azərbaycan şərabının Çin bazarına çıxışı təmin olunub. Bununla yanaşı, “Bir Kəmər, Bir Yol” təşəbbüsünün təkcə tranzit layihəsi deyil, həm də regional istehsal və logistika mərkəzlərinin yaradılması imkanlarını verdiyi xüsusi vurğulanır.

Ən mühüm istiqamətlərdən biri bərpaolunan enerji sahəsində əməkdaşlıqdır. Cənab Prezident müsahibəsində qeyd edir ki, imzalanmış müqavilələr çərçivəsində Azərbaycanın 2030-cu ilə qədər 6500 meqavat bərpaolunan enerji istehsal etmək imkanları yaranacaq. Bu, ölkənin enerji strategiyasında çevriliş olacaq və təbii qazın ixrac imkanlarını genişləndirəcək. Eyni zamanda, bu əməkdaşlıq çərçivəsində BYD ilə birgə elektrik avtobuslarının istehsalına başlanması Bakının və digər şəhərlərin yaşıl nəqliyyata keçidini sürətləndirəcək. Tranzit daşımalar sahəsində də ciddi irəliləyiş müşahidə olunur – ötən il Çin-Azərbaycan tranzitində 86% artım qeydə alınıb. Yeni nəqliyyat dəhlizləri ilə yüklərin daşınması müddəti 10-12 günə endirilib ki, bu da Azərbaycanın regiondakı nəqliyyat qovşağı rolunu gücləndirir. Beləliklə, bu səfər Azərbaycanın iqtisadi strategiyasının mühüm sütunlarına çevriləcək real əməkdaşlıq mexanizmləri yaratdı. Çin-Azərbaycan iqtisadi münasibətləri dayanıqlı və inklüziv inkişaf üçün nümunəvi modelə çevrilməkdədir.

Cənab Prezident İlham Əliyevin Çinə etdiyi səfər çərçivəsində vurğulanan əsas sahələrdən biri təbii ki, iqtisadi əməkdaşlıq oldu. Müsahibəsində cənab İlham Əliyev Çin iqtisadiyyatının təcrübəsini nümunə kimi göstərdi: “Gördüklərim, iqtisadi inkişafla bağlı oxuduqlarım və mənə verilən məlumatlar göstərir ki, ölkəniz həqiqətən düzgün yoldadır.” Azərbaycanın “Bir Kəmər, Bir Yol” təşəbbüsünə qoşulması və bunun nəticəsində formalaşan infrastruktur layihələri də diqqətə çatdırıldı. Cənab Prezident dedi ki, “Biz ‘Bir kəmər, bir yol’ təşəbbüsünü açıq şəkildə dəstəkləmiş və sonradan qoşulmuş ilk ölkələrdən biri də bizik… Azərbaycanda xeyli infrastruktur layihələrini həyata keçirmişik.” Azərbaycan bu əməkdaşlıq sayəsində bərpaolunan enerji, nəqliyyat və ticarət sahəsində böyük uğurlara imza atmaqdadır. Cənab Prezident bununla bağlı ölkənin iqtisadi göstəricilərinə də diqqət çəkdi: “Azərbaycanın xarici borcu ÜDM-in 7 faizindən azdır. Mübadilə olunan valyuta ehtiyatlarımız xarici borcumuzdan 14 dəfə çoxdur. İşsizlik və yoxsulluq səviyyəsini 5 faizə endirdik.” Çinlə daşıma və ticarət sahəsində artan rəqəmlər, iki ölkə arasında artan qarşılıqlı marağın iqtisadi nəticəsidir. Prezidentin qeyd etdiyi kimi, bu sahələrdə əməkdaşlıq Azərbaycanın nəqliyyat qovşağı kimi mövqeyini gücləndirir. Çin modelindən ilhamlanan Azərbaycan – iqtisadi yüksəliş və enerji əməkdaşlığında da uğurlu nəticələrə nail olub. Azərbaycan-Çin münasibətlərinin mühüm istiqamətlərindən biri iqtisadi və texnoloji əməkdaşlıqdır. Cənab Prezident İlham Əliyevin səfəri zamanı bu sahələrdə də mühüm razılaşmalar əldə olunub.

Yunis Eyyubov
YAP Ağstafa rayon təşkilatının əməkdaşı