Azərbaycan-Vyetnam əlaqələri dərin tarixi köklərə və böyük gələcək perspektivlərə malikdir

2025-ci il mayın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vyetnamın rəsmi informasiya orqanı olan “Vietnam News Agency” agentliyinə verdiyi geniş müsahibə iki ölkə arasında çoxşaxəli və tarixi əlaqələrin cari vəziyyətini və gələcək inkişaf istiqamətlərini əhatə edən mühüm sənəd kimi qiymətləndirilə bilər.
Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan ilə Vyetnam arasında dostluq münasibətləri yarım əsrdən artıq bir tarixə söykənir. Bu münasibətlərin əsası 1959-cu ildə Vyetnamın əfsanəvi lideri Ho Şi Minin Azərbaycan SSR-ə səfəri zamanı qoyulub. Daha sonra, 1983-cü ildə Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin Vyetnama səfəri iki ölkə arasında əməkdaşlığın təməl daşına çevrilmişdir.
İki ölkə arasında münasibətlərin möhkəmlənməsində dövlət başçılarının qarşılıqlı səfərləri də mühüm rol oynayıb. Prezident İlham Əliyevin 2014-cü ildə Hanoya səfəri və 2015-ci ildə Vyetnam Prezidenti Çıonq Tan Şanqın Azərbaycana rəsmi səfəri bu istiqamətdə yeni səhifə açmışdır. Həmin səfərlər çərçivəsində ticarət, sənaye, energetika, nəqliyyat və digər sahələri əhatə edən əməkdaşlıq sənədləri imzalanmış, həmçinin Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyası yaradılmışdır. 2024-cü ildə isə ölkələr arasında əmtəə dövriyyəsi 223,93 milyon ABŞ dollarına çatıb.
Azərbaycan ilə Vyetnam arasında neft sahəsindəki əlaqələr xüsusi əhəmiyyət daşıyır. Müsahibədə Prezident xatırladıb ki, 2019-cu ildə SOCAR ilə “Binh Son Refinery and Petrochemical Company” arasında müqavilə imzalanıb. Neft sahəsində əməkdaşlığın kökləri daha da qədimlərə – azərbaycanlı mütəxəssislərin Vyetnamın neft sənayesinin formalaşmasında iştirak etdiyi dövrlərə gedib çıxır. 1981-ci ildə “Veso Petrol” müştərək müəssisəsinin ilk baş direktoru azərbaycanlı Cəlal Məmmədov olmuşdur.
Prezident İlham Əliyev həmçinin mədəni, humanitar və təhsil əlaqələrinin tarixi və müasir vəziyyəti barədə danışıb. 1950-ci illərdən başlayaraq mədəni mübadilə sahəsində bir çox layihələr həyata keçirilib. Məşhur bəstəkar Qara Qarayevin “Vyetnam süitası”, rejissor Əjdər İbrahimovun Vyetnamda kino sahəsindəki xidmətləri bu əlaqələrin bariz nümunələridir. Sovet dövründə Azərbaycanda təhsil almış 5 minə yaxın vyetnamlı mütəxəssisin bir çoxu bu gün Vyetnamın dövlət idarələrində məsul vəzifələr tutur.
Heydər Əliyev Fondunun da bu istiqamətdə fəaliyyəti diqqətəlayiqdir. Fond 2018-ci ildən bəri Vyetnamda sosial layihələr həyata keçirir. Bu ilin aprel ayında Fondun vitse-prezidenti Leyla Əliyeva Hanoyda bir sıra görüşlər keçirib və Hanoy Ticarət və Turizm Kollecinə maliyyə dəstəyi göstərilməsinə dair sənəd təqdim olunub.
Müsahibədə Prezident İlham Əliyev vurğulayıb ki, Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi cənab To Lamın Azərbaycana qarşıdakı səfəri münasibətlərin inkişafında yeni mərhələ olacaq. Bu səfər siyasi dialoq, iqtisadi əməkdaşlıq və mədəni mübadilənin daha da genişlənməsinə təkan verəcək.
Eyni zamanda, turizm sahəsi də əməkdaşlığın perspektivli istiqamətlərindən biri kimi göstərilir. Bakı ilə Vyetnam şəhərləri arasında birbaşa hava əlaqəsinin yaradılması bu sahədə sıx təmaslara və xalqların bir-birini daha yaxından tanımasına şərait yaradacaq.
Prezident İlham Əliyev qeyd edib ki, Vyetnamdan gələn tələbələrə hər zaman açıq qapı siyasəti tətbiq edilir. Azərbaycanın təklif etdiyi qrant və təqaüd proqramları çərçivəsində vyetnamlı gənclər ali təhsil almaqla yanaşı, ikitərəfli münasibətlərin möhkəmlənməsinə də töhfə verirlər.
Sonda dövlət başçısı əminliklə bildirib ki, Azərbaycan ilə Vyetnam arasında əlaqələr siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə davamlı şəkildə inkişaf edir və bu əməkdaşlıq gələcək nəsillər üçün də etibarlı və sarsılmaz təməl olacaq.
Səbinə İsgəndərli
Ağstafa rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı