22 May 2025

Ümummilli Lider Heydər Əliyev Azərbaycan dilinin adını özümüzə qaytardı

Hər bir xalqın milli mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Dil hər bir xalqın varlığının ən əsas təminatçısıdır. Ana dili hər bir xalqın milli sərvəti, varlığının təsdiqi, həmçinin milli kimliyidir. Doğma Ana dilimiz olan Azərbaycan dili xalqımızın milli sərvətidir. Azərbaycan xalqının ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Ana dili dövlət rəmzlərimiz olan himnimiz, gerbimiz, bayrağımız kimi müqəddəsdir.

Ümummilli Lider Heydər Əliyev deyirdi ki, millətin milliliyini ən birinci təsdiq edən onun dilidir. Şübhəsiz ki, musiqi də, ədəbiyyat da, ayrı-ayrı tarixi abidələr də millətin milliliyini təsdiq edir. Amma millətin milliliyini ən birinci təsdiq edən onun dilidir. Əgər Azərbaycan dili olmasa, Azərbaycan dilində ədəbiyyat da olmaz. Azərbaycan dili olmasa, Azərbaycan dilində mahnılar olmaz, musiqi olmaz. Ötən əsrin 70-ci illərinin ortalarından başlayaraq SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirildi. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq cəsarət tələb edirdi. 30-ci illərdə dil məsələsini qabardanlar Sibirə sürgün olunurdu. Hətta milli respublikaların rəhbərləri də ana dili məsələsini gündəmə gətirməkdə aciz idilər. Bütün bunlara baxmayaraq, o vaxt Azərbaycanın rəhbəri olan Ulu Öndər Heydər Əliyev milli dilimiz məsələsində öz mövqeyini çox cəsarətlə, qətiyyətlə bildirmişdi. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısında ən böyük tarixi xidmətlərindən biridir. Ulu Öndər bununla gələcək müstəqil dövlətçiliyin milli rəmzlərindən birini məharətlə qorumuşdu.

Ümumilli Lider deyirdi: “Bu gün iftixar hissi ilə deyə bilərik ki, Sovet hakimiyyəti illərində biz Azərbaycan dilini qoruduq, saxladıq və inkişaf etdirdik. Azərbaycan dili indi çox yüksək səviyyədə, yəni onun qrammatik quruluşu, başqa sahələri yüksək səviyyədə olan bir dildir”. Dövlət dili uğrunda ardıcıl mübarizə aparan Ümummilli Lider ziyalıları, xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvələri səfərbər etmişdir. Böyük tarixi şəxsiyyət SSRİ Konstitusiyası haqqında danışarkən öz nitqində xüsusi olaraq vurğulamışdır ki, Konstitusiya vətəndaşlara təhsil hüququ vermişdir. Bu hüquq ana dilində oxumaq imkanı ilə təmin olunur. Bu, əslində ana dilinin dövlət dili statusunu qorumaq məqsədi güdürdü. Bu gün Prezident İlham Əliyev cənabları ümummilli lider Heydər Əliyevin dil siyasətini uğurla davam etdirir və Azərbaycan dilinin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tribunalarından eşidilməsi Azərbaycan dilinə yüksək diqqət və qayğısının göstəricisidir.

Prezident İlham Əliyev çışlarında da dəfələrlə vurğulayır ki, Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur: “Bir daha demək istəyirəm ki, biz əsrlər boyu dilimizi qorumuşuq. Bu gün də qorumalıyıq. Biz Azərbaycan dilinin saflığını təmin etməliyik”. Dövlətimizlə yanaşı biz də dilimizin saflığını qoruyub saxlamalıyıq. Müasir dövrümüzdə sosial şəbəkələrdən istifadədə virtual məkanda, radio və televiziyada, mətbuatda və dövlət idarələrində dilimizdən istifadə edərkən, həmçinin dilimizin saflığının qorunması da düşündürücü məqamlardan biridir. Bunun üçün də biz doğma dilimizin qrammatik, leksik qaydalarına riayət edərək ondan istifadə etməliyik ki, doğma dilimizin saflığı pozulmasın. Biz ana dilimiz olan Azərbaycan dilinə qayğı göstərməli, onu sevməli və qorumalıyıq.

Tağı İmamverdiyev
YAP Ağstafa rayon təşkilatının əməkdaşı