Nəqliyyat məsələlərini həmişə diqqət mərkəzində saxlamışıq

Azərbaycanda yol infrastrukturunun inkişafı dövlətin əsas prioritetlərindən birinə çevrilib. Belə ki, son illər paytaxt Bakıda və rayonlarda yol infrastrukturunun genişləndirilməsı ilə bağlı mühüm tədbirlər görülür. Həyata keçirilən məqsədyönlü işlər nəticəsində yol-nəqliyyat kompleksinin ayrı-ayrı qurğuları yüksək keyfiyyətlə tikilərək istismara verilir. Yol-nəqliyyat sisteminin təkmilləşdirilməsi sosialyönümlü tədbirlər olmaqla yanaşı, ölkəmizin iqtisadi qüdrətinin də göstəricisidir.
Azərbaycan bu gün Avrasiya məkanında dinamik innovativ inkişaf edən lider dövlət, həm də iki qitə arasında mühüm və ən əlverişli nəqliyyat mərkəzidir.Bu mövqe düzgün siyasət, gələcək perspektivi aydın müəyyənləşdirən strateji kurs və vaxtında ən optimal islahatlar keçirilməsi, müasir layihələr icra edilməsi nəticəsində qazanılıb. Azərbaycanın regionlarında, paytaxt Bakıda yol-nəqliyyat infrastrukturu müasirləşdirilir, avtomobil yolları şəbəkəsi yenidən qurulur. Yeni yolötürücüləri, körpülər, tunellər, yerüstü və yeraltı piyada keçidləri inşa edilir. Azərbaycan yol infrastrukturunun inkişaf səviyyəsinə görə beynəlxalq təşkilatların tərtib etdiyi hesabatlarda ön sırada qərarlaşır.
Ölkə regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramları təsdiq edilərkən qarşıya qoyulan başlıca hədəflər arasında yol təsərrüfatının bərpası, yenidən qurulması və müasir standartlara çatdırılması xüsusi yer tutub.
“Müasir infrastruktur və yol olmadan iqtisadi inkişaf mümkün deyil” – deyən Prezident cənab İlham Əliyev buna nail olmaq məqsədilə yol qurğularının, eləcə də ölkənin bütün regionlarını və yaşayış məntəqələrini birləşdirən avtomobil yollarının yenidən qurulması və tikintisi üzrə irimiqyaslı layihələr həyata keçirilməsinə diqqət ayırır. Prezident bölgələrə, demək olar ki, bütün səfərləri zamanı respublika və yerli əhəmiyyətli yolların yenidən qurulması, hətta ucqar dağ kəndlərinə yeni yolların çəkilməsi ilə bağlı konkret tapşırıqlar verir.
Yunis Eyyubov
YAP Ağstafa rayon təşkilatının əməkdaşı