22 May 2025

Azərbaycan çoxtərəfliliyin güclü tərəfdarıdır

Sədr Si ilə sonuncu dəfə iyul ayında görüşümüz əməkdaşlığımızın olduqca mühüm tarixinə çevrildi, çünki münasibətlərimiz daha yüksək səviyyəyə qalxdı. Elə indi də deyərdim ki, əlaqələr əladır. Altı ildən sonra yenidən səfər edirəm. Lakin bununla belə, mənim bu vaxta qədər bir sıra tədbirlərdə Sədr Si ilə görüşmək imkanım olub. Sonuncu dəfə biz iyul ayında Strateji Tərəfdaşlıq Haqqında Bəyannaməni qəbul etdiyimiz bir beynəlxalq tədbir çərçivəsində görüşdük. Bir sözlə, həmin görüş əməkdaşlığımızın olduqca mühüm tarixinə çevrildi, çünki münasibətlərimiz daha yüksək səviyyəyə qalxdı. Sonuncu görüşümüzdən bir ildən az vaxtın keçməsinə baxmayaraq, bu gün biz Sədr Si ilə Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələrinin Qurulması Haqqında Birgə Bəyanatı imzaladıq. Beləliklə, münasibətlərimizi daha yüksək səviyyəyə qaldırdıq. Bununla yanaşı, bir çox sahəni əhatə edən 20-dən artıq sənəd imzalandı. Bir sözlə, mən deyərdim ki, münasibətlər əladır. Səfər də, həmçinin. Nəticələrdən çox razıyam. İlk olaraq, Sədr Si tərəfindən Çinə dövlət səfərinə dəvət edilməkdən çox şərəfləndim. Buradakı mühit, qonaqpərvərlik, dostluq, eləcə də müzakirələrimizin mahiyyəti həqiqətən çox həvəsləndiricidir. Biz münasibətlərimizi daha yüksək səviyyəyə qaldırdıq.

Bu gün Çin rəhbərliyi ilə görüşlərim zamanı qeyd etdim ki, hər dəfə Çinə gələndə inkişaf görürəm. Bir çox yeni infrastruktur layihələrini, binaları və gözəl şəhəri görürəm. Dostlarımı sosial və iqtisadi inkişafda qeyri-adi nailiyyətlərlə, o cümlədən Çinin beynəlxalq aləmdəki fəaliyyəti ilə təbrik etdim. Hər zaman buraya gəlmək olduqca xoşdur. Burada dəfələrlə olmuşam. Çinə ilk səfərim hələ 2005-ci ildə olub. Bir sözlə, ötən 20 il ərzində ölkənin sürətli inkişafının və inanılmaz dəyişikliklərin şahidi olmuşam. Gördüklərim, iqtisadi inkişafla bağlı oxuduqlarım və mənə verilən məlumatlar göstərir ki, ölkəniz həqiqətən düzgün yoldadır. Bu münasibətlə sizi təbrik edirəm. Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələrinin Qurulması Haqqında Birgə Bəyanatın mətninə nəzər yetirsəniz, ikitərəfli əlaqələrin geniş gündəliyini görəcəksiniz. Ölkələrimiz milli maraqlara aid məsələlərdə həmrəylik və dostluq nümayiş etdirir. Biz “Vahid Çin” siyasətini qətiyyətlə dəstəkləyirik. Tayvanda qeyri-qanuni seçkiləri ictimaiyyət qarşısında açıq şəkildə pisləyən ilk ölkələr sırasında olmuşuq. Bəyanatın digər hissəsi ticarət, daşımalar, xalqlararası əlaqələr, humanitar tərəfdaşlıq kimi çox sayda məsələləri əhatə edir və əlbəttə ki, bu addım birgə təşəbbüsümüzdür. Beləliklə, həmin sənədin mahiyyəti çox əhəmiyyətlidir. Buna görə həmin ölkə ilə Bəyanatın imzalanması Azərbaycan üçün həqiqətən mühüm nailiyyətdir. Sizə deyə bilərəm ki, Azərbaycan öz bölgəsində bir çox ölkə ilə və həmçinin bəzi Avropa ölkələri ilə Strateji Tərəfdaşlıq haqqında bəyanatlar imzalayıb, lakin Çin ilə Bəyanat onların daxilində ən güclüsüdür. Məhz buna görə bu sənədin xüsusi vacibliyi bir daha göz qarşısındadır.

