22 May 2025

Azərbaycan – Vyetnam münasibətləri dostluq və səmimi tərəfdaşlığa əsaslanır

Ərazi bütövlüyünü təmin etmiş suveren Azərbaycan dövləti özünün beynəlxalq və iktərəfli əməkdaşlıq coğrafiyasını daha da genişləndirməkdədir. Ölkəmizin atan nüfuzu fonunda xarici siyasətin əsas istiqamətlərindən biri də Cənubi-Şərqi Asiya ölkələri, o cümlədən Vyetnamla əlaqələrin inkişafına böyük önəm verməsidir. Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunması, onun dünya dövlətləri tərəfindən tamınması dünyəvi proseslərdə yeniliklər yaratdı. Bu yeniliklər müxtəlif dövlətlərlə ikitərəfli münasibətlər yaratdı. Belə münasibətlər təkcə ərazi baxımından yaxın dövlətlər arasında deyil, uzaq qitələrdə yerləşən dövlətlər arasında da yarandı.

Azərbaycanla ikitərəfli münasibətlər saxlamağa maraqlı olan dövlətlər belə münasibətlərin yaranmasını xarici siyasəti üçün prioritet bildi. Azərbaycanla Vyetnam arasında ikitərəfli əlaqələrin yaranması və formalaşması da bu baxımdan diqqəti çəkir. Hələ SSRİ dönəmində, 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Min Azərbaycan SSR-ə səfər etmişdi. O dövrdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olan Heydər Əliyev 1983-cü ildə Vyetnamda səfərdə olmuşdu. Vyetnam onda Azərbaycan adlı bir məmləkət haqqında ilkin siaysi, iqtisadi, mədəni təəssüratlara malik olmuşdu. Dövlətimizin başçısı cənab İlham Əliyevin 2014-cü ildə Vyetnama səfəri həm Ulu Öndərin vyetnamlılarla dostluğunun davam etdirilməsi, həm də müasir dövrdə iki ölkə arasında münasibətlərin genişləndirilməsi üçün mühüm rol oynayıb. Vyetnamın rəhbər şəxsləri ilə görüşlərdə tarixi kökləri olan dostluğun möhkəmləndirilməsinə, ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə dair müzakirələr aparılır, bir neçə sənəd imzalanır. 2015-ci ildə Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanq Azərbaycana rəsmi səfər edir. Beləcə yüksəksəviyyəli qarşılıqlı səfərlər ənənəsi yaranır. Bu səfərlər dövlətlər arasında ikitərəfli və çoxşaxəli münasibətlərin inkişafına təkan verərək, iqtisadi, siyasi, mədəni-humanitar və digər sahələrdə əməkdaşlığın dərinləşməsinə etibarlı zəmin yaradıb

Bu gün iki ölkə arasında əməkdaşlığın inkişafında İqtisadi-ticari və elmi-texniki əməkdaşlıq üzrə Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyasının fəaliyyəti əhəmiyyətli rol oynayır. Ölkələrimizin iqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi, kənd təsərrüfatı, humanitar, turizm, təhsil və sair sahələr üzrə əməkdaşlığın inkişafı üçün geniş perspektivlər var.

“Ölkələrimiz ən müxtəlif sahələrdə əməkdaşlıq potensialını bundan sonra da inkişaf etdirmək üçün bütün imkanlara malikdir”, – deyə Azərbaycan Prezidenti İlham Əliyev Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycan Respublikasına dövlət səfəri ərəfəsində “Vietnam News Agency” agentliyinə müsahibəsində söyləyib. İqtisadi-ticari münasibətlərə toxunan dövlətimizin başçısı qeyd edib ki, bu gün təkcə iqtisadi artımı stimullaşdıracaq deyil, həm də qarşılıqlı faydalı tərəfdaşlıq üçün dayanıqlı zəmin yaradacaq, bununla da öz növbəsində iqtisadiyyatlarımızın gələcəkdə də şaxələndirilməsinə kömək edəcək yeni əməkdaşlıq imkanları mövcuddur.

Azərbaycan Prezidentinə ünvanlanan “Siz ölkələrimiz arasında ikitərəfli münasibətlərin və əməkdaşlığın indiki vəziyyətini necə qiymətləndirirsiniz?” sualına cavab olaraq dövlət başçımız bildirib ki, Azərbaycanı və Vyetnamı yarım əsrdən artıq tarixə malik dostluq münasibətləri birləşdirir. Şübhəsiz ki, tarixi əlaqələr ölkələrimiz arasında əməkdaşlığın inkişafının möhkəm təməlinə çevrilib. Göründüyü kimi, bu gün Azərbaycanla Vyetnam arasında münasibətlər bütün əsas sahələr üzrə uğurla inkişaf edir. Mövcud münasibətlər Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycan Respublikasına dövlət səfərindən sonra daha da genişlənəcəkdir.

Tağı İmamverdiyev
YAP Ağstafa rayon təşkilatının əməkdaşı