24 Dekabr 2024

Ceyhun Bayramov çexiyalı həmkarı ilə danışıqlar apardı

Xarici işlər naziri Ceyhun Bayramov Polşanın Lodz şəhərində keçirilən ATƏT-in Nazirlər Şurasının 29-ci iclası çərçivəsində Çexiya xarici işlər naziri Yan Lipavski ilə görüşüb.

Bu barədə Azərbaycan XİN məlumat yayıb.

Görüş zamanı Azərbaycan Respublikası və Çex Respublikası arasında ikitərəfli əlaqələrin dinamik şəkildə inkişafından məmnunluq ifadə edilib və mövcud münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığı qeyd edilib.

Ceyhun Bayramov ölkəmizlə Çex Respublikası arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb.

Nazirlər iki ölkə arasında siyasi məsləhətləşmələrin davam etdirilməsinin əhəmiyyətini qeyd edib, bir sıra sahələrdə, o cümlədən enerji təhlükəsizliyi, iqtisadi-ticarət sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri üzrə fikir mübadiləsi aparıblar.

Ceyhun Bayramov həmkarına bölgədə münaqişə sonrası mövcud vəziyyət, Azərbaycanın bölgədə sülh quruculuğu istiqamətində atdığı addımlar, azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri, habelə davam edən mina təhdidləri barədə məlumat verib.

Görüşdə tərəflər, həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər.