08 Dekabr 2024

Müdrik alim, qayğıkeş ana Akademik Zərifə Əliyevanın xatirəsi sonsuz məhəbbətlə yad edilir

Zərifə xanım Əliyeva bənzərsiz, işıqlı bir ömür yaşayıb. Bu işıqdan hamıya pay çatırdı: ailəsinə, əhatəsində olan hər kəsə, gözünün nurunu itirmiş insanlara…

O, 62 il ömür sürüb. Bu qısa ömür yolu parlaq səhifələrlə zəngindir. Azərbaycan tibb elmində silinməz iz qoymuş akademik Zərifə xanım Əliyevanı xatırlayanda həm də göz önündə mənəvi kamilliyin uca zirvəsinə yüksəlmiş görkəmli elm fədaisinin nurlu çöhrəsi canlanır. Onun simasında nəcib Azərbaycan qadını, vəfalı ömür-gün yoldaşı, fədakar ana obrazı görürük. Yüksək intellekt və mədəniyyət, dərin bilik, insanpərvərlik, Vətənə məhəbbət və xeyirxahlıq kimi keyfiyyətlər Zərifə xanımın portretini tamamlayan əsas cizgilərdir.

Zərifə xanım həyatı daim mübarizələrdə keçən Heydər Əliyevlə çiyin-çiyinə addımlayır, çətin günlərdə ona arxa-dayaq olurdu. Bu ağır yükü kövrək çiyinlərində böyük mətanət və fədakarlıqla daşıyırdı. Eyni zamanda, övladlarını vətənin layiqli övladları kimi, öz nəslinin yüksək mənəvi dəyərlərinin varisi kimi yetişdirirdi. Üstəgəl gərgin iş və elmi fəaliyyət.

Sıravi həkimlikdən akademikliyə qədər yüksəlmiş Zərifə xanım oftalmologiya elminin inkişafına dəyərli töhfələr verib. Onun daha bir xidməti yüksəkixtisaslı kadrlar yetişdirməsidir. Akademik Zərifə xanım Əliyeva zəngin irs qoyub, öz tədqiqatları, fundamental əsərləri ilə Azərbaycan tibb elmini əhəmiyyətli dərəcədə irəli aparıb.

O, insan kimi ətrafdakılara nümunə idi. O, qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı, işini mükəmməl bilən həkim idi. O, nursuz gözlərə işıq paylayan, Günəşin, Ayın hüsnünə, təbiətin çoxçalarlı rənglərinə, füsunkar gözəlliyinə həsrət qalan insanlara həyat eşqini qaytaran idi. O, Ümummilli lider Heydər Əliyevin həyat yoldaşı idi. Onun əziz xatirəsi sonsuz məhəbbətlə yad edilir.

Zərifə Əliyevanın ömür yolu zəngin elmi fəaliyyət, qazanılan uğurlarla zəngindir. Zərifə xanıma həmkarlarının, yetirmələrinin, xəstələrinin hörmət və məhəbbətini qazandıran onun həkim fədakarlığı, yüksək vətəndaşlıq mövqeyi, səmimiyyəti, insanlara qayğısı idi. Son dərəcə xeyirxah insan olan Zərifə xanım Əliyeva yaşamaqdan, işləməkdən xüsusi zövq alırdı, nikbin insan idi, ətrafında xeyirxahlıq və etimad abı-havası yaratmaq üçün çox çalışırdı. Bu parlaq şəxsiyyət xeyrin təntənəsi, xalqın xoşbəxtliyi üçün əlindən gələni edirdi.

Azərbaycan Respublikasının Əməkdar elm xadimi, tibb elmləri doktoru, Azərbaycan Elmlər Akademiyasının akademiki Zərifə Əliyeva oftalmologiya elminin inkişafına böyük töhfə verib.

Hörmət və ehtiramla anırıq!

Ləman Cəlilova

Ağstafa rayon Heydər Əliyev Mərkəzinin direktoru