Qənirə Paşayeva “İraq–Türkman poeziya antologiyası”nın təqdimatında çıxış edib FOTOLAR
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva martın 14-də Milli Kitabxanada Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Milli Məclisin Mədəniyyət Komitəsi və M.F.Axundov adına Milli Kitabxananın birgə təşkilatçılığı ilə görkəmli ədəbiyyatşünas alim, Əməkdar elm xadimi, professor Qəzənfər Paşayevin nəşrə hazırladığı və geniş önsöz yazdığı “İraq–Türkman poeziya antologiyası”nın II cildinin təqdimat mərasimində çıxış edib.
media1.az xəbər verir ki, Q.Paşayeva bu təqdimatın məhz kitab məbədimiz olan Milli Kitabxanada keçirilməsi, təqdimatda Millət vəkillərinin, Mədəniyyət Nazirinin I müavininin, Kərküklü araşdırmaçı-yazar Şəmsəddin Kuzəçinin, alimlərin, yazarların, gənclərin, vətəndaş cəmiyyəti institutları təmsilçilərinin iştirakını görməyin çox xoş olduğunu söyləyib: “Əslində, bu gün danışmaq mənimçün həm asandır həm də çətin. Asandır: çünki İraq-Türkman ədəbiyyatı bizə əziz, doğma mövzudur. Mən hələ uşaqlıqdan evimizdə, əmimgilin evində bu mövzuda, ümumazərbaycan, Türk dünyası mədəniyyəti ilə bağlı söhbətlərin, müzakirələrin şahidi olmuş, öyrənmişəm. Öyrəndikcə də, İraqdakı soydaşlarımızın, Ümummilli liderimiz Heydər Əliyevin sözləri ilə desək, “bir bütövün parçaları” olan, İraqda olsalar da, bizə iraq olmayan doğmalarımızın ədəbiyyatına, mədəniyyətinə vurulmuşam. Çətindir ona görə ki, İraq-Türkman ədəbiyyatından danışmaq, eyni zamanda mənim öz əmim haqqında danışmağım demək olur. Qəzənfər müəllim İraq-Türkman ədəbiyyatı sahəsində məktəb yaradıb, bu sahədə ilklərə imza atıb. Bugünlərdə biz Suriya türkmanları haqqında kitab üzərində işləyirik. Gəldiyim ilk qənaət ondan ibarətdir ki, Suriyadakı soydaşlarımızın bəxtinə Qəzənfər müəllim kimi bir araşdırmaçı, yanar ürək sahibi düşməyib. Etiraf edək, Suriya türkmanlarını İraq türkmanları qədər tanımır, bilmirik. Çünki onlar haqqında çox az yazılıb, az tədqiq olunub.
Təşəkkürlərimiz həm də, İraqlı yazar, araşdırmaçı dostlarımızadır. Onlar onlarla kitab yazıb, təqdimatlar keçirib, ardıcıl təbliğat işi ilə məşğul olublar. Belə aydınlarımızın öndə gələnlərindən biri Şəmsəddin Kuzəçi qardaşımızdır. O, 20 ildən artıqdır, Azərbaycana səfərlər edir, “bir bütövün parçaları” arasındakı tarixi, mədəni bağların öyrənilməsi, güclənməsi üçün çalışır, yazır, təqdimatlar təşkil edir. Biz 44 günlük Vətən müharibəsində Şəmsəddin Kuzəçinin, İraqlı soydaşlarımızın davamlı mənəvi, informasiya dəstəyini gördük.
Buna görə ona bir daha təşəkkür edirəm. Şəmsəddin bəyin yaradıcılığında, araşdırmalarında Azərbaycan həmişə əsas yerlərdən birini tutub.
Bu gün təqdimatını keçirdiyimiz “İraq – Türkman poeziya antologiyası”nın II cildi də, əsasən onun hazırlamış olduğu nəşrlər əsasında tərtib olunub. Qəzənfər müəllim bunu, antologiyaya yazdığı “önsöz”də qədirşünaslıqla vurğulayıb.
Bir daha Qəzənfər müəllimi, Şəmsəddin qardaşımızı bu nəcib layihə, bu gözəl kitab münasibəti ilə təbrik edir, yeni yaradıcılıq uğurları diləyirəm. Tədbirin təşkilatçılraına, kitabın nəşrinə dəstək göstərən hər kəsə, o cümlədən RHİM İB sədri Arzu Bağırovaya, “NƏFƏS” İB sədri Firəngiz Balakişiyevaya, təqdimatda iştirak edən siz dəyərli dostlarımızın hər birinə könül dolusu təşəkkür edirəm”.
Tədbirdə Mədəniyyət Nazirinin birinci müavini Elnur Əliyev, Milli Kitabxananın direktoru, professor Kərim Tahirov, Millət vəkilləri – Xalq şairi Sabir Rüstəmxanlı, akademik Nizami Cəfərov, professor Anar İsgəndərov, Arzu Nağıyev, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, görkəmli şair Məmməd İsmayıl, görkəmli yazıçı Seyran Səxavət çıxış edərək, ürək sözlərini bölüşüb.
Çıxışlarda, təqdim olunan kitab gərgin əməyin nəticəsi kimi qiymətləndirilib, Qəzənfər Paşayev və Şəmsəddin Kuzəçi kitab, kitabxana və kitabxanaçıların dostu olaraq xarakterizə olunub: “Çağdaş İraq–Türkman şairlərinin poeziya örnəklərini əhatə edən antologiyanın hər iki cildi Azərbaycanlı poeziya sevərlərin rəğbətini qazanacaq, tədqiqatçıların diqqət mərkəzində olacaqdır. Antologiya İarqlı soydaşlarımızın ədəbiyyatının, mədəniyyətinin öyrənilməsi baxımından çox dəyərlidir”.
Kitabın tərtibçisi və ön söz müəllifi, Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev, Kərkük Mədəniyyət Mərkəzinin və İraq-Türkman Qəzetəçilər Cəmiyyətinin başqanı, araşdırmaçı-yazar Dr. Şəmsəddin Kuzəçi çıxış edərək, təşkilatçılara, çıxışçılara və bütün iştirakçılara öz təşəkkürlərini bildirib.
Sonda Kərkük Mədəniyyət Mərkəzinin və İraq-Türkman Qəzetəçilər Cəmiyyətinin başqanı, araşdırmaçı-yazar Dr. Şəmsəddin Kuzəçi Mədəniyyət nazirinin I müavini Elnur Əliyev, MM Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva, RHİM İB sədri Arzu Bağırova, “NƏFƏS” İB sədri Firəngiz Balakişiyeva, Milli Kitabxananın direktoru Kərim Tahirov, dekorativ tətbiqi sənət ustası Aygün Nağıyevaya Kərkük Mədəniyyət Mərkəzinin fəxri üzvlük bəlgəsini təqdim edib.
Q.Paşayeva MM Mədəniyyət Komitəsi adından Ş.Kuzəçiyə “Təşəkkür məktubu” və Qarabağ motivli xatirə hədiyyəsi təqdim edib. İştirakçılar Milli Kitabxananın fondunda olan – professor Qəzənfər Paşayevin yaradıcılığını əhatə edən kitabların sərgisi ilə tanış olub.
Musavat.com