2 fevral – Azərbaycan Gəncləri Günüdür

Bu gün Azərbaycan gəncliyi demokratik ölkədə əmin-amanlıq şəraitində xoşbəxt yaşayır. Dövlətimiz onların hərtərəfli inkişafı, potensialının üzə çıxarılması, ictimai-siyasi həyatda rolunun artırılması, cəmiyyətdə aparıcı qüvvəyə çevrilməsi üçün zəruri şərait yaradıb. Müstəqil dövlətimizin gəncləri ölkəmizin bütün sahələrində dəsti-xətti olan gənclikdir. Onların öz bilik və bacarıqlarının, təbii potensialının effektli reallaşdırılmasını, cəmiyyətdə layiqli yer tutmasını təmin edən şəraitin yaradılması məqsədilə dövlət tərəfindən müəyyən edilmiş prioritetlər və həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafına səbəb olub.
Gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsi məqsədi ilə istənilən şərait yaradılıb. Bu gün son 21 il ərizində görülən işlərə baxsaq, yüksək intellektual bacarıqlara malik olan və ölkənin ictimai-siyasi həyatında aktiv şəkildə fəaliyyət göstərən gənclər ordusunun formalaşdığını görmüş olarıq. Hazırda gənclər dövlət idarəçiliyi, iqtisadiyyat, mədəniyyət, idman, ordu və digər sahələrdə uğurla çalışaraq, ölkəmizi şərəflə və yüksək səviyyədə təmsil edirlər. Qürurla demək olar ki, bu gün Azərbaycan gəncliyi üzərinə götürdüyü şərəfli vəzifələrin öhdəsindən layiqincə gəlməyi bacarır. Azərbaycan Prezidenti İlham Əliyevin bildirdiyi kimi, “Bu gün Azərbaycan gəncləri müstəqillik dövründə yaşayırlar. Bu, böyük xoşbəxtlikdir. Bu gün hər bir vətənpərvər azərbaycanlı haqlı olaraq fəxr edir ki, o, müstəqil Azərbaycan Respublikasının vətəndaşıdır. Ölkəmizin hərtərəfli inkişafında gənclərimizin çox böyük rolu vardır. Gənclər müxtəlif sahələrdə çox uğurla fəaliyyət göstərirlər, ölkəmizin ümumi inkişafına böyük töhfə verirlər”.
Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan gənclər siyasəti bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. “Bugünki gənc sabah ölkəmizi idarə edəcəkdir”, – deyən Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə görülən işlərin əsasında Azərbaycan gənclərində ölkənin uğurlu inkişafına istiqamətləndirə biləcək potensialın yaradılması dayanır. 2002-ci il 9 aprel tarixində “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Bu Qanun Azərbaycan Respublikasında gənclər siyasətinin məqsədlərini, prinsiplərini, istiqamətlərini, təşkilati-hüquqi əsaslarını müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir. Ümummilli Liderin müəyyənləşdirdiyi dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsi gənclərin qarşısında duran problemlərin həllinə münasibətin köklü surətdə dəyişməsinə imkan yaratdı və onları vahid azərbaycançılıq ideologiyası ətrafında daha da sıx birləşdirdi.
Azərbaycan gənclərinin vətənə sədaqət ruhunda tərbiyə edilməsi Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının mühüm istiqamətini təşkil edirdi. “Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır, ümididir”, – deyən Ulu Öndər Heydər Əliyevin bu fikri dövlət gənclər siyasətinin fəlsəfi və ideoloji əsası olmaqla daim aktualdır və gəncləri Azərbaycanın sabahı naminə səfərbər edir. Bu gün Azərbaycan, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurlu inkişaf dövrünü yaşayır. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə gənclərimizə geniş və açıq müzakirə tribunası vermiş ilk forumun keçirildiyi günün ölkəmizdə 1997-ci ildən etibarən 2 fefral Gənclər Günü kimi qeyd olunması ənənəsi gənclər siyasəti dövlətimizin sosialyönümlü siyasətinin və insan kapitalının məqsədyönlü inkişafının əsas istiqamətlərindən olduğunu daha təsdiqləyir.
Tağı İmamverdiyev
YAP Ağstafa rayon təşkilatının əməkdaşı