07 Fevral 2025

Dövlət və cəmiyyətin inkişafında Azərbaycan gəncliyinin rolu

Azərbaycanın əldə etdiyi uğurların bir təminatı da sağlam ruhda böyümüş, ölkəyə layiqli vətəndaşlar kimi yetişmiş, yüksək intellektual səviyyə malik gənclər ordusudur. Çünki gənclik daim axtarışda olan, yeniliyi sevən, ideyalarla zəngin bir qüvvədir. Bu qüvvəni formalaşdırmaq və cəmiyyətin inkişafına yönləndirmək üçün zəruri şərt, ölkədə mütərəqqi gənclər siyasətinin həyata keçirilməsidir.

“Müstəqil Azərbaycanın gələcəyi gənclərin əlindədir, gənclərə veriləcəkdir. Ona görə də məktəbdə gənclərimizi nə qədər yaxşı, hərtərəfli hazırlasalar, müstəqil Azərbaycanın gələcəyi də o qədər müvəffəqiyyətli, uğurlu, parlaq olacaqdır.” Ümummilli Lider Heydər Əliyev bu fikirlərin davamı olaraq bu çağırışı da etmişdir ki, hər bir Azərbaycan gənci öz həyat yolunu müstəqil Azərbaycan Respublikasının gələcək yolu kimi qəbul etməlidir.

Ulu Öndərin gənclər siyasətinin uğurlu icrası bugünkü reallıqlarımızda özünün aydın ifadəsini tapır. Belə ki, hazırkı yeni nəsil bütün sahələrdə vətəndaşlıq mövqelərini sağlam düşüncə tərzi ilə təsdiqləyir, vətənpərvər, zamanın tələblərinə əməli fəaliyyətləri ilə cavab verməyə hər zaman hazır olduqlarını bildirirlər. Tarixi missiyanı həyata keçirən qəhrəman gənclərimiz tarix, xalq, Vətən qarşısında misilsiz xidmətlər göstərmişlər. Rəşadətli Azərbaycan Ordusunun sıralarındakı Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Onların rəşadəti sayəsində əldə olunan şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev bildirir: “Bu gün Azərbaycan gəncləri cəmiyyətimizin fəal hissəsidir. Biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik. Bizim gənclərimiz torpaq uğrunda, Vətən uğrunda vuruşurlar. Bizim şəhidlərimizin böyük əksəriyyəti gənclərimiz olubdur. Bizim gənclərimiz hərbi qələbələrimizi şərtləndiriblər.” Gənclərimiz Vətən uğrunda döyüşlərlə yanaşı, arxa cəbhədə də yüksək fəallıq göstərdi, ölkəmizlə bağlı həqiqətlərin, işğalçı Ermənistanın əzəli torpaqlarımızda törətdikləri vandallıq aktlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında fəal iştirak etdilər. Gənclərimiz müasir dövrün yaratdığı imkanlardan maksimum bəhrələnərək Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən siyasətinin uğurlarının təbliğində fəal iştirak edirlər.

Ümummilli Lider tərəfindən 2 fevral 1997-ci il tarixində imzalanmış Sərəncama əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda Gənclər Günü təntənəli şəkildə qeyd edilməyə başlanıb. Bu tarixi günün təsis edilməsi dövlətin gənclərə olan diqqət və qayğısının təzahürü kimi dəyərləndirilir. Gənclər Günü gənc nəsli cəmiyyətin müxtəlif sahələrində daha fəal iştiraka səsləyir və onlara motivasiya verir.

Gənclər cəmiyyətin ən fəal və kreativ təbəqəsi olaraq ölkənin gələcək inkişafının təminatçısıdır. Onlar ictimai-siyasi proseslərdə fəal iştirak edərək qərarların icrasına təsir imkanlarını genişləndirirlər. Seçkilərdə və digər proseslərdə fəallıqları ilə cəmiyyətin demokratikləşməsinə töhfə verirlər. Sosial təşəbbüslərlə cəmiyyətin problemlərinin həllində yaxından iştirak edirlər.

Müasir dövrdə gənclər müxtəlif ictimai təşkilatlarda və gənclər birliklərində öz ideyalarını reallaşdırır və ictimai-siyasi sferalarda fəal rol oynayırlar. Xüsusilə dövlət idarəetmə sistemində gənclərin sayının artması onların innovativ yanaşmalarını praktikada tətbiq etmək imkanı yaradır.

Gənclər, həmçinin cəmiyyətin dəyərlərinin qorunması, mədəni müxtəlifliyin saxlanılması və sosial bərabərsizliyin aradan qaldırılması kimi mühüm sahələrdə də fəallıq göstərir. Onların yeni texnologiyalar vasitəsilə qlobal proseslərə inteqrasiya etməsi isə ölkənin mövqelərinin güclənməsinə xidmət edir.

2 Fevral – Azərbaycan Gəncləri Günü həm də dövlətin gənclərə verdiyi dəyərin, onların inkişafına yaradılan şəraitin və gələcəyə olan inamın təcəssümüdür. Gənclər cəmiyyətin gələcəyini formalaşdırır. Onların enerji, bilik və təşəbbüskarlığı cəmiyyətin hərtərəfli inkişafını təmin edir. Heç şübhəsiz ki, dövlətin və cəmiyyətin qarşılıqlı səyləri sayəsində gənclərin uğurları daha da artacaq. Biz Gənclər Gününü qeyd etməklə yalnız onların nailiyyətlərini deyil, həm də gələcəyə inamımızı ifadə edirik. Gənclərin gücünə, iradəsinə və liderlik qabiliyyətinə inanaraq, onları cəmiyyətin inkişafında daha fəal iştiraka təşviq etmək hər birimizin borcudur.

Aytən Məmmədli
YAP Ağstafa rayon təşkilatının əməkdaşı