Azərbaycanla Vyetnam arasında münasibətlərin dostluq və qarşılıqlı hörmət ruhunda inkişafı üçün yeni üfüqlər açılır

2025-ci il mayın 6-da Prezident İlham Əliyevin Vyetnamın dövlət informasiya agentliyi “Vietnam News Agency”ə verdiyi müsahibə, eyni zamanda Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın ölkəmizə ilk rəsmi səfəri Azərbaycanla Vyetnam arasında münasibətlərin yeni inkişaf mərhələsinə qədəm qoymasından xəbər verir.
Prezident İlham Əliyevin agentliyinə müsahibəsində dediyi kimi, bu səfəri haqlı olaraq Azərbaycan-Vyetnam əməkdaşlığının inkişafında vacib mərhələ kimi qiymətləndirmək olar. Səfər ölkələrimiz arasında dostluq və müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi işinə mühüm töhfə verəcək.
Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycanda dövlət səfəri çərçivəsində tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanatın imzalanması iki ölkə münasibətlərinin tarixində yeni dövrün başlanğıcı oldu.
Cənab Baş katibin əminliklə söylədiyi kimi, biz yaxın zamanlarda ikitərəfli münasibətlərimizi dərinləşdirə və genişləndirə biləcəyik, inkişaf naminə üstün cəhətlərimizdən faydalanacağıq. Birgə Bəyanatda partiya, dövlət, parlament kimi bütün səviyyələrdə əlaqələri və təmasları, hökumətlərarası komissiya vasitəsilə iqtisadi əməkdaşlığı fəallaşdırmaq kimi mühum məqamlar öz əksini tapıb. Bundan savayı, Birgə Bəyanatda müdafiə, təhlükəsizlik, informasiya təhlükəsizliyi, transmilli cinayətkarlıq və kibercinayətkarlıqla mübarizə, habelə mədəniyyət, idman və turizm, təhsil, sahələrində münasibətlərimizi inkişaf etdirmək nəzərdə tutulub ki, bu da əməkdaşlığı genişləndirmək üçün çox böyük imkanlar açır.
Emilya Abdullayeva
Ağstafa rayon Mərkəzi Kitabxana Sisteminin əməkdaşı