Ölkəmiz regional layihələrin icrasında aparıcı rol oynayır

Ölkəmizin, o cümlədən regionların və paytaxt Bakının inkişafı, artan əhali sayı nəqliyyat infrastrukturunun yenilənməsini, imkanların artırırlmasını tələb edir. Prezident İlham Əliyev yanvarın 28-də keçirilən nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə Azərbaycanın nəqliyyat imkanlarından, nəqliyyat infrastrukturunun yenilənməsi və təkmilləşdirilməsi istiqamətində atılan addımlardan, eyni zamanda, hazırkı dövrün əsas çağırışlarından olan işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işləri fonunda həyata keçirilən mühüm nəqliyyat layihələrindən geniş bəhs etdi. Artan tələbatın qarşılanması, Azərbaycanın tranzit potensialının daha da gücləndirilməsi, eləcə də ölkə ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin rəqabətqabiliyyətliliyinin yüksəldilməsi üçün qısa və orta müddətli perspektivdə həyata keçiriləcək tədbirləri özündə ehtiva edən sənədin hazırlanmasına ehtiyac yaranmışdı. Bununla əlaqədar hazırlanmış “Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024−2026-cı illər üçün Fəaliyyət Planı” nəqliyyat sahəsində, xüsusilə tranzit yükdaşımalarında qlobal trendləri nəzərə almaqla mövcud vəziyyətin təhlilini və ölkəmizin tranzit potensialının daha da artırılması üçün hədəf göstəriciləri, məqsədləri, prioritet istiqamətləri və tədbirlər planını özündə ehtiva edir.
Son 20 il ərzində ölkəmizdə yol-nəqliyyat infrastrukturu sahəsində nəhəng işlər həyata keçirilib. Bu müddətdə Azərbaycanda 21 min kilometr avtomobil yolu tikilib və təmir edilib. 335 körpü və yol ötürücüsü, 45 tunel, 163 yerüstü və yeraltı keçid tikilib. 1500 kilometrdən çox dəmir yolu tikilib, 1800 kilometr təmir edilib, yeni qatarlar və vaqonlar alınıb, 90 kilometrdən çox olan Abşeron dairəvi xətti istifadəyə verilib. Bakı-Tbilisi-Qars dəmir yolu, səkkiz beynəlxalq hava limanı inşa edilib. Bu reallıq diqqətə çatdırıldı ki, əgər bu işləri görməsəydik, indi ölkəmizin nəqliyyat infrastrukturu hansı vəziyyətdə idi, bunu təsəvvür etmək çətin deyil. Son 20 ildə reallığa çevrilən nəqliyyat layihələri sırasında Bakı-Tbilisi-Qars xüsusi yer tutur.
Dünyanın 100 möhtəşəm layihəsi siyahısına daxil edilən, Azərbaycanın təşəbbüsü ilə gerçəkləşən və qitələri birləşdirən önəmli layihə kimi dünya birliyinin diqqətini cəlb edən Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycanın tranzit ölkə kimi mövqeyini daha da möhkəmləndirdi. Təkcə Azərbaycan deyil, bölgə dövlətləri üçün siyasi, iqtisadi, strateji baxımdan böyük əhəmiyyət daşıyan, Çindən başlayaraq Londona qədər uzanan Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərinə və Türkiyəyə birbaşa gediş imkanları yaranır. Prezident İlham Əliyev nəqliyyat məsələlərinə həsr olunan müşavirədə Zəngəzur dəhlizi barədə də qəti mövqeyini bir daha nümayiş etdirdi.
Dövlət başçısı vurğuladı ki, istər beynəlxalq səviyyədə, istərsə də Ermənistanla ikitərəfli təmaslarda Azərbaycan daim bir məsələni vurğulayır. Azərbaycandan Azərbaycana maneəsiz keçid təmin edilməlidir. Azərbaycandan Azərbaycana heç bir yoxlama və maneə olmadan rahat və sərbəst keçid olmalıdır. Ermənistana qarşı heç bir ərazi iddiamızın olmadığını vurğulayan dövlət başçımız diqqətə çatdırdı ki, Ermənistan Azərbaycandan Azərbaycana maneəsiz keçidi təmin etməklə öz öhdəliklərini yerinə yetirməlidir. Sovet hakimiyyətinin 1920-ci ildə Qərbi Zəngəzuru əlimizdən aldığını və Azərbaycan xalqına qarşı cinayət törətdiyini xatırladan dövlət başçısı, həmçinin qeyd edib: “Biz Zəngəzuru unutmamışıq və unutmayacağıq. Yenə də deyirəm, bizim Ermənistana ərazi iddiamız yoxdur. Ancaq Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərək Azərbaycandan Azərbaycana maneəsiz keçid verməlidir”.
Tağı İmamverdiyev
YAP Ağstafa rayon təşkilatının əməkdaşı