“YAŞIL DİPLOMATİYA”NIN MÖHTƏŞƏM QƏLƏBƏSİ – Komitə sədrinin məqaləsi
Sadiq QURBANOV,
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri
COP29 Azərbaycanın beynəlxalq iqlim siyasətində fəal rolunu bir daha nümayiş etdirdi və qlobal müzakirələrin mərkəzinə çevrildi. Bu konfrans Azərbaycan üçün təkcə ətraf mühit məsələlərində deyil, həm də beynəlxalq siyasətdə öz mövqeyini gücləndirmək baxımından əlamətdar hadisə kimi tarixə düşdü.
Azərbaycana olan hörmətin əlaməti
Azərbaycanda ekoloji mühitin qorunması və sağlamlaşdırılması dövlət siyasətində hər zaman prioritet məsələlərdən biridir. Vaxtilə Ulu Öndər Heydər Əliyev respublikamızda ekoloji problemlərin davamlı inkişaf prinsipləri əsasında həll edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirib. Azərbaycan xalqının və dövlətçiliyinin inkişafında misilsiz xidmətləri olan Ulu Öndərin fəaliyyəti dövründə ölkəmizdə ekoloji vəziyyət həmişə diqqət mərkəzində olub.
Ümummilli Liderin uzaqgörən siyasəti, o cümlədən ekologiya sahəsində verdiyi tövsiyələr bu gün də görülən işlərdə rəhbər tutulmaqdadır. Həmin siyasətin uğurla davam etdirilməsinin nəticəsidir ki, ölkəmiz iqlim dəyişmələrinə qarşı həyata keçirilən qlobal mübarizənin liderlərindən biridir. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, COP29-a evsahibliyi etmək üçün yekdil qərarla seçilməyimiz həqiqətən böyük şərəfdir. Biz bunu beynəlxalq ictimaiyyətin Azərbaycana və gördüyümüz işlərə, o cümlədən “yaşıl enerji” sahəsindəki fəaliyyətimizə hörmətinin əlaməti hesab edirik. Bəli, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu siyasət nəticəsində davamlı ictimai-siyasi sabitliyə və sosial-iqtisadi inkişafa nail olan ölkəmiz, qlobal miqyaslı tədbirləri yüksək səviyyədə təşkil etmək potensialını bir daha nümayiş etdirdi.
Bəşəriyyət hazırda sənayeləşmə dövrü ilə müqayisədə 1,3 dərəcə C istiləşməyə məruz qalmaqdadır. Bu artımın qarşısının alınması məqsədlərinə xidmət edən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransının 29-cu sessiyası 2024-cü il noyabrın 11-23 tarixlərində Bakı şəhərində uğurla təşkil olundu. Bu qlobal konfrans dünyanın 196 ölkəsindən 72 mindən çox iştirakçını, o cümlədən 80 dövlət və hökumət başçısını, vitse-prezident və naziri bir araya gətirmişdir.
Cəmi 11 ay ərzində Azərbaycan Respublikası hökuməti tərəfindən yüksək səviyyədə təşkil olunmuş sözügedən qlobal iqlim konfransının əsas nəticələrindən biri Yeni Kollektiv Kəmiyyət Məqsədini (NCQG) ehtiva edən qərarın qəbul edilməsi olmuşdur. Bu qərarla inkişaf etməkdə olan ölkələrə 2035-ci ilədək hər il iqlim tədbirləri üçün maliyyə dəstəyi, 100 milyard ABŞ dollarından 300 milyard dollaradək, yəni 3 dəfə artırılmışdır. Eyni zamanda qərarda ölkələrin öz əhalisini və iqtisadiyyatlarını iqlim risklərindən qorumaq və “yaşıl”, dayanıqlı iqtisadiyyata keçmək məqsədilə dövlət və özəl mənbələrdən maliyyələşmə həcmini 1,3 trilyon ABŞ dollarına çatdırmaq üçün bütün maraqlı tərəflərin birgə fəaliyyətini davam etdirməsinin zəruriliyi vurğulanmışdır. Beynəlxalq Enerji Agentliyi ekoloji təmiz enerjiyə qlobal investisiyaların həcminin 2024-cü ildə artıq 2 trilyon ABŞ dollarını keçəcəyini gözləyir, lakin bu yatırımların heç də hamısı inkişaf etmiş ölkələrə ayrılmamaqdadır.
