Tarixi təşəbbüs

Hər bir xalqın tanınmasında dil əhəmiyyətli rol oynayır. Ulu Öndər Heydər Əliyev daim bu çağırışı edirdi: “Dil, dil, bir də dil… Dili inkişaf etdirməliyik. Mən demişəm və bu gün də deyirəm. Bizim gənclərə deyirəm ki, rus dilini yaxşı bilin, ingilis, fars, ərəb, fransız dillərini də yaxşı bilin. Amma bunların hamısından yaxşı öz Azərbaycan dilimizi öyrənin. Əgər bunu bilməsən, sən tam azərbaycanlı olmursan”.
Azərbaycançılıq ideologiyasının qorunması və inkişaf etdirilməsi Ümummilli Liderin fəaliyyətinin əsasını təşkil edirdi. O, böyük qürur hissi ilə bildirmişdir ki, fəxr edirəm ki, mən azərbaycanlıyam. Dahi Lider Heydər Əliyev hələ keçmiş SSRİ imperiyasında rus dilinin ikinci ana dili kimi ölkənin bütün bölgələrində kütləvi şəkildə işlədildiyi bir vaxtda konfrans və yığıncaqlarda, yubileylərdə Azərbaycan dilində çıxışlar etmişdir. Bu siyasət məhz ötən əsrin 70-ci illərində daha güclü şəkildə özünü büruzə vermişdir. Belə ki, həmin illərin ortalarından başlayaraq SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirildi. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq cəsarət tələb edirdi. 30-ci illərdə dil məsələsini qabardanlar Sibirə sürgün olunurdu. Hətta milli respublikaların rəhbərləri də ana dili məsələsini gündəmə gətirməkdə aciz idilər. Bütün bunlara baxmayaraq, o vaxt Azərbaycan Respublikasının rəhbəri olan Ulu Öndər Heydər Əliyev dil məsələsində öz mövqeyini çox cəsarətlə, qətiyyətlə bildirmişdir. Azərbaycan dilinin ölkənin dövlət dili elan edilməsində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin çox böyük xidmətləri olmuşdur. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 27 aprel 1978-ci il tarixində Azərbaycan SSR Konstitusiyasına “Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir” maddəsi əlavə olunmuşdur.
1993-cü ildə Ümummilli Liderin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra da Azərbaycan dilinə diqqət əsas məsələlər sırasında oldu. 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülmüşdür. Ulu Öndər müstəqil dövlətimizin yeni Konstitusiya layihəsini hazırlayan komissiyanın 5 noyabr 1995-ci ildə keçirilən iclasında müzakirələrin məntiqi nəticəsi kimi dövlət dilinin adı barədə öz qəti fikrini bildirdi: “Mən hər bir dilə hörmət edirəm və ehtiramımı bildirirəm. Hesab edirəm ki, Azərbaycan dili ilə fəxr edə bilərik. Çünki bu zəngin dildir, artıq dünyada tanınmış dildir. Xalqımızın da, dilimizin də adı tanınıb. Bu reallıqdır.” Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır. Bundan sonra ana dilimizin inkişafı və qorunması işi daha da gücləndirildi. Bundan sonra dövlət səviyyəsində ana dilinin inkişafı və qorunması istiqamətində bir çox əhəmiyyətli sənədlər qəbul edildi. 2001-ci il iyulun 18-də Ulu Öndər tərəfindən “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalandı. Bu sənəd ana dilimizin inkişafı üçün böyük imkanlar yaratdı. Fərmanda deyilirdi: “İnkişaf etmiş zəngin dil mədəniyyətinə malik xalq əyilməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir. Bu, onun müqəddəs vətəndaşlıq borcudur”.
Son 21 ildən artıq dövrdə Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycan dilinin saflığının qorunması istiqamətində biri-birindən mühüm addımlar atır. Ana dilimiz – ədəbi dilimiz xalqımızın tarixən təşəkkül tapmış milli sərvətidir. Bu milli sərvətə isə heç kəsin soyuqqanlı yanaşmasına yol vermək olmaz. Milli sərvətimizi qorumaq, onun keşiyində ayıq-sayıq durmaq hamımızın müqəddəs borcu və gündəlik vəzifəsidir. Ulu Öndər Heydər Əliyev bildirmişdir: “Biz fəxr edirik ki, müstəqil Azərbaycan Respublikasının dövlət dili olan Azərbaycan dili son bir əsrlik dövr ərzində böyük inkişaf yolu keçərək lüğət tərkibini zənginləşdirmiş, qrammatik quruluşunu cilalamış və dünya dilləri içərisində öz layiqli yerini tutmuşdur”.
Etibar Hacıyev
YAP Ağstafa rayon təşkilatının sədri