Azərbaycan çoxtərəfliliyin tərəfdarıdır
Azərbaycan növbəti dəfə dünyanın diqqətini özünə yönəldib. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ölkəmizdə keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun təqdimatında əhəmiyyətli rol oynayır. Cənab İlham Əliyev COP29-un Liderlər Sammitində belə mötəbər tədbirin Azərbaycanda keçirilıməsi barədə qərarın qəbulunu ölkəmizə olan hörmətin əlaməti, beynəlxalq arenada oynadığımız fəal rolun dəyərləndirilməsi kimi qeyd etdi.
Reallıq budur ki, Azərbaycan beynəlxalq aləmdə iqtisadi, siyasi, humanitar, diplomatik mərkəz kimi tanınır və nüfuz qazanır. Ölkəmizin sabitləşdirici və birləşdirici aktora çevrilməsi beynəlxalq tədbirlərə ev sahibliyində öz sözünü deyir. Azərbaycan Şimal ilə Cənub, Qərb ilə Şərqin qovuşduğu ölkədir. Dövlətimizin başçısı İlham Əliyev Liderlər Sammitində bu məqamı xüsusi qeyd edərək onu da əlavə etdi ki, bu, təkcə coğrafiya ilə bağlı deyil. Biz müxtəlif beynəlxalq iştirakçılar arasında siyasi, mədəni, enerji, ticari və nəqliyyat körpülərini sala bilərik. Azərbaycanın başladığı meqalayihələr artıq Avrasiyanın enerji və daşımalar yollarını dəyişib və məhsuldar, çoxtərəfli əməkdaşlıq formatının qurulması ilə nəticələnib.
Bu gün Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələrinin coğrafiyasına diqqət yetirmək kifayətdir. Regional çərçivədə qurulan əməkdaşlıq sonrakı illərdə beynəlxalq miqyas aldı. Azərbaycan daim əməkdaşlığa, birliyə, həmrəyliyə çağırışları ilə diqqətdədir. Qlobal problemlərin həllində birgə səylərin göstərilməsinə edilən çağırışlar bütün dövrlərdə öz aktuallığını qoruyur. Ölkəmizin dünyanın enerji təhlükəsizliyinin təmin edilməsinə, iqlim dəyişmələrinin yaratdığı problemlərin həllinə verdiyi töhfələr göz qabağındadır. Həyata keçirdiyi enerji və nəqliyyat layihələri ilə beynəlxalq münasibətlər sistemində yerini daha da möhkəmləndirir. Ümumilikdə Azərbaycan çoxtərəfliliyin tərəfdarıdır. Liderlər Sammitində bunu əsaslı şəkildə diqqətə çatdıran cənab İlham Əliyev bildirdi ki, Azərbaycan 120 ölkənin yekdil qərarı ilə dörd il ərzində, BMT-dən sonra ikinci beynəlxalq qurum olan Qoşulmama Hərəkatına uğurla sədrlik etdi. Azərbaycan, həmçinin təxminən 60 ölkəni birləşdirən İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüdür. Avropa İttifaqının 10 üzvü ilə sazişlər imzalayıb və Strateji tərəfdaşlıq haqqında bəyannamələr qəbul edib. Bütün bunlar belə düşünməyə imkan verir ki, biz iqlim dəyişmələri məsələsində fərqli mühüm iştirakçılar arasında körpülərin salınmasında çox faydalı və yardımçı ola bilərik. Eyni zamanda, biz mədəniyyətlərarası dialoqda fəal rol oynayırıq.
Ölkəmiz BMT-nin Sivilizasiyalar Alyansı ilə birlikdə iki ildən bir Bakıda Mədəniyyətlərarası Forum təşkil edir. Multikulturalizm dövlət siyasətimizdir və həyat tərzimizdir. Azərbaycan xalqı etnik və dini mənsubiyyətindən asılı olmayaraq sülh və razılıq şəraitində bir ailə kimi yaşayır.
COP29 bir daha Azərbaycanın xarici siyasət uğurlarının təqdimatı oldu. Ölkəmizin ədalətə və beynəlxalq hüquqa söykənən siyasətinə dəstək həm Liderlər Sammitində, həm də inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitində səsləndirilən fikirlərdə özünün aydın ifadəsini tapdı. Prezident İlham Əliyev inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitindəki çıxışında qeyd etdi ki, Azərbaycan COP29-a ev sahibi olduqdan sonra inkişaf edən kiçik ada dövlətləri ilə münasibətlərimiz yeni, daha yüksək səviyyəyə qalxıb. Kiçik ada dövlətlərinin səsi qlobal arenada eşidilməlidir. Dövlətimizin başçısı inkişaf etmiş bütün ölkələrə, xüsusən də müstəmləkə keçmişi olan ölkələrə müraciət edərək bildirdi ki, kiçik ada dövlətlərinə maddi və texniki dəstək göstərsinlər ki, onlar ölkələrini iqlim dəyişmələrinin fəsadlarından qoruya bilsinlər. İqlim dəyişmələri hər bir ölkəyə, o cümlədən Azərbaycana təsir göstərir. Xəzər dənizi ilbəil daha da dayazlaşır. Çaylarımızda daha az su, dağlarımızda daha az qar var. Keçmişdə heç vaxt görmədiyimiz daşqınlar və kəskin yağışlar bu gün reallıqdır. Hər bir ölkə təsirə məruz qalır, lakin kiçik ada dövlətləri üçün bu ekzistensial təhlükədir. Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir.
Cənab İlham Əliyevin çıxışları hər zaman mühüm çağırışlarla, mesajlarla zəngin olur. İstər Liderlər Sammiti, istərsə də inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammiti bu baxımdan da diqqətdə oldu. Belə ki, Liderlər Sammitində “Əfsuslar olsun ki, ikili standartlar, digər ölkələrə dərslər vermək adəti və siyasi riyakarlıq bəzi qərb ölkələrindəki bir sıra siyasətçilər, dövlət nəzarətində olan QHT-lər, yalan xəbər mediası üçün fəaliyyət metoduna çevrilib” mesajını ünvanlayan dövlətimizin başçısı İlham Əliyev inkişaf etməkdə olan kiçik ada dövlətlərinmin Sammitində bu çağırışı etdi: “Əgər Avropanın əsas diplomatı Cozep Borrell Avropanı bağ, dünyanın qalan hissəsini isə cəngəllik adlandırırsa, onda Avropa Parlamenti ilə Avropa Şurası Parlament Assambleyasından daha nə gözləmək olar?! Əgər biz cəngəllikiksə, onda bizdən kənar durun və işlərimizə qarışmayın. Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi kiçik ada dövlətlərinə dəstək verib, COP29-un sədri kimi onları dəstəkləyəcək və gələcəkdə dostlarımızı dəstəkləməkdə davam edəcək”.
Etibar Hacıyev
YAP Ağstafa rayon təşkilatının sədri