İtki və Zərər Fondunun işlək orqana çevrilməsi ilə bağlı tarixi qərar qəbul edildi
COP29-da hələ COP27-də yaradılması qərara alınmış, lakin indiyədək kağız üzərində qalmış İtki və Zərər Fondunun tam işlək bir orqana çevrilməsi istiqamətində tarixi qərarın qəbuluna nail olundu. Belə ki, 2025-ci ildən fəaliyyətə başlamalı olan bu fondun idarə heyəti, icraçı katibi, fəaliyyət göstərəcəyi ölkə və əməliyyat proseduru COP29 prezidentliyinin səyləri ilə müəyyən edildi.
Belə bir qərar xüsusən zəif inkişaf etmiş ölkələr və kiçik ada dövlətləri tərəfindən ən çox alqışlanan nailiyyətlərdən biri oldu. Çünki bunu ən çox inkişaf etməkdə olan ölkələr, o cümlədən kiçik ada, ən az inkişaf etmiş və Afrika dövlətləri səbirsizliklə gözləyirdilər. Bu, iqlim dəyişmələrinin fəsadlarının kiçik ada ölkələrinə törətdiyi çətinliklərin həlli məsələsinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən COP29 sədrliyinin prioriteti kimi müəyyən edilməsinə uyğundur.
İtki və Zərər Fondunun (Loss and Damage Fund) yaradılması Misirdə keçirilmiş COP27 zamanı qərara alınmışdır. Fond iqlim dəyişmələrinin təsirlərinə ən həssas ölkələrə maliyyə yardımı göstərmək məqsədi daşıyır. Qeyd edək ki, Birləşmiş Ərəb Əmirliklərində keçirilmiş COP28 zamanı fondun fəaliyyətə başlaması ilə bağlı qərar qəbul olunmuşdu. COP29 sədrliyi isə İtki və Zərər Fondunun fəaliyyətinin təmin edilməsi istiqamətində mühüm addımlar atmış, İdarə Heyəti və Dünya Bankı ilə sıx əməkdaşlıq edilmişdi. Cari ilin sentyabrında fondun İdarə Heyətinin Bakıda keçirilmiş 3-cü iclası zamanı fondun fəaliyyətə başlaması üçün vacib tədbirlər görülmüş, icraçı direktoru təyin edilmişdir.
COP29 çərçivəsində İtki və Zərər Fondu ilə bağlı bir sıra mühüm sazişlər imzalanıb. Bunlar fondun İdarə Heyəti ilə Dünya Bankı arasında “Qəyyumluq Sazişi” və “Katibliyin Evsahibliyi Sazişi”, eləcə də fondun İdarə Heyəti ilə ev sahibi ölkə olan Filippin Respublikası arasında imzalanmış “Ev Sahibi Ölkəyə dair Saziş”dir. Hazırda fonda vəd edilən ümumi maliyyə dəstəyinin məbləği 730 milyon ABŞ dollarından çoxdur. Əldə edilən bu nailiyyətlərlə İtki və Zərər Fondu 2025-ci ildən etibarən layihələri maliyyələşdirə biləcək.
COP29-un əvvəlki sessiyalardan fərqli uğuru
COP29-un əvvəlki qlobal sessiyalardan digər fərqli uğuru, Paris Sazişinin məşhur 6-cı maddəsinin reallaşdırılması üçün müvafiq mexanizm və alətlər barədə tarixi qərarların qəbuludur. Bu məsələ COP29 sədrliyinin əsas prioritetlərindən biri idi və tərəfləri intensiv ikitərəfli texniki və siyasi danışıqlar vasitəsilə sözügedən mühüm nailiyyətə doğru apardı.
