15 Dekabr 2024

COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir

Azərbaycan bir ildən az müddət əvvəl beynəlxalq ictimaiyyətin yekdil dəstəyi ilə COP29-a ev sahibliyi etməkdən şərəf duydu. Müddətin qısa olmasına baxmayaraq, Azərbaycan COP-un rahat və yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi hazırlıqları həyata keçirməyə nail oldu. Mübaliğəsiz deyə bilərik ki, Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək. Uzun illərdən bəri bu səviyyədə olmasa da, böyük beynəlxalq tədbirlərə (“Eurovizion” yarışması, Avropa oyunları, “Formula-1” yarışması, İslam oyunları, forumlar, konfranslar, festivallar, simpoziumlar, qurultaylar və s.) təşkilatçılıq etmək baxımından böyük təcrübə toplamış Azərbaycan hökuməti COP29-u da yüksək səviyyədə keçirməklə Azərbaycanın, necə deyərlər, qonaq qarşısına üzüağ çıxmaq mərifətini göstərdi və böyük tədbirləri təşkil etmək sahəsində nümunə oldu.

COP29-dan aylar öncə, eləcə də tədbirin başlanması ərəfəsində ölkədə bütün təbəqələrdə bəlli bir həyəcan vardı. Çünki bu beynəlxalq tədbirin keçirildiyi günlərin atmosferi ölkənin, xüsisilə də paytaxtın bütün sakinlərinin həyatına təsir edəcəkdi. Elə də oldu. Zəruri tədbirlər hamının həyatına təsir etdi, ancaq xüsusi gərginlik və problemlər yaratmadı.

Az tanınan və inkişaf etməkdə olan ölkələrin nümayəndələrinin sammitdə və müzakirələrdə həvəslə iştirak etmələrinin bir səbəbi də o idi ki, bu sammitin nəticələrindən asılı olaraq onlar böyük maliyyə yardımları ala bilərdilər. Belə dövlətlər öz məqsədlərinə müəyyən mənada çatdılar.İqlim dəyişikliklərinin fəsadları ilə bağlı belə bir hesabalama mövcuddur ki, yaxın illərdə bunun üçün 10 trilyondan çox vəsait lazım olacaq. Təbii kataklizmlərin müxtəlif ölkələrə vurduğu zərər bundan az olmayacaq. COP29-da qəbul olunan ən önəmli qərarlardan biri də məhz bu istiqamətdədir. Əldə olunan razılaşmaya əsasən hər il inkişaf etməkdə olan ölkələrə 1,3 trilyon dollar iqlim maliyyəsini yönəltməyi hədəfləyir. Bakı Maliyyə Məqsədi varlı ölkələrin 2035-ci ilə qədər kasıb dövlətlər üçün hər il ən azı 300 milyard dollar məbləğində vəsaitin səfərbər olunmasına rəhbərlik etməsini nəzərdə tutan əsas hədəfləri müəyyənləşdirir.

COP29-un ən böyük uğurlarından biri 2015-ci ildən bəri ilk dəfə olaraq COP29-da “Paris sazişi”nin 6-cı maddəsi tam şəkildə işlək vəziyyətə gətirilməsi oldu. Bununla bağlı razılığın əldə olunması COP29 sədarətinin xüsusi önəm verdiyi məsələlərdən biri idi. 6-cı maddə ilə bağlı yekdilliklə qəbul edilən qərarlar ətraf mühitin bütövlüyünü, şəffaflığı və karbon bazarlarının möhkəmliyini təmin etməkdə mühüm rol oynayacaq.

Bütün dünya üçün böyük əhəmiyyət daşıyan bu sammit öz ritmi, ahəngi ilə, müsbət nəticələri ilə başa çatdı. Ölkəmizin adına xələl gətirə biləcək hər hansı xoşagəlməz hadisə baş vermədi, qonaqlar bizdən razı getdilər. Azərbaycan bir daha dünya şöhrəti qazandı, öz imzasını imzalar içində bir daha təsdiqlədi.

Yunis Eyyubov
YAP Ağstafa rayon təşkilatının əməkdaşı