22 Aprel 2025

Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli münasibətlər

Bu gün müstəqil Azərbaycan Respublikası praqmatik xarici siyasəti sayəsində beynəlxalq münasibətlər sistemində nüfuzlu mövqeyi ilə seçilən ölkəyə çevrilib. Mehriban qonşuluq, qarşılıqlı faydalı əməkdaşlıq əsasında qurulan uğurlu siyasət eyni zamanda Avropanın da aparıcı dövlətləri ilə münasibətlərin inkişafına önəm verir. Bu kontekstdə Avropa İttifaqının ən güclü və aparıcı ölkələrindən biri olan Almaniya Federativ Respublikası ilə son dövrlər inkişaf etməkdə olan qarşılıqlı münasibətlər mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan ötən gün Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycana səfəri iki ölkə arasında qarşılıqlı münasibətlərin daha da gücləndirilməsi və əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək və geniş tərkibdə görüşləri keçirilib, sonra prezidentlər mətbuata bəyanatlarla çıxış edib və jurnalistlərin suallarını cavablandırıblar. Keçirilən görüş və müzakirələrdə ikitərəfli əlaqələrin inkişaf perspektivləri nəzərdən keçirilib. Azərbaycan prezidenti İlham Əliyev bu səfərin münasibətlərə yeni müsbət təkan verəcəyinə inamını ifadə edib: “Əminəm ki, bu səfərin çox müsbət nəticələri olacaqdır. İkitərəfli münasibətlərimizin tarixində bu, Almaniya prezidentinin Azərbaycana birinci rəsmi səfəridir. Əminəm ki, səfərin yekunları bizim ölkələrimizi bir-birinə daha yaxın edəcəkdir.”

Çıxışı əsnasında dövlət başçısı ötən il ölkəmizdə keçirilmiş COP29-un uğurlu nəticələrindən söhbət açaraq bu istiqamətdə Almaniyanın bizimlə çox fəal əməkdaşlıq etdiyini məmnunluqla vurğuladı. Dövlət başçısının nitqində vurğulanıb ki, Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq iqlim konfransı qlobal iqlim gündəliyində mühüm yer tutmuş və dünya ictimaiyyətinin diqqət mərkəzində olmuşdur. 197 ölkəni təmsil edən 77 mindən çox iştirakçının qatıldığı bu konfrans uğurlu nəticələrlə yadda qalmışdır.

Prezidentin nitqində həmçinin Orta Dəhliz layihəsi və bu layihədə Azərbaycanın rolu, ölkələrimiz arasında enerji sahəsində əməkdaşlıq məsələləri, yaşıl enerji ilə bağlı əməkdaşlıq istiqamətində gələcək hədəflər açıqlanıb.

Prezident İlham Əliyevin bəyanatında Azərbaycanın 30 il ərzində erməni işğalındanəziyyət çəkməsi, beynəlxalq təşkilatların bu münaqişəyə ciddi müdaxilə etməməsi ölkəmizin öz gücü ilə ədaləti bərpa etməsi xüsusi vurğulanıb. Qeyd olunub ki, Qarabağ Zəfəri regionda sülh prosesini sürətləndirdi və bu gün Azərbaycan-Ermənistan münasibətləri daha konstruktiv müstəviyə keçməkdədir.

Azərbaycan və Almaniya prezidentləri arasında keçirilən görüşdə dünya siyasətində aktual məsələlər, o cümlədən ABŞ-Avropa İttifaqı münasibətləri və Rusiya-Qərb gərginliyi kimi mövzuları da müzakirə olunmuşdur. Bu məsələlər beynəlxalq münasibətlərin inkişafına təsir göstərdiyi üçün onların hərtərəfli müzakirəsi və əməkdaşlıq perspektivləri xüsusi əhəmiyyət kəsb edir.

Yunis Eyyubov
YAP Ağstafa rayon təşkilatının əməkdaşı