Bu illərlə davam edən çətin vəziyyətə son qoyur və Paris Sazişinin sonuncu vacib bəndini yekunlaşdırır. Altıncı maddə iqlimlə bağlı hədəflərə çatmaq məqsədilə əməkdaşlıq edən ölkələr üçün etibarlı və şəffaf karbon bazarları təmin edir. Nəticə etibarilə transsərhəd əməkdaşlıq sayəsində ölkələrin milli iqlim planlarının (NDCs) həyata keçirilməsi xərclərinin ildə 250 milyard dollara qədər azaldacağı gözlənilir. COP29 sədrliyi Tərəfləri daha böyük iqlim ambisiyalarına yenidən investisiya yatırmağa təşviq edir. Fevral ayında təqdim ediləcək növbəti nəsil NDCs-lər dünyanın 1,5 dərəcə hədəfinə olan ümidləri üçün mühüm əhəmiyyət daşıyır.
İqlim diplomatiyasında ən mürəkkəb və texniki problemlərdən birinin həlli sayılan 6-cı maddə üzrə razılıq kömür zavodlarının istismardan çıxarılması, külək stansiyalarının qurulması və meşələrin salınmasını əhatə edir. Bu, inkişaf etməkdə olan dünyada yeni investisiya dalğası deməkdir. Altıncı maddə üzrə yekdilliklə qəbul edilən qərarlar ətraf mühitin bütövlüyünün təmin edilməsində mühüm rol oynayacaq. Bu qərar, real, əlavə, yoxlanıla və ölçülə bilən emissiyaların azaldılması və aradan qaldırılması vasitəsilə karbon bazarlarının şəffaflığını və dayanıqlılığını təmin edərək, qlobal iqlim investisiyalarına təkan vermək üçün böyük potensialı ortaya qoyacaq. Təxminən on il müddətində razılaşdırılması qeyri-mümkün olmuş bu məsələlər məhz Bakıdakı COP-da reallaşdı və bu da Azərbaycanın iqlim diplomatiyasının təntənəsi hesab edilməlidir. Bu qərarlar Paris Sazişinə uyğun şəkildə beynəlxalq karbon bazarlarının qurulmasına rəvac verməklə yanaşı, ölkələr arasında karbon kreditləşməsi mexanizmini tamamilə funksional hala gətirəcəkdir. Ölkələrarası karbon ticarətinə aid maddə 6.2 ilə bağlı COP29-da çıxarılmış qərar ölkələrin karbon ticarətinə necə icazə verəcəyi və bunu izləyən reyestrlərin necə işləyəcəyi ilə bağlı suallara aydınlıq gətirir, ətraf mühitin bütövlüyünün şəffaflığının texniki yoxlamalar vasitəsilə təmini məsələsini müəyyən edir.
Paris Sazişinin 6.4 maddəsi ilə bağlı COP29-un elə ilk günündə qəbul edilmiş qərarda isə BMT çərçivəsində mərkəzləşdirilmiş karbon bazarı üçün standartlar razılaşdırılmışdır. Paris Sazişinin Kreditləşmə Mexanizmi kimi tarixə düşmüş bu mexanizm inkişaf etməkdə olan ölkələr üçün yeni maliyyə axınlarının yaranmasına önəmli töhfə verəcək. Eyni zamanda qərardakı norma zəif inkişaf etmiş ölkələrin razılığı olmadan karbon ticarəti əməliyyatlarının həyata keçirilməsini qeyri-mümkün edir və onlara bu bazarda iştirak üçün əlavə təlim və səriştələrin artırılması üçün dəstək mexanizmini müəyyən edir.
Bakı Qlobal İqlim Şəffaflığı Platforması
COP29 şəffaf iqlim hesabatlılığı məsələsində də böyük irəliləyişə nail oldu. Belə ki, iqlim siyasəti və tədbirlərinin təkmilləşdirilməsi üçün daha etibarlı şəffaf əsaslandırma bazası yaradıldı ki, bu da iqlim maliyyələşməsi ehtiyaclarını və imkanlarını müəyyənləşdirməyə kömək edəcək. Bundan əlavə, Azərbaycanın ikiillik şəffaflıq hesabatlarını (BTR1) UNFCCC katibliyinə rəsmən təqdim edən ilk 13 dövlət sırasında yer almasının tarixi əhəmiyyəti var.
COP29-da şəffaflıq danışıqlarının bütün mərhələləri uğurla başa çatdı və bütün konvensiya tərəfləri 2024-cü ildə təşkil edilmiş Təkmilləşdirilmiş Şəffaflıq Sistemi (ETF) çərçivəsində hesabat sistemlərinin hazırlanmasının, texniki təlimlərin və inkişaf etməkdə olan ölkələrə ETF çərçivəsində hesabatlarla bağlı göstərilən dəstəyin vaxtında başa çatmasına görə öz təşəkkürlərini bildirdilər.
