Gürcüstan Aİ və ABŞ-nin sanksiyaları ilə üz-üzə qalıb

Avropa İttifaqının Gürcüstanın diplomatik və xidməti pasportları üçün vizasız rejimin dayandırılması ilə bağlı qərarı anti-Gürcüstan xarakteri daşıyır.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.
“Şuranın verdiyi yeganə tövsiyə diplomatik pasport sahibləri üçün viza rejiminin tətbiqi prosedurunun başlanması ilə bağlı olub”, – Kobaxidze bildirib.
Baş nazirin sözlərinə görə, bu tövsiyə simvolik məna daşıyır və anti-gürcü addımıdır. O əlavə edib ki, bu, Avropa strukturlarının Gürcüstanı qavramasına olan inamını sarsıdır. Kobaxidze Macarıstan, Slovakiya, İtaliya, İspaniya və Rumıniya nümayəndələrinə gürcü tərəfinə qarşı sanksiyaların tətbiqinə qarşı çıxışlarına görə təşəkkür edib.
Bundan əvvəl ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller ölkənin Gürcüstana qarşı əlavə sanksiyalar tətbiq edəcəyini bildirib. Onun sözlərinə görə, ötən həftə Amerika hakimiyyəti Gürcüstan hakimiyyəti tərəfindən demokratik normaları pozduğuna görə, təxminən 20 nəfərə, o cümlədən yüksək vəzifəli məmurlar və parlament üzvlərinə viza məhdudiyyəti qoyub. Miller xəbərdarlıq edib ki, Vaşinqton yaxın həftələrdə Tiflisə qarşı “digər tədbirlər” görməyə hazırdır.