Azərbaycan-Çin münasibətlərində yeni səhifə

Qlobal geosiyasi dəyişikliklər və dünya sistemində baş verən transformasiyalar fonunda Azərbaycan ilə Çin Xalq Respublikaları arasındakı münasibətlər getdikcə daha strateji xarakter alır. Hər iki ölkə arasında ikitərəfli əməkdaşlığın dərinləşdirilməsinə olan maraq siyasi dialoqun intensivləşməsi, ticarət dövriyyəsinin artması və nəqliyyat-logistika sahəsində əlaqələrin inkişafı ilə aydın şəkildə müşahidə olunur. Beynəlxalq arenada əhəmiyyətli aktor kimi çıxış edən, siyasi və iqtisadi baxımdan nüfuzlu bir ölkə olan Azərbaycan, dünyanın ən güclü dövlətlərindən biri sayılan Çinlə strateji tərəfdaşlığını daha da möhkəmləndirməyə maraqlıdır.
Dövlət başçımız müsahibəsində strateji tərəfdaşlığın dərinləşməsi, Azərbaycanın Çinin “Kəmər və yol” təşəbbüsündə əməkdaşlığı, Birgə Bəyannamənin tarixi əhəmiyyəti barədə mühüm mesajlar səsləndirdi. Müsahibədə Prezident İlham Əliyev Çin səfərindən gözləntilərini də açıqladı, əməkdaşlığın qlobal və regional iqtisadi rihafa müsbət təsir göstərəcəyinə ümidvar olduğunu vurğuladı.
Prezident İlham Əliyev Azərbaycan ilə Çin arasında strateji tərəfdaşlığın yeni, müsbət məzmunla zənginləşdiyini bildirərək iki ölkə arasında qədim tarixə və xeyirxah ənənələrə əsaslanan münasibətlərin yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdırdı.
Beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi mövqeyini gücləndirən Azərbaycan, Çin ilə ikitərəfli əlaqələrin davamlı inkişafına xüsusi əhəmiyyət verir. Son dövrlərdə iki ölkə arasında əməkdaşlığın yüksək dinamika ilə inkişaf etməsi, dövlət və hökumət rəsmilərinin qarşılıqlı səfərləri, eləcə də müxtəlif sahələrdə yeni əməkdaşlıq münasibətlərinin formalaşması bunu bir daha təsdiqləyir.
Bir-birinin ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşan ölkələrimiz öz fəaliyyətləri ilə regional və qlobal müstəvidə sülhü, sabitliyi, inkişafı, qarşılıqlı əməkdaşlığı təşviq edirlər. Dövlətimizin başçısının müsahibəsində qeyd etdiyi kimi, Azərbaycan ilə Çin arasında əmtəə dövriyyəsinin həcmi 2024-cü ildə əvvəlki illə müqayisədə 20,7 faiz artıb və 3,744 milyard dollar təşkil edib, Çin Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşına çevrilib. Azərbaycanın Çinin müxtəlif şəhərlərində fəaliyyət göstərən ticarət və şərab evləri tərəfdaş ölkələrimiz arasında ticarət əlaqələrinin inkişafında önəmli rola malikdir.
İki ölkə arasında humanitar əməkdaşlıq uğurla inkişaf edir. Heydər Əliyev Fondu ilə Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyası arasında əməkdaşlıq xalqlarımız arasında dərin köklərə malik əlaqələrin genişləndirilməsində mühüm rola malikdir. Eyni zamanda, ölkələrimizin ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir. Ötən il Azərbaycan Çin vətəndaşlarına münasibətdə vizasız rejimi birtərəfli qaydada tətbiq etdi. Dövlətimizin başçısının da bildirdiyi kimi, ölkələrimizin vətəndaşlarının vizasız gediş-gəlişinin asanlaşdırılması turist axınının artmasına kömək edəcək və bununla da iqtisadi, humanitar və mədəni əlaqələr genişlənəcək.
Yunis Eyyubov
YAP Ağstafa rayon təşkilatının əməkdaşı