Bundan başqa, COP29-dan bir müddət əvvəl Azərbaycan hökumətinin təşəbbüsü ilə inkişaf etməkdə olan ölkələrə ikiillik şəffaflıq hesabatlarını (BTR) hazırlamaqda dəstək vermək məqsədilə Bakı Qlobal İqlim Şəffaflığı Platformasının (BTP) təsis edilməsi COP29 tərəflərinin, bütün iştirakçıların xüsusi rəğbətini qazandı. Bu platforma inkişaf etməkdə olan ölkələrə Paris Sazişi çərçivəsində şəffaflıq hesabatlarının hazırlanmasında və təqdim edilməsində dəstək göstərməyi hədəfləyir. Platforma qeyd olunan ölkələrin hesabatlılıq potensialını artırmaq üçün ardıcıl seminar və təlimlərin təşkilini ehtiva edir.
Eyni zamanda iqlim layihələrini dəstəkləmək və dayanıqlı enerji təşəbbüslərinə investisiyalar cəlb etmək üçün İqlim Maliyyəsi Fəaliyyət Fondunun yaradılması təşəbbüsü də xüsusi qeyd edilməlidir. Bu fondun əsas məqsədi “yaşıl maliyyə” alətlərinin tətbiqi və karbon emissiyalarının azaldılmasıdır.
COP29-un önəmli nəticələri
Nəhayət, COP29-un ən önəmli nəticələrindən biri də iqlim dəyişmələrinə adaptasiya (uyğunlaşma) ilə bağlı qəbul edilmiş bir sıra qərarlar oldu. Bunların sırasında ən az inkişaf etmiş ölkələrdə (LDCs) Milli Adaptasiya Planının (MAP) reallaşdırılması üçün dəstək proqramının yaradılması xüsusi qeyd edilməlidir.
Onu da qeyd edək ki, Milli Adaptasiya Planı məsələsinə dair Yüksək Səviyyəli Dialoq çərçivəsində iqlim dəyişmələrinə adaptasiya məsələsinin getdikcə artan aktuallığını nəzərdən keçirmək üçün ən az inkişaf etmiş ölkələrin və inkişaf etməkdə olan kiçik ada dövlətlərin nazirlərinin, maliyyə ekspertlərinin və beynəlxalq donorların iclasları COP29-da uğurla təşkil olundu. Bu müzakirələr innovativ maliyyələşdirməyə, texniki dəstək məsələlərinə və 2025-ci ildə MAP-ların təqdim edilməsinə nail olmaq üçün daha sürətli fəaliyyətlərin vacibliyinə həsr edilməklə bu barədə ölkələrə müvafiq çağırışla nəticələndi. Daha sonra adaptasiya üzrə Qlobal Məqsəd (GGA) məsələsi üzrə yekun sənəd qəbul olundu ki, burada göstəricilər (indikatorlar) üzrə iş proqramının COP30-a qədər yekunlaşdırılması üçün yol xəritəsi əks olunub. COP29-da həmçinin adaptasiya üzrə Bakı Yol Xəritəsi və BƏƏ Çərçivəsinin həyata keçirilməsini təmin etmək üçün adaptasiya üzrə Yüksək Səviyyəli Bakı Dialoqu uğurla təşkil edildi. Bu nəticə gələcəkdə transformasiya adaptasiyasını inkişaf etdirmək üçün yeni imkanlar açacaq.
COP29-da dünya liderləri ilə yanaşı, vətəndaş cəmiyyəti institutlarının, biznes, gənclər, xeyriyyə qurumlarının və beynəlxalq təşkilatların fəal iştirakını xüsusi qeyd etmək lazımdır. COP29-da qəbul edilmiş qərarlarda iqlim dəyişmələri ilə mübarizə tədbirlərində iştirak etmək üçün bütün maraqlı tərəflərin hüquq və imkanlarının genişləndirilməsinin, xüsusən İqlim Hüquqları və İmkanlarının Genişləndirilməsi Tədbirləri (ACE) çərçivəsində bunun edilməsinin son dərəcə vacib olduğu bir daha vurğulandı. Həmin qərarlarda tərəflər ACE elementlərinin ölkələrin 2025-ci ildə təqdim etməli olduqları Milli Səviyyədə Müəyyən Olunmuş Töhfələr (NDC) sənədlərinə, habelə milli iqlim siyasətləri, planları və strategiyalarına inteqrasiyasının vacibliyini də ifadə etdilər.
