07 Fevral 2025

Pilotlar və bütün ekipaj böyük qəhrəmanlıq göstərdilər

Hər gün minlərlə təyyarə səmaya qalxır və enir. Sərnişinlər üçün bu, adi bir səyahət kimi görünsə də, hər uçuşun arxasında böyük bir məsuliyyət və fədakarlıq dayanır. Pilotlar və ekipaj üzvləri hər an gözlənilməz vəziyyətlərə hazır olmalı, sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün sürətli və düzgün qərarlar verməlidirlər. Bu yaxınlarda baş verən Azərbaycan təyyarə qəzası da onların qəhrəmanlığını bir daha sübut etdi. Pilot kabinəsində əyləşən Kşnyakin İqor və Kalyaninov Aleksandr qəzanın qarşısını almaq üçün son ana qədər mübarizə apardılar. Təyyarədə nasazlıq yaranan andan etibarən, onlar sərnişinlərin həyatını xilas etmək üçün bütün bilik və təcrübələrini səfərbər etdilər. Təyyarəni mümkün qədər təhlükəsiz bir yerə endirmək üçün hər düyməyə toxunduqları an, əslində insan həyatının əhəmiyyətini bir daha sübut edirdi. Kşnyakin İqor, kapitan pilot kimi, böyük soyuqqanlılıq nümayiş etdirirdi. Onun üçün sərnişinlərin həyatı öz həyatından daha önəmli idi. İkinci pilot Kalyaninov Aleksandr isə kapitanın əmrlərini icra edərək idarəetmədəki kritik addımları atırdı. Onların hər ikisi aviasiyanın ən çətin anlarında belə soyuqqanlı qalmağın, peşəkarlığın və cəsarətin nə demək olduğunu bir daha göstərdi. Əliyeva Hökümə sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün əlindən gələni etdi. Qəza zamanı o, sərnişinlər arasında sakitliyi təmin etmək üçün cəsarətlə çalışırdı. İnsanların panikaya qapılmaması üçün onların yanında olaraq təlimatları izah edir, “Hər şey yaxşı olacaq” deyərək ümidini itirmirdi. Bu qəhrəmanlar, sadəcə öz vəzifələrini deyil, həm də insanlıq borclarını yerinə yetirdilər. Təyyarənin göyərtəsində baş verən hər bir an, onların həyatlarını sərnişinlər üçün fəda etməyə hazır olduğunu göstərirdi. Onlar öz qorxularını arxa plana ataraq, başqalarının həyatını qorumaq üçün çalışdılar. Kşnyakin İqor, Kalyaninov Aleksandr, Əliyeva Hökümə və Rəhimli Aydan Azərbaycan aviasiyasının əsl qəhrəmanlarıdır.

Dekabrın 25-də Bakı-Qroznı istiqaməti üzrə marşrutu yerinə yetirən AZAL-a məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 29-da Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Televiziyasına müsahibə verib. Dövlət başçısı bildirib: “Bu gün mən vida mərasimində iştirak etdim, həlak olan ekipaj üzvlərinin yaxınlarına başsağlığı verdim. Bu gün ekipaj üzvlərinin təltifi ilə bağlı mənim Sərəncamım olacaq. Mən onların fəaliyyətini, peşəkarlığını, fədakarlığını çox yüksək qiymətləndirirəm. Pilotlar və bütün ekipaj böyük qəhrəmanlıq göstərdilər. Pilotlar həm peşəkarlıq, həm qəhrəmanlıq göstərmişlər ki, idarəedilməz vəziyyətdə olan təyyarəni müxtəlif üsullarla idarə edirdilər. Baxmayaraq, təbii ki, pilotlar təcrübəli pilotlar idi və bilirdilər ki, onlar bu qəza enişindən sağ çıxa bilməyəcəklər. Ancaq sərnişinləri xilas etmək üçün onlar maksimum böyük qəhrəmanlıq göstərmişlər və məhz bunun nəticəsində təyyarə qəzasında sağ qalanlar var”.

Cənab prezident İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə və Qazaxıstan xalqına göstərdikləri dəstəyə görə təşəkkür etdi. Qazaxıstan xilasedicilərinin və tibbi heyətinin sərnişinlərin xilası zamanı nümayiş etdirdikləri peşəkarlıq və həmrəylik Azərbaycan ictimaiyyəti tərəfindən yüksək dəyərləndirildi. Bu amillər Azərbaycan-Qazaxıstan münasibətlərinin möhkəmlənməsi və iki dövlət arasında qarşılıqlı etimadın daha da dərinləşməsi üçün bir nümunə oldu.

Tağı İmamverdiyev
YAP Ağstafa rayon təşkilatının əməkdaşı