Bizim çox mehriban münasibətlərimiz var. Görüşlərin birində o, məni Çinin yaxın dostu adlandırıb. Bunu mən bir növ mükafat kimi qəbul edirəm. Onunla görüşməyə, çox səmimi və açıq qaydada söhbət aparmağa hər zaman məmnunam. Biz danışıqlar zamanı çox vaxt bir yerdə olmuşuq, sonra rəsmi ziyafət zamanı söhbət etmişik. Bir sözlə, regional sabitlik, təhlükəsizlik və beynəlxalq münasibətlərin bir çox sahəsini əhatə etmişik. Müxtəlif məsələlər ətrafında öz aramızda fikir mübadiləsi apardığımız zaman mənim üçün onun mövqeyini bilmək hər zaman vacibdir, çünki o, çox təcrübəli dövlət xadimidir. Ona böyük hörmətim var. O, çox dərin biliklərə malik olan, Çinin milli maraqlarına və bütövlükdə qlobal məsələlərə gəldikdə, çox qətiyyətli mövqeyi ilə seçilən insandır. Bildiyiniz kimi, Azərbaycan Sədr Sinin inkişaf, təhlükəsizlik və sivilizasiyalar ilə bağlı bir neçə təşəbbüsünə qoşulub. Biz onun mövqeyinə şərikik. “Bir kəmər, bir yol” təşəbbüsünü açıq şəkildə dəstəkləmiş və sonradan qoşulmuş ilk ölkələrdən biri də bizik və öz ölkəmizdə xeyli infrastruktur layihələrini həyata keçirmişik. Həqiqətən, onunla görüşmək hər zaman xoşdur. O, dünyanın ən güclü ölkələrindən birinin rəhbəridir, lakin, eyni zamanda, çox təvazökar, çox mehriban insandır. O, elə bir mühit yaradır ki, siz onunla söhbət edəndə sanki köhnə dostunuzla danışırsınız. Mərhum atam iki ölkə arasında münasibətlərin möhkəm təməl üzərində qurulmasında mühüm rol oynamışdır. O, Prezident olanda ilk səfərlərindən birini Çinə etdi. O gündən bu münasibətlər quruldu. Onun irsi bizim hamımız üçün əzizdir. Biz onun yolunu davam etdiririk, o cümlədən xarici siyasət prioritetlərində. Bu prioritetlər sırasında Çin xüsusi yer tutur. Əlbəttə ki, ötən 20 ildə dünya dəyişib, Azərbaycan dəyişib. Lakin prioritetlər dəyişməyib. Odur düşünürəm ki, əgər atam səmadan baxaraq bizim harada olduğumuzu görə bilsəydi, o, Azərbaycana və Çin-Azərbaycan münasibətlərinə görə qürur duymuş olardı. Bu, ölkələrin həmin təcrübədən necə istifadə etməsindən, müxtəlif ölkə liderlərinin digər ölkələrin müsbət təcrübələrindən necə öyrənməsindən asılıdır. Sizə deyə bilərəm ki, Çinin keçdiyi tərəqqi yolu bizim üçün ilham mənbəyi olmuşdur. Mənə gəldikdə, səlahiyyətlərimə başlayanda mənim əsas məqsədim ölkədə siyasi və sosial sabitliyi qorumaq idi. O vaxt ölkə çox yoxsul idi. Əlbəttə ki, bizə müdaxilələr olunurdu, yürütdüyümüz siyasətə təsir göstərmək cəhdləri edilirdi, müxtəlif Qərb dairələri tərəfindən daxili işlərimizə müdaxilələr olunurdu. Belə bir vəziyyətdə siyasi sabitliyi və təhlükəsizliyi qorumaq bir nömrəli vəzifə idi. Çünki mən aydın dərk edirdim ki, bunsuz biz inkişaf edə bilmərik. Belə də oldu. Sonra biz güclü iqtisadiyyat qurmağa başladıq. Bu gün Azərbaycanın xarici borcu ÜDM-in 7 faizindən azdır. Bizim mübadilə olunan valyuta ehtiyatlarımız xarici borcumuzdan 14 dəfə çoxdur. İşsizlik, yoxsulluq səviyyəsini 5 faizə endirdik, iqtisadiyyatımızı şaxələndirdik. Yaşıl gündəlik bizim üçün əsas prioritetlərdəndir. Çin burada çox mühüm rol oynayır. Çünki Azərbaycanda quraşdırılmış Günəş panelləri Çində istehsal olunub.