COP29-da iştirak edən inkişaf etmiş ölkələr maliyyə yardımlarını artırmağa və inkişaf etməkdə olan dövlətlərin iqlim dəyişmələrinə adaptasiyasını dəstəkləməyə söz verdilər. Bu iqlim maliyyəsinin “xeyriyyəçilik”dən çox strateji investisiya kimi qəbul olunması Azərbaycan tərəfindən aparılmış müvafiq təşviqat nəticəsində baş vermişdir. Bununla yanaşı, COP29-da bir çox ölkə öz milli iqlim planlarını yeniləməklə emissiya azaldılması üzrə daha cəsarətli hədəflər irəli sürdü. Məsələn, Braziliya və Böyük Britaniya kimi ölkələr növbəti onillikdə daha ambisiyalı hədəflər elan etdilər. Bundan əlavə, COP29 digər qlobal forumlardan fərqli olaraq, gənclərin rəhbərliyi altında keçirilən İqlim Forumunda uşaqların əhəmiyyətli dərəcədə iştirakını təmin etmək üçün ilk dəfə olaraq xüsusi məkanlar yaratmaqla yadda qaldı. Belə ki, COP29-da dörd uşaq, o cümlədən ən kiçiyinin cəmi 10 yaşı olmaqla, moderator və məruzəçi funksiyalarını öz üzərinə götürərək birbaşa tərəflərlə və müşahidəçi təşkilatlarla əlaqə saxladılar və danışıqlar prosesində “iştirak” etdilər. Onların iştirakı iqlim dəyişmələri ilə mübarizə tədbirlərinin stimullaşdırılmasında inklüzivliyin və nəsillər arasında varisliyin, əməkdaşlığın vacibliyini vurğulamış oldu.
Effektiv platforma
Rəsmi danışıqlarla paralel olaraq, COP29-da ilk dəfə yaradılmış Qlobal İqlim Hərəkatı məkanı hökumətlərə, müəssisələrə və vətəndaş cəmiyyətinə əməkdaşlıq və real iqlim həllərini nümayiş etdirmək üçün effektiv platforma rolunu oynadı. Eyni zamanda COP29 zamanı İqlim Dəyişmələri ilə Mübarizə üzrə Qlobal Fəaliyyət barədə Mərakeş Tərəfdaşlığı çərçivəsində Yüksək Səviyyəli Çempionlar tərəfindən 2024-cü il üçün Qlobal İqlim Tədbirləri üçün İllik Gündəlik adlı sənəd iştirakçılar və tərəflər arasında yayıldı. Azərbaycan Respublikası COP29 sədrliyi vasitəsilə konfrans çərçivəsində iqlim dəyişmələri ilə mübarizədə və dayanıqlı inkişaf hədəflərinin reallaşdırılmasında bir sıra əhəmiyyətli təşəbbüslərlə çıxış etdi və bütün ölkələri bu sənədlərə qoşulmağa dəvət etdi. Hazırda ölkələrin bu sənədlərə qoşulma prosesi davam edir. Bunlar tərəfdaşlıq, bəyannamə, öhdəlik və çağırış formasında olmaqla aşağıdakı 14 sənəddən ibarətdir:
İqlim Maliyyəsi Fəaliyyəti Fondu (CFAF) (Tərəfdaşlıq); İqlim Maliyyəsi, İnvestisiya və Ticarət üzrə Bakı Təşəbbüsü (BICFIT) – (Tərəfdaşlıq); “Yaşıl Enerji” Zonaları və Dəhlizləri (Öhdəlik); Enerji Saxlama və Şəbəkələr (Öhdəlik); Hidrogen Fəaliyyəti (Bəyannamə); COP-un Atəşkəs Çağırışı (Çağırış); “Yaşıl Rəqəmsal” Fəaliyyət (Bəyannamə); İqlim Dayanıqlılığı üçün İnsan İnkişafı üzrə Bakı Təşəbbüsü (Tərəfdaşlıq); Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsü (Tərəfdaşlıq); Üzvi Tullantılardan Metanın Azaldılması (Bəyannamə); Dayanıqlı və Sağlam Şəhərlər üçün Çox-sektoral Fəaliyyət Yolları (MAP) (Bəyannamə); Turizmdə Təkmilləşdirilmiş İqlim Fəaliyyəti (Bəyannamə); İqlim Fəaliyyəti üçün Su (Bəyannamə); Bakı Qlobal İqlim Şəffaflığı Platforması (BTP) (Tərəfdaşlıq).
