Azərbaycan–Macarıstan strateji tərəfdaşlığı

Azərbaycan ilə Macarıstan arasında siyasi əlaqələr yüksək səviyyədədir. Ölkələr arasında ali səviyyədə dialoq mövcuddur. İki ölkə arasında siyasi dialoq yüksələn xətlə inkişaf etməkdədir. Belə ki, 1991-ci il dekabrın 26-da Azərbaycan Respublikasının müstəqilliyini tanıyan Macarıstanla diplomatik münasibətlər 1992-ci il aprelin 27-də qurulub. 2004-cü ildə Azərbaycanın Macarıstanda, 2009-cu ildə isə Macarıstanın ölkəmizdə səfirliyi təsis olunub. İki ölkə arasında parlamentlərarası münasibətlər də yüksək səviyyədə inkişaf edir. Əlaqələrin inkişafında 2014-cü ildə imzalanmış Strateji Tərəfdaşlığa dair Birgə Bəyannamə mühüm rol oynayıb. Bu proses 2023-cü ilin yanvarında imzalanan Genişləndirilmiş Strateji Tərəfdaşlığa dair Birgə Bəyannamə ilə daha da güclənib və ikitərəfli münasibətlərin yeni mərhələyə qədəm qoymasına səbəb olub. Çoxtərəfli platformada, xüsusilə BMT, ATƏT, NATO, Aİ, Şərq Tərəfdaşlığı, Vişeqrad Qrupu, Türk Dövlətləri Təşkilatı çərçivəsində iki ölkə arasında davamlı əməkdaşlıq əlaqələri inkişaf etdirilir. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Avropa İttifaqının üzvü olan Macarıstana mayın 20-də Baş naziri Viktor Orbanın dəvəti ilə səfəri ölkələrimiz arasında əlaqələrin inkişafında mühüm hadisə oldu.
Macarıstana işgüzar səfər edən Azərbaycan Prezidenti İlham Əliyevin Budapeştdə Macarıstanın Baş naziri Viktor Orbanla geniş tərkibdə görüşü olub. Görüşün ardından liderlər mətbuata bəyanatla çıxış ediblər. Viktor Orban deyib ki, Budapeştdə Macarıstanın köhnə dostunu görürlər: “Siyasi sahədə, enerji məsələsində nə zaman çətinliklə üzləşsək, Prezident İlham Əliyevi yanımızda görmüşük”. Azərbaycan Prezidenti İlham Əliyev vurğulayıb ki, “Macarıstan-Azərbaycan əlaqələri uğurla inkişaf edir. Biz dost ölkələrik, strateji tərəfdaşıq”. Əminliklə deyə bilərik ki, bu görüş ölkələrimiz arasında münasibətlərin bundan sonrakı inkişafına təkan verəcək. Genişdə Prezident İlham Əliyev Azərbaycan-Macarıstan münasibətlərinin keçmişdə də qarşılıqlı dəstək, inam, tərəfdaşlıq və dostluğa əsaslandığını qeyd edib: “Münasibətlərimizin artıq yaxşı tarixi var. Bu, qarşılıqlı dəstək və etimad, eləcə də tərəfdaşlıq və dostluq tarixidir. Bu, həqiqətən, böyük zənginlikdir. Buna görə biz hazırda əməkdaşlığın yeni sahələrini araşdırırıq. Tərəfdaşlığımız üçün artıq çox möhkəm zəmin yaranıb”.
Ölkələr arasında “Genişləndirilmiş strateji tərəfdaşlıq münasibətləri haqqında Birgə Bəyannamə”nin imzalanması ikitərəfli münasibətlərimizin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasının bariz göstəricisidir. Macarıstan Azərbaycan ilə enerji sahəsində əməkdaşlığa böyük əhəmiyyət verir və Avropanın enerji təhlükəsizliyinin təminatında ölkəmizin oynadığı mühüm rolu daim təqdir edir. Dost ölkə Cənub Qaz Dəhlizi layihəsini dəstəkləyir və ona qoşulmaqla bağlı marağını ifadə edib. Ölkələrimiz arasında enerji sahəsində əməkdaşlıqda 2022-ci ilin dekabrında Buxarestdə imzalanan Azərbaycan, Macarıstan, Rumıniya və Gürcüstan Hökumətləri arasında yaşıl enerji sahəsində strateji tərəfdaşlığa dair Saziş mühüm yer tutur. Həmin Sazişdən irəli gələrək qeyd olunan ölkələr arasında yaşıl enerjinin ötürülməsi məqsədilə Gürcüstan və Qara dənizdən keçəcək sualtı elektrik enerjisi kabelinin çəkilməsi ilə bağlı layihənin icrası istiqamətində səylər uğurla davam etdirilir. Bu layihənin icrası region və Avropa bazarları arasında elektrik enerjisinin ixracı imkanlarının genişləndirilməsi, xüsusən Xəzər dənizin Azərbaycan sektorundakı böyük külək enerjisi potensialı sayəsində Avropanın enerji təhlükəsizliyinin şaxələndirilməsi mühüm rol oynayacaq.
Macarıstanda işgüzar səfərdə olan dövlət başçısı İlham Əliyevin bu ölkənin Baş naziri Viktor Orbanla keçirdiyi məhdud və geniş tərkibdə görüşlər, həmçinin liderlərin mətbuata bəyanatları iki ölkənin münasibətlərinin dünəninə, bugününə baxış olmaqla yanaşı, perspektivlərə işıq salır. “Biz dost ölkələrik, strateji tərəfdaşıq” söyləyən Prezident İlham Əliyev onu da xüsusi vurğuladı ki, Azərbaycanla Macarıstan arasında bir çox oxşarlıqlar var. Bunlardan biri tarixi köklərimizə bağlılıqdır.
Tağı İmamverdiyev
YAP Ağstafa rayon təşkilatının əməkdaşı