22 Dekabr 2024

27 ildən sonra düşmən işğalından azad edilmiş Cəbrayıl

Prezident İlham Əliyevin  imzaladığı sərəncama əsasən, hər il oktyabrın 4-də Cəbrayıl Şəhəri Günü təntənəli şəkildə qeyd edilir. 2020-ci ilin oktyabrın 4-də Cəbrayıl şəhəri Ermənistan silahlı qüvvələrinin işğalından azad edildi. Cəbrayıl şəhəri ilə yanaşı, rayonun daha 9 kəndi – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Dəjəl düşmən işğalından azad olundu. İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusu tərəfindən Cəbrayıl rayonunun 1 şəhəri və 80 kəndi işğaldan azad olunub. Cəbrayılın düşmən işğalından təmizlənməsi ilə Azərbaycan-İran sərhədinə dövlət nəzarəti qismən bərpa edildi.

Prezident İlham Əliyevin 2020-ci ilin dekabrın 24-də və 2021-ci ilin iyunun 24-də imzaladığı müvafiq sərəncamlara əsasən, bir qrup hərbi qulluqçu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib. Rayonun işğaldan azad olunması uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirən minlərlə hərbi qulluqçu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif olunub.

Azərbaycan müharibədə qalib gəlməsindən altı gün sonra, noyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva işğaldan azad olunan Cəbrayıl rayonuna gəldi. Müzəffər Ali Baş Komandan İlham Əliyev, Cəbrayıl şəhərində və Xudafərin körpüsündə Azərbaycan bayrağını qaldırdı.

İşğaldan azad olunmuş digər ərazilərimiz kimi, Cəbrayıl rayonunda da iri miqyaslı bərpa-quruculuq işlərinə start verildi. Keçən dörd il ərzində Prezident İlham Əliyev dəfələrlə Cəbrayıla səfər edib və bu səfərlər zamanı “”KamAZ” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin, Şərqi Zəngəzur iqtisadi rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının təməlqoyma mərasimi,“Cəbrayıl” yarımstansiyanın və Cəbrayılda Dövlət Sərhəd Xidmətinin hərbi hissə kompleksinin açılışı, Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının, Cəbrayılda akademik Mehdi Mehdizadə adına tam orta məktəbin təməlqoyma mərasimi  kimi onlarla digər tədbirlərdə iştirak edib.

Bu gün Cəbrayıl şəhərində təməli qoyulan ilk çoxmənzilli yaşayış məhəlləsinin tikintisi artıq başa çatıb. Digər işğaldan azad olunmuş rayonlarımızın sakinləri kimi Cəbrayıllılar  da doğma yurdlarına qayədacaqları günü qayıdacaqları günü səbrsizliklə gözləyirlər.

Yunis Eyyubov

YAP Ağstafa rayon təşkilatının əməkdaşı