COP29 zamanı Azərbaycan bərpaolunan enerji layihələrinin artırılması, Xəzər regionunda “yaşıl enerji” dəhlizlərinin yaradılması və karbon neytrallığına doğru irəliləyişlə bağlı planlarını açıqlayıb. Bu təşəbbüslər ölkənin enerji təhlükəsizliyini artırmaq və qlobal iqlim məqsədlərinə töhfə vermək baxımından əhəmiyyətlidir. Orta dəhlizin “yaşıl ticarət” yolu kimi inkişaf etdirilməsi də Azərbaycanın təqdim etdiyi maraqlı təşəbbüslərdən biridir. Bu layihə enerji effektivliyinin artırılması və ekoloji təmiz nəqliyyat həllərinin tətbiqi ilə regionda iqtisadi və ekoloji davamlılığın yaradılmasını hədəfləyir. Bu təşəbbüslər Azərbaycanın beynəlxalq səviyyədə iqlim liderliyini nümayiş etdirir və iqlim dəyişiklikləri ilə mübarizədə qlobal əməkdaşlığa töhfə verir.
Bununla yanaşı, Azərbaycan, ABŞ və Çin metan emissiyalarının azaldılmasına dair yeni təşəbbüsləri dəstəkləyən COP29 deklarasiyası təqdim edildi. Bu təşəbbüs tullantılardan yaranan metan qazının azaldılmasına və 2030-cu ilədək konkret hədəflərə nail olunmasına yönəlmişdir.
Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammitində 80 dövlət və hökumət başçısı və vitse-prezidentlər Paris Sazişinin irəlilədilməsini və iqlim tədbirlərinə öhdəlik götürmələrini açıqlayaraq, mitiqasiya və adaptasiya üzrə ambisiyanı artırmaq zərurətini vurğulayıblar. Bununla yanaşı, Çoxtərəfli İnkişaf Bankları (MDB-lər) 2030-cu ilə qədər iqlim tədbirlərinə illik 170 milyard ABŞ dolları töhfə verməyi, bunun 120 milyard ABŞ dollarının aşağı və orta gəlirli ölkələrə yönəldiləcəyini açıqladılar.
ABŞ, Çin, Aİ, BƏƏ, Böyük Britaniya, Braziliya, Kanada və Nigeriya daxil olmaqla, ölkələrin bir araya gələrək orqanik tullantılardan metanın azaldılmasına yönəlmiş siyasət qəbul etdiklərini açıqlamaları, konfrans boyunca inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) iştirakının təmin olunması, onlara iqlim maliyyəsinə əlçatanlıq kimi əsas prioritet və narahatlıqlarını bildirmək üçün şərait yaradılması xüsusi diqqət çəkdi. Biznes İnvestisiyaları və Xeyriyyəçilik İqlimi Platformasında (BIPCP) 70-dən çox ölkədən 1000-dən çox özəl və xeyriyyəçi liderlərin bir araya gətirilməsi, orada 10 trilyon dollardan çox aktivi olan investor qruplarının iqlim bazarlarına özəl kapital yerləşdirmək üçün birləşməsi çox vacib olan məqamlardır. Eyni zamanda qeyd etmək yerinə düşər ki, Maliyyə, İnvestisiya və Ticarət Günündə iqlimin maliyyələşdirilməsi layihə və təşəbbüslərinə verilən vədlər 7,3 milyard ABŞ dolları təşkil edib. Ən böyük dəstək Asiya İnkişaf Bankından (3,5 milyard ABŞ dolları), Azərbaycanın bank sektorundan (1,2 milyard ABŞ dolları), İsveç (760 milyon ABŞ dolları) və Kanadadan (Kanada hökumətindən 1,5 milyard ABŞ dolları və xeyriyyəçilikdən 290 milyon ABŞ dolları) olub. Bu vəsaitlər buzlaqların, “yaşıl taksonomiya”ların və iqlim fəaliyyətinin təsirlərinə qarşı mübarizəyə investisiyalardır. 25 ölkə və Avropa İttifaqı öz enerji sistemlərində yeni açıq kömürün istifadəsini tamamilə dayandırmaqla bağlı milli iqlim planlarını təqdimetmə niyyətlərini açıqladılar və digərlərini də bu addımı atmağa çağırdılar.
