22 Dekabr 2024

Türkiyə terminalı Rusiya neft və neft məhsullarının qəbulunu dayandırdı

Türkiyənin Aralıq dənizindəki orta ölçülü neft terminallarından biri olan Dortiol Terminalı keçən ilki rekord idxaldan sonra Rusiyadan gələn neft yüklərini qəbul etməmək qərarına gəlib.

Musavat.com xəbər verir ki, bu qərarın ABŞ-ın artan sanksiya təzyiqi ilə bağlı olduğu bildirilir.
Mediada yayılan xəbərlərə görə, Türkiyənin cənub-şərqindəki Hatay vilayətində terminalın operatoru olan Global Terminal Services (GTS) müştərilərinə heç bir Rusiya məhsulunu qəbul etməyəcəyini elan edib: “GTS Rusiya nefti ilə bütün mümkün əlaqələri dayandırmaq qərarına gəlib və 2024-cü ilin fevral ayının sonunda müştərilərə xəbərdarlıq edib ki, o, qanunları, qaydaları və ya sanksiyaları pozmasa belə, Rusiya mənşəli məhsulları və ya Rusiya limanlarından göndərilən neft məhsulları kimi yükləri qəbul etməyəcək”.

Məlumata görə, əvvəlki bütün əməliyyatlar mövcud sanksiyalara, o cümlədən G7-nin Rusiya neftinin qiymət tavanına tam uyğun olub. GTS əlavə edib ki, yeni yanaşma “bütün tətbiq olunan sanksiyalara riayət etmək səylərinə baxmayaraq, şirkətin nəzarətindən kənar fəaliyyətlərin təsirlərini aradan qaldırmaq üçün” əlavə tədbir olacaq.


ABŞ-ın Rusiya ilə iş aparan maliyyə firmalarına sanksiya tətbiq etmək hədəsi artıq Türkiyə-Rusiya ticarətini soyudub və həm idxal olunan neft, həm də Türkiyə ixracatı üçün bəzi ödənişləri dayandırılıb. “Kpler”in məlumatına görə, Dortiol terminalı 2023-cü ildə 11,74 milyon barel Rusiya nefti və yanacağı qəbul edərək Türkiyənin 7-ci ən böyük idxal terminalı olub. Onun Rusiyadan idxalı 2021-ci illə müqayisədə təxminən 7 dəfə artıb.