Heydər Əliyev şəxsiyyətinin Azərbaycanın dövlətçilik tarixində müstəsna yeri vardır

Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub. Məhz Heydər Əliyevin siyasi kursu nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynayıb və ölkəmizi dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevirib.
Azərbaycan dövlətçiliyinin qorunub saxlanılması və inkişaf etdirilməsi, xalqımızın rifah halının yaxşılaşdırılması üçün misilsiz xidmətlər göstərmiş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi qədirbilən xalqımız tərəfindən daima böyük hörmət və sevgi hissi ilə xatırlanır, ruhuna dualar oxunur. Ümummilli Liderin xalqımız və dövlətimiz qarşısında xidmətlərinin miqyası o qədər böyükdür ki, onları indiki və gələcək nəsillərə çatdırmaq üçün müxtəlif sahələri əhatə edən tədbirlərin keçirilməsinə böyük ehtiyac duyulur. Keçirilən tədbirlərin məqsədi bütün mənalı ömrünü Azərbaycanın tərəqqisinə həsr etmiş Ümummilli Liderin həyatının və çoxşaxəli fəaliyyətinin daha dərindən öyrənilməsi və təbliğ edilməsindən ibarətdir.
Azərbaycanın dövlətçilik tarixinin çox mühüm mərhələsi dünya şöhrətli siyasətçi, böyük dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər öz mənalı və zəngin ömrünü bütövlükdə millətinə, xalqına, vətəninə və dövlətinə həsr etmiş, müqəddəs amallar uğrunda müstəsna fəaliyyət göstərmişdir. Məhz Ulu Öndərin gərgin əməyi və qətiyyətli siyasəti sayəsində yeni, müasir Azərbaycan dövləti qurulmuş, ölkəmiz dünya məkanında öz layiqli yerini tutmuşdur. Dahi şəxsiyyətin Azərbaycana rəhbərlik etdiyi dövr çoxəsrlik dövlətçilik tariximizin ən şanlı səhifələrindəndir. Heydər Əliyevin əsasını qoyduğu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanın tərəqqisini təmin edib, torpaqlarımız işğaldan azad olunub və ölkəmiz möhtəşəm nailiyyətlərə imza atmaqdadır.
Ulu öndər Heydər Əliyevin xaos və anarxiyadan, dövlətçiliyin itirilməsi təhlükəsindən xilas edib dinamik islahatlar yoluna çıxardığı Azərbaycan hazırda onun layiqli davamçısı – Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən dövlətinə çevrilmişdir. Qazanılan uğurlar Azərbaycanın beynəlxalq aləmdə mövqeyini də əhəmiyyətli dərəcədə gücləndirir. Əminliklə demək olar ki, bu gün ölkəmiz dünya birliyinin tam bərabərhüquqlu üzvüdür, söz sahibi olan dövlətdir. Azərbaycanın inkişafı onu siyasi, iqtisadi və mədəni cəhətdən nəinki regional, hətta qlobal mərkəzə çevirməkdədir. İlk növbədə siyasi sahədə qazanılan nailiyyətlər Azərbaycanı beynəlxalq ictimaiyyətə daha yaxşı tanıtdırmaqla bərabər, dünyanın diqqətini respublikamıza yönəldə bilib. Ölkəmiz beynəlxalq birliyin müstəqil üzvü kimi öz mənafelərini qarşılıqlı hörmət prinsipi çərçivəsində həyata keçirir. Bu isə Azərbaycanın müstəqil inkişafını təmin etməklə yanaşı, öz gücünə inamını, eləcə də ölkəmizə olan etimadı artırır.
Heydər Əliyev dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir, müstəqil Azərbaycan dövlətinin qurulmasına və xalqımızın uzun illərdən bəri arzuladığı müstəqilliyinə çatmasına nail olmuşdur. Azərbaycanın bu gün müstəqil dövlət kimi mövcudluğu üçün Heydər Əliyevə borcluyuq.
Müasir müstəqil Azərbaycanın memarı, ümummilli lider Heydər Əliyev tarix yaradan əvəzolunmaz şəxsiyyətdir. Görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, Azərbaycan dövlətçiliyini bütün təhlükələrdən qoruyan və inkişaf etdirən qüdrətli şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyəti müasir tariximizin şərəfli mərhələsini təşkil edir. Nə qədər Azərbaycan var, nə qədər bu millət var, Heydər Əliyev də var olacaq və əziz xatirəsi qəlbimizdə hər zaman əbədi yaşayacaqdır.
Əhmədov Mübariz Tahir oğlu- Qax rayon notarius ofisinin notariusu