Azərbaycan-Çin əməkdaşlığı uğurla inkişaf etdirilir

Azərbaycan ilə Çin Xalq Respublikası arasındakı münasibətlər müxtəlif siyasi, iqtisadi, mədəni, humanitar, nəqliyyat-logistika sahələrini əhatə edir və strateji əməkdaşlıq səviyyəsindədir. İki ölkə arasında dostluq münasibətlərinin uğurlu inkişafı, münasibətlərin gücləndirilməsi Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu xarici siyasətinin nəticəsidir. Dövlət başçımızın cari ilin aprelin 22-də Çin Xalq Respublikasına dövlət səfəri əlaqələrin daha da genişlənməsinə töhfə verəcəkdir. Prezident İlham Əliyevin Çinə rəsmi səfəri çərçivəsində Pekində Çinin CGTN (China Global Television Network) telekanalına verdiyi müsahibəsi zamanı bildirib ki, mənim bu vaxta qədər bir sıra tədbirlərdə Sədr Si ilə görüşmək imkanım olub: “Sonuncu dəfə biz iyul ayında Strateji Tərəfdaşlıq Haqqında Bəyannaməni qəbul etdiyimiz bir beynəlxalq tədbir çərçivəsində görüşdük. Bir sözlə, həmin görüş əməkdaşlığımızın olduqca mühüm tarixinə çevrildi, çünki münasibətlərimiz daha yüksək səviyyəyə qalxdı”.
Xatırladaq ki, 2024-cü il iyulun 3-də qəbul edilən “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” dövlətlərarası bağlılığı möhkəmləndirib. Bəyannamədə əməkdaşlığın gələcəkdə genişləndirilməsi, beynəlxalq məsələlərdə qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi, iki dövlətin ümumi maraqlarının birlikdə müdafiə edilməsi, həmçinin regional və qlobal sülh, sabitlik və inkişaf fəaliyyətinin birgə təşviq edilməsi razılaşdırılıb. Bəyannamədə iki ölkənin dinc yanaşı yaşamaq prinsiplərindən irəli gələn müstəqil xarici siyasət yürüdən vacib və etibarlı tərəfdaşlar olduğu təsdiq edilib. Qəbul olunan Bəyanat ÇXR və Azərbaycanı rəsmi strateji tərəfdaşlara çevirib. İki ölkə arasında nəqliyyat, kənd təsərrüfatı, turizm, energetika, informasiya və kommunikasiya texnologiyaları istiqamətlərində əməkdaşlığın artan dinamikası diqqətdədir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində aprelin 23-də Pekində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri Si Cinpinin iştirakı ilə Azərbaycan-Çin sənədlərinin imzalanması mərasimi olub. Prezident İlham Əliyev və Sədr Si Cinpin “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”ı imzalayıblar. Hər iki dövlət başçısı diplomatik münasibətlərin qurulmasından ötən 33 il ərzində Azərbaycan-Çin əlaqələrinin inkişafındakı nailiyyətləri yüksək qiymətləndirib və səmimi, dostluq mühitində danışıqlar aparıblar. Dövlətlər bir-birini prioritet təşkil edən, etibarlı və qarşılıqlı faydalı strateji tərəfdaş kimi nəzərdən keçirdiyini təsdiq edərək, qarşılıqlı siyasi etimadı daim möhkəmləndirməyə, qarşılıqlı dəstəyi gücləndirməyə, hər iki ölkənin xalqlarının mənafeyi naminə hərtərəfli əməkdaşlığı inkişaf etdirməyə hazır olduqlarını ifadə edərək, hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması barədə yekdilliklə qərar qəbul ediblər. Bəyanatda qeyd olunur ki, tərəflər xalqlarının seçdiyi və milli şərtlərə uyğun olan inkişaf yolunu seçməkdə bir-birini möhkəm dəstəkləyir, hər iki ölkənin təməl maraqlarının, suverenliyinin, təhlükəsizliyinin və ərazi bütövlüyünün qorunmasında bir-birinə qətiyyətli dəstək verirlər.
Diqqətçəkən faktdır ki, Çin mediası Azərbaycan liderinin bu ölkəyə rəsmi səfərinə hədsiz maraq nümayiş etdirib. Səfəröncəsi cənab İlham Əliyevin Çinin Sinxua Agentliyinə verdiyi müsahibə, daha sonra Çin Xalq Respublikasının Azərbaycanda yeni təyin olunmuş səfri Lu Meyin Azərbaycana həsr edilmiş geniş məqaləsi və səfərin yekunları ilə bağlı dövlətimizin başçısının Pekində Çinin CGTN (China Global Television Network) telekanalının “Danışır liderlər” verilişinə dəvət alması həm ölkəmizin nüfuzunun yüksək səviyyədə dəyərləndirilməsi, həm də onun liderinin personasına xüsusi münasibətin göstəricisidir.
Tağı İmamverdiyev
YAP Ağstafa rayon təşkilatının əməkdaşı