22 May 2025

Azərbaycan-Çin münasibətləri yüksələn xətlə inkişaf edir

Azərbaycan və Çin arasında qurulan strateji tərəfdaşlıq son illərdə yeni dinamika qazanaraq yalnız ikitərəfli çərçivədə deyil, həm də regional və qlobal kontekstdə əhəmiyyətli siyasi və iqtisadi nəticələr doğurmaqdadır. Azərbaycan Çin üçün, Çin də Azərbaycan üçün çox önəmli tərəfdaşlardır və ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasından uzun müddət keçir. Bu müddət ərzində əlaqələr qarşılıqlı etimad əsasında inkişaf edib, sağlam və sabit inkişaf dinamikasını qoruyub saxlamaqla, son illər həm də geniş vüsət almağa başlayıb.

Bu gün Azərbaycan Çinlə demək olar ki, bütün istiqamətlərdə sıx əlaqələrə malikdir. Azərbaycanla Çin arasında siyasi və iqtisadi əlaqələrin bu cür ardıcıl inkişafının əsasında formalaşan əməkdaşlıq münasibətləri iki ölkənin əsas və uzunmüddətli maraqlarına cavab verməklə yanaşı, həm də sülh, sabitlik, sosial-iqtisadi tərəqqiyə xidmət edir. Azərbaycan ilə Çin arasında diplomatik münasibətlər 1992-ci ilin aprelində qurulub. Bu illər ərzində əlaqələr güclənib, müxtəlif sahələrdə müştərək əməkdaşlıq təşəbbüsləri irəliləyib. 1992-ci ilin avqustunda Çin Xalq Respublikasının Azərbaycanda səfirliyi açılıb. 1993-cü ilin sentyabrında isə Azərbaycan Milli Məclisi Pekində səfirliyin açılması haqqında qərar qəbul edib.

Azərbaycan-Çin münasibətlərinin inkişafı Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra daha da sürətlənib. 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin Çinə rəsmi səfəri zamanı iki ölkə arasında səkkiz mühüm müqavilə imzalanıb. 1996-cı ilin aprelində isə Çin Xalq Respublikasının Baş nazirinin müavini Tsyan Tsiçen Azərbaycanda səfərdə olub. Bu səfərlər qarşılıqlı əməkdaşlığın və dostluğun möhkəmlənməsi baxımından mühüm əhəmiyyət kəsb edib. Prezident İlham Əliyev Çinlə əlaqələrin inkişafına xüsusi diqqət ayırır. 2003-cü ildən sonra dövlətimizin başçısı bir neçə dəfə Çində rəsmi səfərdə olub. 2015-ci ildə həyata keçirilən səfər zamanı “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında İpək Yolu İqtisadi Kəmərinin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu” imzalanıb. Bu sənəd ölkələrimizin əməkdaşlığında mühüm önəm daşıyır. Son illər ərzində Azərbaycan-Çin münasibətləri yüksələn xətlə inkişaf edir.

Prezident İlham Əliyev Çinin Sinxua agentliyinə müsahibəsində qeyd etdi ki, 2019-cu ilin aprelində Çində keçirilən 2-ci “Kəmər və yol” Forumunda çıxışımda bu layihənin təkcə nəqliyyat əlaqəsini təmin etmədiyini, həmçinin müxtəlif ölkələr arasında əlaqələri gücləndirdiyini, dialoq və əməkdaşlığın möhkəmlənməsinə xidmət etdiyini və beynəlxalq ticarət üçün yeni imkanlar yaratdığını bildirmişdim. “Kəmər və yol” təşəbbüsü çərçivəsində Çinlə əməkdaşlığımız genişləndirilir. Özünün əlverişli coğrafi mövqeyindən istifadə edən Azərbaycan ərazimizdən yük axınının kəskin artmasını nəzərə alaraq, beynəlxalq nəqliyyat dəhlizlərini fəal inkişaf etdirməyə, müasir infrastruktur yaratmağa və onların ötürücülük qabiliyyətinin artırılmasına əlavə investisiya qoymağa davam edir. Statistik rəqəmlərə diqqəti yönəldən dövlət başçısı İlham Əliyev vurğuladı ki, son 20 ildə ölkəmizdə 21 min kilometr avtomobil yolları salınıb və təmir edilib, 335 körpü və yolayrıcı, 45 tunel, 163 yerüstü və yeraltı keçid tikilib. Dəmir yolu infrastrukturunun yaxşılaşdırılması üzrə böyük işlər görülüb, 1500 kilometrdən artıq dəmir yolu tikilib və 1800 kilometrlik sahə təmir edilib. Bu gün Bakı-Tbilisi-Qars dəmir yolu, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz), həmçinin Xəzərdə ən iri limanlardan biri olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı “Kəmər və yol” təşəbbüsü çərçivəsində iqtisadi və nəqliyyat imkanlarının reallaşdırılması üçün yeni perspektivlər açır.

Tağı İmamverdiyev
YAP Ağstafa rayon təşkilatının əməkdaşı