21 Dekabr 2024

“Erməni ağzı ilə danışanlar hər zaman xalqın gözündə cılız olublar”

“Azərbaycan hər zaman müharibənin əleyhinə olub. Cənab Prezident, Ali Baş Komandan İlham Əliyev daimi müharibəyə qarşı olduğunu deyir, Ermənistanla sülh müqaviləsi bağlanılması üçün çıxışlar edir. Xalqımız da hər zaman sülh istəyir. Lakin sapı özümüdən olan baltalar: Əli Kərimli, Arif Hacılı, Sevinc Osmanqızı, Altay Göyüşov, Qənimət Zahid Azərbaycanı başqa ölkənin ərazisinə təcavüz etməkdə ittiham edirlər. Bunların sərsəm açıqlamaları antiazərbaycan mövqeyində olduqlarının bariz nümunəsidir”. Bu fikirləri Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, politoloq Asif Əsgərli saytımıza açıqlamasında bildirib. 

Asif Əsgərli deyib ki, dövlət, xalq şəhidini qarşılayan zaman, onlar şəhid analarını mitinqə çağırış etməklə sabitliyi pozmağa çalışırlar: “Bu gün dövlət-xalq birliyi açıq aydın görünür. Belə gərgin zamanda dövlətin, cəmiyyətin bir amalı var ki, cəbhədə təxribatların qarşısı alınsın. Hazırda ölkədə siyasi birlik hökm sürür. Dövlət, xalq və ordu birgə əzmlə düşmənə qarşı mübarizə aparır. Onlar isə deyir ki, Zəngəzur nəyimizə lazımdır. Bizim hədəflərimizdən biri budur ki, Zəngəzur dəhlizi yaransın. Vətən müharibəsi zamanı da deyilmişdi ki, Laçın dəhlizi varsa Zəngəzur dəhlizi də olacaq. Əvvəla, bura bizim tarixi torpaqlarımızdır. Biz heç bir ölkənin ərazisin işğal etmirik. Sadəcə biz rəsmi İrəvanı sülhə məcbur edirik. Ermənistanda əhali küçələrə çıxıb sülh istəmədiklərini deyirlər. Bu satqınlar isə deyirlər ki, güya sülh istəyirlər. Hər bir dövlətin terrora, təxribatlara qarşı pereventiv müstəqil zərbə vurmaq hüququ var. Azərbaycan da məhz Ermənistanın təxribatlarına qarşı cavab verir. Amma bizim içimizdə olan erməni ağzı ilə danışanlar isə dünya ictimaiyyətində Azərbaycanı gözdən salmaq istəyirlər. Belə olan halda onların ermənidən nə fərqi var!? Bunlar hər zaman xalqın gözündə cılız olublar. Bu mövqelərini nümayiş etdirməklə isə tamamilə özlərini yerə vurdular”.