07 Fevral 2025

Bərdədə atestat almaq üçün imtahan verdilər

Yanvarın 26-da Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən Qarabağ Regional Təhsil İdarəsi N.Nərimanov adına Bərdə şəhər 3 saylı tam orta məktəbdə eksternat qaydada təhsil sənədi almaq üçün aralıq imtahanları keçirilib.

İmtahanda əvvəlki illərdə ümumi təhsil məktəblərində oxuyub ümumi və ya tam orta təhsil səviyyəsini bitirə bilməyən şəxslər iştirak edib.Bərdə şəhəri N.Nərimanov adına 3 nömrəli tam orta məktəbdə təşkil olunan imtahanda 374 nəfər iştirak edib.

Eksternlər hərəsində 10 sual olmaqla 11 fənn (Ana dili, ədəbiyyat, kimya, fizika, riyaziyyat, informatika, Azərbaycan tarixi, ümumi tarix, biologiya, coğrafiya və xarici dil) üzrə imtahan veriblər.

Eksternat imtahanlarında uğur qazanmış şəxslər ümumi və ya tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququna sahib olacaqlar.

Qeyd edək ki, sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən tam orta təhsil səviyyəsini başa vura bilməyən şəxslərə həmin səviyyə üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır.