22 May 2025

Ağstafada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibəti ilə növbəti tədbir keçirilib

08 may 2025-cü il tarixdə Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının “Mədəniyyət şöbəsi”, “Mərkəzi Xəstəxana” və “Ağstafaçay HQİİ” Ərazi Partiya Təşkilatlarından olan partiya fəallarının iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü əlaqədar tədbir keçirilib.

Əvvəlcə Ulu Öndərin mənalı ömür yolu, Azərbaycan xalqı və dövləti qarşısındakı misilisiz tarixi xidmətlərindən bəhs edən kitab sərgisinə baxılıb.

Tədbirə başlamazdan öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan “Mədəniyyət şöbəsi” Ərazi Partiya Təşkilatının sədr müavini Solmaz Nağıyeva bildirib ki, Heydər Əliyev şəxsiyyətinin Azərbaycanın dövlətçilik tarixində müstəsna yeri vardır. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olubUlu Öndərin siyasi kursu nəticəsində Azərbaycan özünün iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynayıb və ölkəmiz dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilib.

Daha sonra çıxış edən natiqlər – YAP Ağstafa rayon təşkilatının əməkdaşı Aytən Məmmədli, “Mədəniyyət şöbəsi” Ərazi Partiya Təşkilatının üzvləri Günay Qədiməliyeva, Səadət Nağıyeva və Göyçək Sadıxova geniş məruzə ilə çıxış edərək qeyd ediblər ki, Ulu Öndər Heydər Əliyevin xaos və anarxiyadan, dövlətçiliyin itirilməsi təhlükəsindən xilas edib dinamik islahatlar yoluna çıxardığı Azərbaycan hazırda onun layiqli davamçısı – Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən dövlətinə çevrilmişdir. Qazanılan uğurlar Azərbaycanın beynəlxalq aləmdə mövqeyini də əhəmiyyətli dərəcədə gücləndirir. Bu gün ölkəmiz dünya birliyinin tam bərabərhüquqlu üzvüdür, söz sahibi olan dövlətdir. Ölkəmiz beynəlxalq birliyin müstəqil üzvü kimi öz mənafelərini qarşılıqlı hörmət prinsipi çərçivəsində həyata keçirir. Bu isə Azərbaycanın müstəqil inkişafını təmin etməklə yanaşı, öz gücünə inamını, eləcə də ölkəmizə olan etimadı artırır.