Bu vaxtadək Çin şirkətləri investorlarla, Azərbaycanın yaşıl enerjisinə sərmayə yatıran şirkətlərlə podratçı qismində çalışırdılar. Hələ ki, bizim imzaladığımız və icra fazasında olan müqavilələr bizə 2030-cu ilə qədər 6500 meqavat bərpaolunan enerji verəcək. Sadəcə, müqayisə üçün deyim ki, Azərbaycanın ümumi quraşdırılmış gücü 8 min meqavat təşkil edir. Beləliklə, beş ildən sonra biz demək olar ki, elektrik enerjisinin bugünkü tutumunu iki dəfə artırmış olacağıq – 6 min meqavat Günəş və külək elektrik enerjisindən əldə olunacaq, 500 meqavat hidroelektrik stansiyalarından gələcək. Bu, bizim üçün həlledici olacaq. Çünki biz elektrik enerjisini istehsal etmək üçün əsasən təbii qazdan istifadə etməyi dayandıracağıq. Biz elektrik enerjisini bərpaolunan enerji resurslarından əldə edəcəyik və təbii qazı beynəlxalq bazarlara ixrac edəcəyik və əlbəttə ki, çoxlu mənfəət əldə edəcəyik. Eyni zamanda, biz daxili ehtiyaclarımız üçün enerjiyə qənaət edəcəyik. Biz artıq küçələrdə hərəkət edən elektriklə işləyən 160 avtobus almışıq. Bu, hamını sevindirir. Biz əlavə 200 avtobusun alınması üçün podrat müqaviləsi bağlamışıq. Biz bu il Azərbaycanda ildə 500 avtobus istehsal etmək gücündə olan BYD-nin elektrik avtobuslarının birgə istehsalına başlayacağıq. Odur ki, bizim planımız Bakının ictimai nəqliyyat sistemini, sonra isə Azərbaycanın bütün digər şəhərlərini tamamilə yaşıl nəqliyyata çevirməkdir. Beləliklə, bizim bərpaolunan enerji resursları ilə bağlı ikitərəfli əlaqələr istiqamətində işləmək üçün həqiqətən də nadir fürsət var. Çünki bu məsələ bizim strategiyamıza və sizin gündəliyinizə uyğundur.