Azərbaycana qarşı böhtan və qarayaxma kampaniyası iflasa uğradı
COP29 ərəfəsində və tədbir zamanı Azərbaycanın uğurlarına kölgə salmağa yönəlmiş böhtan kampaniyaları uğursuzluğa düçar oldu. Bu kampaniyalarla ölkəmizin beynəlxalq nüfuzunu sarsıtmağa, onun daxili və xarici siyasətinə dair faktları təhrif etməyə, qlobal səviyyədə nüfuzuna xələl gətirməyə çalışılırdı. Bəzi Qərb dövlətləri, Fransa, Almaniya, Niderland, Lüksemburq, Belçika, o cümlədən Avropa Parlamenti, Lüksemburq Deputatlar Palatası, Belçika Parlamenti bu məkrli kampaniyada konfransı absurd ittihamlarla siyasiləşdirmək məqsədi güdürdülər. Antiazərbaycançı qüvvələr, Qərb ölkələri tərəfindən maliyyələşdirilən lobbiçilər və qurumlar öz ölkələrinin iqlim öhdəliklərini yerinə yetirmədikləri halda, inkişaf etməkdə olan ölkələrə maliyyə dəstəyini təmin etmək əvəzinə COP29 sədrliyini ittiham etməyə cəhd göstərdilər.
Amma onların niyyətləri baş tutmadı və Azərbaycan davamlı inkişaf prinsipləri üzrə öhdəliklərə nail olmaq gücünü qlobal təşəbbüslərdə fəal liderliyi ilə nümayiş etdirdi. “Yaşıl dünya naminə həmrəylik” şüarını rəhbər tutan Azərbaycan bitərəf vasitəçi kimi çıxış edərək danışıqların qərəzsiz aparılması üçün bütün imkanları yaratdı. Bütün proses boyu ölkəmiz inkişaf etməkdə olan ölkələrin, xüsusilə kiçik ada dövlətlərinin və ən az inkişaf etmiş dövlətlərin ehtiyaclarını nəzərə alan nəticənin alınmasına çağırış etdi. Çünki onlar iqlim dəyişmələrinin ağır yükünü daşıyırlar və ekzistensial təhlükə ilə üzləşirlər. Ölkəmiz, həmçinin müstəmləkə idarəçiliyi ilə daha da ağırlaşan ekoloji problemlərdən əziyyət çəkən xalqlar və regionlar ilə həmrəylik nümayiş etdirdi. Azərbaycan inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpülərin qurulması üçün səylərini əsirgəmədi və bunun nəticəsində dünya tarixi Bakı nailiyyətinə şahid oldu. Prezident İlham Əliyevin dediyi kimi, “Bizə heç kim heç nəyi diktə edə bilməz, biz nəyi nə zaman, necə icra etməyi özümüz yaxşı bilirik”.
Azərbaycanın beynəlxalq arenadakı güclü nüfuzu həm də ölkəmizə qarşı haqsız ittihamlar, dezinformasiyalar yayan qurumlara layiqli və yerində cavab verməsindən irəli gəlir. COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin sammitində Qlobal Cənubdan olan dövlət başçıları onların maraqlarını ifadə edən, Qərbin riyakarlığını ifşa edən Lideri – Prezident İlham Əliyevi sürəkli alqışladılar.
Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək: “Mən Bakı nailiyyətini çoxtərəfliliyin təntənəsi kimi qiymətləndirirəm. COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir və mən inanıram ki, bu irs gələcək qlobal iqlim fəaliyyətinə müsbət təsir göstərəcək”.