22 Dekabr 2024

Akademik Zərifə xanım Əliyeva həmişə ehtiramlarla xatırlanacaq

Elə insanlar var ki, onların ömürünün başlanğıcı olur, sonu əbədiyyətə bağlıdı. Onlar milyonların dü­­şüncələrində, xatirələrində, tarixdə sədaqətlə yaşadılır. Onlara tarixi şəxsiyyət deyirik; fəaliyyəti, tə­fəkkürü, sevgisi, insanlara qayğısı Vətənə ad olan belə insanların ömürünün işığı milyonların ömürün­də­di…

Akademik Zərifə xanım Əliyevadan söz düşəndə onu tanıyanlar, onu tanıyanların söhbətləriylə, xa­­ti­rələriylə tanıyanlar həmişə bu ad-soyadın qarşısında birmənalı şəkildə “gözəl insan” ifadəsini də de­yir. Gözəl insan kimi tanınmanın, gözəl insan kimi sevilmənin, bəşəri ehtiramla əhatələnmənin ən əzəli şərti onun böyük ürək yiyəsi olmasıdı; böyük ürək yiyəsiydi Zərifə xanım Əliyeva, qüdrətli elmi tə­fək­kü­rə malik idi, rəhbərlik etdiyi təşkilatlarda, elmi müəssisələrdə qayğıkeşliyi ilə hamının sevgisini qa­zanırdı. Bu sevginin də başlanğıcı olurdu, sonu heç zaman olmayacaqdı.

Zərifə xanım Əliyeva 1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Şahtaxtı kəndində böyük dövlət xadimi Əziz Əliyevin ailəsində anadan olub. Həkim olmaq istəyib. Bu istəklə oxuyub, öyrənib. Orta məktəbi 1942-ci ildə bitirib, Azərbaycan Dövlət Tibb İnstitutunun müa­li­cə-profilaktika fakültəsinə daxil olub. İnstitutu 1947-ci ildə əla qiymətlərlə bitirib.

Zərifə xanım işığı sevib, işıqlığı sevib. İşığı sevib deyə nuru da sevib. Nur göz deməkdi. İnsanların xidmətində nur naminə dayanıb, nurlu gözlər naminə dayanıb. Göz həkimi – oftolmoloq olub…

Oftalmologiya elminə böyük töhfələr vermiş akademik Zərifə xanım Əliyevanın zəngin elmi irsi və tibb elmi qarşısında xidmətləri çox zəngindir.

Zərifə xanım Əliyevanın elmi fəaliyyətini hər zaman yüksək qiymətləndirən ulu öndər Heydər Əliyev demişdir: “Zərifə xanımın tibb elmi sahəsində xidmətlərindən biri də göz müalicəsi, tədqiqatı idi. Mənə belə gəlir ki, onun iki dəyərli irsi vardır. Birincisi, Azərbaycanda ilk dəfə deontologiyanı bir elm kimi meydana atıbdır. İkincisi, Zərifə xanım çalışıb ki, bizim gələcək nəsilləri irsi xəstəlikdən xilas etsin, sağlamlaşdırsın”.

Prezident İlham Əliyev Zərifə xanım Əliyevanı qürurla xatırlayır: “Mənim anamın həyat fəlsə­fə­sinin köklərini, hər şeydən əvvəl onun uşaqlığında axtarmaq lazımdır. O bizə tez-tez deyərdi ki, uşaqlıq – insan həyatının çox mühüm dövrüdür və heç nə bu dövrü əvəz edə bilməz. Uşaqlıq – insanın ömrü boyu təkrar-təkrar müraciət etdiyi dünyadır. İnsan xeyirxahlığın, şəfqətin nə olduğunu uşaqlıqda dərk edir. O, çox xoşbəxt uşaq olub, uşaqlıq onun yaddaşında məhəbbət və əziz xatirələr mənbəyi kimi qalmışdı”.

Ölkəmizdə tibb elminin inkişafında xüsusi xidmətlər göstərmiş görkəmli oftalmoloq alim Zə­ri­fə Əliyevanın anadan olmasının 100-cü ildönümünün qeyd olunmasını təmin etmək məqsə­di ilə  Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə akademik Zərifə Əliyevanın 100 illik yubileyi geniş miqyasdaa qeyd olunur…

Etibar Hacıyev

YAP Ağstafa rayon təşkilatının sədri