27 İyul 2024

İki dost ölkə beynəlxalq müstəvidə də bir-birini qarşılıqlı dəstəkləyir

Azərbaycanla Qazaxıstan strateji tərəfdaş olan ölkələrdir. Bu ölkələr beynəlxalq arenada birgə fəaliyyət göstərir və əməkdaşlıq edirlər. Son illərdə Azərbaycan ilə Qazaxıstan arasında daha açıq və hərtərəfli xarakter kəsb edən münasibətlər uğurla inkişaf etməkdədir. Bu illər ərzində siyasi, ticari-iqtisadi, mədəni-humanitar əməkdaşlıq da fəallaşıb. Aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasına səfərə gedib. Səfər çərçivəsində Astananın mərkəzində Heydər Əliyevin adını daşıyacaq küçənin birgə açılışını olub. Əlbəttə, bu Ulu Öndər Heydər Əliyevin xatirəsinə, həm də bütün Azərbaycan xalqına hörmətin, dostluğun, qardaşlığın təzahürüdür.

Səfər çərçivəsində prezident İlham Əliyev bildirib ki, Qazaxıstan Prezidentinin işğaldan azad edilmiş Füzuli şəhərində qazax xalqının böyük oğlu Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin yaradılması təşəbbüsü iki xalq arasında dostluğun rəmzidir. Bu, Mərkəz Qazaxıstanın Azərbaycana hədiyyəsidir, Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq. Həmçinin cənab Prezident qeyd etdi ki, keçən ilin avqust ayında Qazaxıstan Prezidentinin Azərbaycana rəsmi səfəri zamanı Müttəfiqlik qarşılıqlı əlaqələrinin və strateji tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi haqqında Bəyannamə imzalandı. Cari ilin 10 aprel tarixində imzalanmış bu Bəyannamə də əlaqələrin və müttəfiqlik münasibətlərinin möhkəmlənməsinə yönəlib. Bunun əsasını ölkələrimizin qardaş xalqları arasında çoxəsrlik tarixə malik olan qarşılıqlı əlaqələr, dostluq və əməkdaşlıq təşkil edir.

İki dost ölkə beynəlxalq müstəvidə də bir-birini qarşılıqlı dəstəkləyir. Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində fəal qarşılıqlı əlaqə saxlayır, bütün məsələlərə dair xüsusən ölkələrimizdən birinin üzv olduğu təşkilatlarda bir-birimizi dəstəkləyir. Bu, uzun illər boyu bizim münasibətlərin səmimi xarakterini nümayiş etdirir.

Emilya Rəhimova

Ağstafa rayon Mərkəzi Kitabxana Sisteminin əməkdaşı