Bu qarşılıqlı addımı atdıqları üçün çinli dostlarımıza minnətdarıq. Keçən il biz birtərəfli qaydada Çin vətəndaşlarını viza almaq tələbindən azad etdik. Bu, ilk dəfə idi ki, baş verirdi. Çinə həqiqətən də xüsusi münasibət göstərilmişdir. Adətən, biz bunu həmişə ikitərəfli əsasda edirdik. Lakin bu halda biz dostluğumuzu və səmimiliyimizi nümayiş etdirmək üçün bunu birtərəfli qaydada etdik. Bu gün, həmçinin həmkarlarımla aviareyslərin sayının artırılması barədə danışdıq. Hazırda düşünürəm ki, həftədə 6 və ya 7 aviareys həyata keçirilir. Ötən il viza rejimi ləğv ediləndən sonra Çindən bundan demək olar ki, iki dəfə çox turist qəbul etdiyimizi nəzərə alsaq, ümidvaram, bu rəqəm artacaq. Bu gün mən öyrəndim ki, 150 milyon çinli xaricə səfər edir. Görüşlərimdən birində söylədim ki, onların cəmi 1 faizi Azərbaycana gəlsə, bizim üçün yetərli olacaq. Çünki, əlbəttə, biz turizm sektorumuzu inkişaf etdirmək istəyirik. Bizim coğrafi üstünlüklərimiz var – Xəzər dənizi, xizək kurortları, meşələr və çaylar və hətta yarımsəhra ərazimiz var. Ona görə də hər kəs zövq almaq üçün bir məkan tapa bilər. Bundan əlavə, çox yaxşı mətbəximiz, qonaqpərvər insanlarımız var. Sadəcə olaraq bizim özümüzü təqdim etməyə, ölkənin təqdimatını etməyə və sözsüz ki, dost ölkələrlə viza rejimini aradan qaldırmağa ehtiyacımız var. Bu gün həqiqətən də tarixi gündür və Azərbaycan vətəndaşları üçün çox yaxşı xəbərdir, çünki onlar sadəcə olaraq bilet alıb Çinə gələ bilərlər.

Sözsüz ki, biz daha çox azərbaycanlının Çinə səfər etməsini, təhsil almaq, işləmək üçün gəlməsini istəyirik. Bəli, bu çox azdır. Əminəm ki, xüsusilə texnologiyanın inkişafında, süni intellekt sahəsində potensialı nəzərə alsaq, onların sayı artacaq. Biz qlobal trendlə ayaqlaşmaq istəyirik. Düşünürəm ki, Azərbaycandan daha çox sayda tələbənin buraya gəlməsi üçün böyük imkan var. Həmçinin, zənnimcə, Azərbaycanda Çin-Azərbaycan Universitetinin yaradılması barədə düşünmək yaxşı fikir olar. Hazırda biz bu imkanın dəyərləndirilməsi mərhələsindəyik. Lakin sözsüz ki, insanlar nə qədər çox səyahət edirlərsə, mədəniyyət, xalq barədə nə qədər çox bilirlərsə, ölkələr arasında əlaqələr bir o qədər də daha sıx olur. Çünki, bəli, biz siyasi qərarlar qəbul edirik, strateji tərəfdaşlarıq. Biz liderlər və hökumətlər olaraq dostuq. Lakin bizim xalqlarımızın da daha çox yaxınlaşmasına, onların da dost olmasına ehtiyacımız var.

