07 Fevral 2025

Bizim xalqımızın gələcəyi gənclərdir

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev Azərbaycan dövlətçilik tarixinin tamamilə yeni bir mərhələsini yaratmış böyük siyasətçi və tarixi şəxsiyyətdir. Ümummilli ideologiyamız kimi səciyyələndirilə biləcək azərbaycançılıq ideologiyasının müəllifi olan Ulu Öndər Heydər Əliyev qadirbilən xalqımızın qəlbində əbədi yaşayır və bundan sonra da yaşayacaq.22 sentyabr 1993-cü ildə Respublika Ali Sovetində gənclərin nümayəndələri ilə görüşdə Ulu Öndərin gənclərin ünvanına söylədiyi “Azərbaycanın genofondu gənclərdir. Biz onları hərtərəfli qorumalıyıq”, “Gənclərimizin borcudur ki, Azərbaycan daim müstəqil dövlət olsun, Azərbaycan xalqı bir millət kimi dünyada öz yerini tuta bilsin, gələcəyə daha da uğurla gedə bilsin, dünya millətləri, xalqları arasında aşağı səviyyədə durmasın, ümumdünya səviyyəsində olsun” fikirlərini bu gün hər birimiz qürurla xatırlayırıq. Həmin görüşdə Ulu Öndər qeyd etdi ki, “Həm elm sahəsində, həm təhsil sahəsində, ədəbiyyat, mədəniyyət sahəsində və bizim mənəvi mənbəyimiz olan din sahəsində, İslam dini sahəsində tarixi ənənələrimizdən istifadə edərək gənclərimiz üçün bütün dünyaya geniş yol açmaq lazımdır”.

2 fevral 1996-cı ildə Müstəqil Azərbaycan Respublikası Gənclərinin I Forumundakı nitqində Ulu Öndər “Hər bir Azərbaycan gənci öz həyat yolunu müstəqil Azərbaycan Respublikasının gələcək yolu kimi qəbul etməlidir” fikirlərini söylədi. Eyni zamanda vurğuladı ki, “Gənclərimizin əsas vəzifəsi özünü müstəqil Azərbaycan Respublikasının inkişafına həsr etməkdən, müstəqil Azərbaycan Respublikasının yaşamasına və əbədi olmasına həsr etməkdən ibarət olmalıdır”. “Gənclərimiz bizim tariximizi yaxşı bilməlidir, keçmişimizi yaxşı bilməlidir, dilimizi yaxşı bilməlidir, milli dəyərlərimizi yaxşı bilməlidir”, – söyləyən Ümummilli Lider gənclərin çiyinlərinə böyük yük düşdüyünü bir daha diqqətə çatdırdı. Dahi şəxsiyyət çıxışı zamanı bildirdi ki, “Ümumbəşəri dəyərlər, Azərbaycan xalqının milli-mənəvi dəyərləri hər bir gənc tərəfindən mənimsənilməlidir”.

Bu gün Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində öz intellekti və fəallığı ilə seçilir. Respublikada bütün istiqamətlər üzrə fəaliyyət göstərən gənc nəslin inkişafı üçün yaradılan geniş imkanlar onları hal-hazırda cəmiyyətin aparıcı qüvvəsinə çevirib. Ötən əsrlə müqayisədə gənclərimizin beynəlxalq aləmə inteqrasiyasında nəzərəçarpan dönüş yaranıb. Əlbəttə, bu inkişaf dövlətimizin gəncliyə göstərdiyi diqqət və qayğının nəticəsidir.

Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ulu Öndər böyüməkdə olan gənc nəslə qayğını hər zaman önə çəkirdi. Bizlər Azərbaycanın gənc nəsilləriyik. Biz nə qədər örnək və savadlı olsaq ölkəmiz də bir o qədər irəlidə olar.

Yunis Eyyubov
YAP Ağstafa rayon təşkilatının əməkdaşı