Biz Çində 6 Azərbaycan Ticarət Evi açmışıq. Biz artıq Çinə şərab ixrac etməyə başlamışıq. Sizin bazarınızda daha çox payımızın olmasını istəyirik. “Bir kəmər, bir yol” layihəsinə gəlincə, bizim üçün bu təşəbbüs yalnız bir tranzit marşrutu deyil. Biz bu marşrut üzərində şirkətlər qurmaq istəyirik, çünki bizim coğrafi mövqeyimiz əlverişlidir. Biz Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşirik. Bağlantılara gəlincə, biz artıq bütün infrastrukturu – dəmir yollarını, dəniz limanlarını, magistral yolları, 8 beynəlxalq hava limanı inşa etmişik. Biz qlobal miqyasda ən böyük yükdaşıma, hava yolu ilə yükdaşıma şirkətlərindən birinə sahibik. Beləliklə, hədəfimiz bu marşrut üzərində biznes qurmaqdır. Əlbəttə ki, biz Çin şirkətlərinə arxalanırıq. Cəmi bir həftədən də az vaxt bundan əvvəl biznes-forumda hər iki ölkədən müxtəlif şirkətlər iştirak edirdilər, onlar Azərbaycana 300 milyon dollardan artıq həcmdə investisiya yatırılmasına dair sazişlər imzaladılar. Bu gün mən həmkarlarıma söylədim ki, bu, bizim üçün yaxşı göstəricidir. Lakin düşünürəm ki, bu göstərici daha böyük ola bilər. Düşünürəm ki, bu, tamamilə realdır. İndi bizim hədəfimiz bərpaolunan enerji, nəqliyyat və istehsaldır. Bizim bacarıqlı işçi qüvvəmiz var. Əhalimizin sayı artır, bazarımız böyüyür. Beləliklə, vergilər və müxtəlif hüquqi tələblər baxımından Azərbaycanda biznes qurmaq çox asandır. Çoxlu stimullaşdırıcı amillər var. Bizim sadəcə olaraq tərəfləri bir araya gətirməyimizə və Azərbaycanın biznes imkanları barədə çinli iş adamlarına daha çox məlumat çatdırmağımıza ehtiyac var. Biz artıq qonşularımızla birlikdə yüklərin keçidini xeyli asanlaşdırmaq və sürətləndirmək üçün birgə müəssisə yaratmışıq. Məsələn, bu gün nəqliyyat infrastrukturu və həmçinin gömrüyümüzdə idarəetmədə islahatlar, o cümlədən rəqəmsallaşma ilə əlaqədar Çindən Azərbaycan vasitəsilə Qara dənizə yüklərin daşınma müddəti cəmi 10 gündən 12 günədəkdir. Ötən il Çinlə Azərbaycan arasında tranzit daşımalarında 86 faiz artım olub. Bu, yalnız başlanğıcdır. Azərbaycan vasitəsilə nəqliyyat marşrutları həqiqətən də bu gün mövcud olan digər marşrutlar arasında ən təhlükəsiz, ən qısa və ən cəlbedici marşrutlardan biri olacaq. Biz Asiya və Avropa, habelə Şimal və Cənub arasında yerləşirik və hər iki nəqliyyat dəhlizi Azərbaycan ərazisindən keçir. Ancaq həqiqətən tranzit ölkəyə çevrilmək üçün qonşu ölkələr və onların qonşuları ilə yaxşı münasibətlərə malik olmaq lazımdır. Məqsədimiz məhz budur və zənnimcə, biz buna nail olmuşuq. Əlbəttə, biz Şanxay Əməkdaşlıq Təşkilatına daha yaxın olmaq istəyirik. Prezident Si Cinpin məni Zirvə toplantısına dəvət edib və bir neçə aydan sonra mən yenidən Çinə səfər edəcəyəm. Hesab edirəm ki, bizim təşkilatla yaxınlığımız həm təşkilat, həm də Azərbaycan üçün faydalı olar. Çünki biz Xəzərin qərb sahilində yerləşən ölkəyik. Eyni zamanda, Azərbaycan güclü siyasi münasibətlərə və nəqliyyat layihələrinə malik Cənubi Qafqaz ölkəsidir. Çinlə strateji tərəfdaş olmağımız Şanxay Əməkdaşlıq Təşkilatının çətiri altında əməkdaşlığımız baxımından bizə bir çox imkanlar açır. Biz proaktiv olmağa, yəni, öncədən tədbir görməyə davam etməliyik. Azərbaycan Qlobal Cənubun fəal üzvüdür. Biz bunu yalnız Qoşulmama Hərəkatındakı sədrliyimiz deyil, həmçinin COP29-dakı sədrliyimiz zamanı nümayiş etdirdik. Azərbaycan COP29 konfransına ev sahibliyi etdi. Orada şəxsən mən Qlobal Cənubun maraqlarını müdafiə etdim və iqlim dəyişikliyi ilə əlaqədar Qlobal Cənuba aid bəzi dövlətlərin mövcudluğuna olan təhlükələrlə bağlı narahatlığı ifadə etdim.
Biz Azərbaycanda Çini Qlobal Cənubun lideri hesab edirik və burada bu prinsiplər əsasında ölkələrin birləşdirilməsi baxımından Çin xüsusi rol oynayır.

Qoşulmama Hərəkatının “Bandunq prinsipləri” ilə yanaşı, suverenlik, ərazi bütövlüyünə hörmət, daxil işlərə qarışmama, bərabərlik, çoxtərəflilik və heç bir ölkə və ya ölkələr qrupunun digərləri üzərində dominantlığına yol verilməmə prinsipləri bizim üçün vacibdir. Biz onları öz milli maraqlarımız baxımından müdafiə edirik və beynəlxalq birliyin fəal üzvüyük.
Pekində Azərbaycan-Çin arasında imzalanan sənədlər:

“Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”
“Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”.
“Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi ilə Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyi arasında humanitar minatəmizləmə sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə dair Anlaşma Memorandumu”.
“Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında Müqavilə”.
“Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında texniki-iqtisadi əməkdaşlıq haqqında Saziş”.
“Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Elm və Texnologiya Nazirliyi arasında elm və texnologiya sahələrində əməkdaşlıq haqqında Protokol”.
“Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Çin Xalq Respublikasının Ədliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”.
“Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Çin Xalq Respublikasının Mədəniyyət və Turizm Nazirliyi arasında 2025-2029-cu illər üzrə mədəni əməkdaşlıq haqqında Protokol”.
“Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi ilə Çin Xalq Respublikasının Milli Əqli Mülkiyyət Administrasiyası arasında Anlaşma Memorandumu”.
“Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Çin Milli Kosmik İdarəsi (CNSA) arasında kosmosda əməkdaşlıq və kosmik fəzadan dinc məqsədlər üçün istifadə haqqında Anlaşma Memorandumu”.
“Azərbaycan Respublikasının Dövlət Neft Fondu ilə Çinin İnvestisiya Korporasiyası arasında Anlaşma Memorandumu”.
“Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında “Bir kəmər, bir yol” təşəbbüsünün birgə təşviqi üzrə Əməkdaşlıq Planı”.
“Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Çin Xalq Respublikasının Milli İnkişaf və İslahat Komissiyası arasında yaşıl və aşağı karbonlu inkişaf əməkdaşlığına dair Anlaşma Memorandumu”.
“Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Çin Xalq Respublikasının Sənaye və İnformasiya Texnologiyaları Nazirliyi arasında sənaye sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”.
“Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında beynəlxalq multimodal daşımalar haqqında Saziş”.
“Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Çin Xalq Respublikasının Kommersiya Nazirliyi arasında maneəsiz ticarət üzrə ikitərəfli əməkdaşlığın dərinləşdirilməsinə dair Anlaşma Memorandumu”.
“Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Çin Xalq Respublikasının Kommersiya Nazirliyi arasında rəqəmsal iqtisadiyyatda investisiya əməkdaşlığının gücləndirilməsi haqqında Anlaşma Memorandumu”.
“Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilə Sinxua İnformasiya Agentliyi arasında xəbər mübadiləsi və əməkdaşlıq haqqında müqavilə”.
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti ilə Çin Media Qrupu arasında Əməkdaşlıq Sazişi”.
“Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Çin Xalq Respublikasının Milli Məlumat Administrasiyası arasında rəqəmsal iqtisadiyyat üzrə əməkdaşlığın gücləndirilməsinə dair Anlaşma Memorandumu”.
“Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhəri ilə Çin Xalq Respublikasının Sincan-Uyğur Muxtar Rayonunun Urumçi şəhəri arasında qardaşlaşmış şəhər münasibətlərinin qurulmasına dair Niyyət Məktubu”.

Jalə Mehdiyeva
Ağstafa rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı